PDF Oxu

Siyasət

  • 1 437

Şuşa - zəfərin tacı, Azərbaycanın qürur qalasıdır

image

8 Noyabr təkcə təqvim günü deyil, həm də xalqımızın əzminin, birliyinin və qəhrəmanlığının zirvəsi, Zəfərin rəmzidir. 44 günlük Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri də 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərini düşmən tapdağından azad edib və şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Şuşa – Qarabağın ürəyi, muğamın beşiyi, Azərbaycan mədəniyyətinin fəxarət məbədidir. Bu şəhərin hər daşı, hər bağı, hər bulağı tarixin, sənətin, musiqinin və azadlığın nəfəsi ilə yoğrulub. Burada Üzeyir bəyin musiqisi, Natəvanın şeirləri, Bülbülün səsi hələ də küləklə birgə səslənir. İndi bu səslər azad səmanın altında, üçrəngli bayrağımızın kölgəsində yenidən dirçəlir.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Ermənistan tərəfindən hərbiçilərimizə doğru “İsgəndər” ballistik raketlərinin atılmasına baxmayaraq, Müzəffər Ordumuz tezliklə erməni qoşunlarını məhv edərək Şuşa şəhərini düşməndən azad ediblər.

XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən dağlıq ərazidə, sıldırım qayalar üzərində salınmış Şuşa şəhəri Qarabağ xanlığının siyasi paytaxtı olmaqla yanaşı, tarix boyu Azərbaycan mədəniyyətinin ən görkəmli simalarını yetişdirmişdir. “Qafqazın konservatoriyası” adlandırılan bu gözəl diyardan Bülbül, Seyid Şuşinski, Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və digər görkəmli sənətkarlar çıxmışdır.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb. Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti
nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb.

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada yerli və beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirilib. İşğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri çərçivəsində Şuşa şəhərində də böyük layihələr reallaşdırlır: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci ildən etibarən hər il Şuşa şəhərinin Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxsi yaradılıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib.

Son beş il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olub, təməlqoyma və açılış mərasimlərində iştirak ediblər. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir.

Şuşa işğaldan azad olunandan sonra ilk dəfə qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oraya rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı.

2023-cü ilin avqust ayında Şuşa şəhərinə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Saatlı məscidində olub, Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər və xanımları Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.

2023-c-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunmuşdur.

Şuşa şəhərinə növbəti səfərdə dövlət başçısı və birinci xanım 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri və “Qızlar Gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlər ilə tanış olublar. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qala divarına və ətraf əraziyə baxıb, Heydər Əliyev Fondu tərəfindən Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda aparılacaq bərpa və yenidənqurma layihələri ilə tanış olub, “Yasəmən” hotelinin açılışında iştirak ediblər. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin nümunəsidir.

Hazırda Şuşada həyat canlanmaqdadır və keçmiş məcburi köçkünlərin bir qismi öz dogma yurduna qayıdıb və bu proses davam edir.

Şuşa şəhəri günü milli iftixarın və dirçəlişin təntənəsidir. Bu gün hər bir azərbaycanlı canını Vətən torpağı uğrunda sipər edən qəhrəman oğullarımızın qarşısında baş əyir, bütün şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anır, qazilərimizə sonsuz minnətdarlığını bildirir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Moskva pr. 67” (ADSEA) ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər