Dövlət başçısı İlham Əliyev bu günlərdə Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi. Cənab İlham Əliyevin hər bir çıxışı, keçirilən görüşlərdə səsləndirdiyi çağırışlar Azərbaycanın dünəninə baxış əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin təqdimatıdir. Prezident İlham Əliyev regionların inkişafından geniş bəhs edərək yeni təyin edilən rayon rəhbərlərinə tapşırıqlarını və tövsiyyələrini çatdırdı. Bildirdi ki, əlbəttə, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Cənab İlham Əliyev “Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar” söyləyərək bu reallığı da diqqətə çatdırdı ki, Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq: “Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir”.
Dövlət başçısı İlham Əliyev bu çağırışı da etdi ki, əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb: “Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər”.
Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsaslı tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir. Bu gün dövlətimizin başçısının kadr islahatları məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamına xidmət edir. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. İslahatlar ölkəmizi daha da gücləndirir və gələcək dayanıqlı inkişafını şərtləndirir. Tərəqqi islahatlarsız mümkün deyil. Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təkmil islahatlar öz müsbət nəticəsini verir. Bu islahatlar dövlətimizin daha da gücləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına hesablanır. Həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq aləmdə iqtisadi möcüzələr, sosial dövlət kimi yerini və rolunu möhkəmləndirir. İslahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri