Kəlbəcər təkcə təbiəti, relyefi, səfalı yaylaqları və zəngin mineral suları ilə seçilən diyar deyil, həm də Azərbaycanın ən qədim yaşayış məkanlarından biri, türk sivilizasiyasının və Qafqaz tarixinin beşiklərindən biridir. Kəlbəcərin adı, mənşəyi, yarandığı coğrafiya və arxeoloji qatları bu torpağın 30 min ildən çox yaşı olan maddi-mədəni ənənələrin üzərində formalaşdığını göstərir.
1930-cu ildən rayon statusu verilən Kəlbəcər işğala qədər 53 mindən çox əhalisi, 145 kəndi və geniş inzibati ərazi vahidləri ilə Azərbaycanın ən böyük dağ rayonlarından biri idi. 1993-cü ilin aprel ayında isə rayonun işğalı bölgənin tarixində ən faciəli mərhələyə çevrildi. Yüzlərlə dinc sakin qətlə yetirildi, yüzlərlə insan itkin düşdü və ya əsir alındı, mədəniyyət ocaqları, məktəblər və yaşayış evləri dağıdıldı, əhali isə ölkənin 56 rayonuna səpələnməyə məcbur oldu.
Kəlbəcərin işğalına dair BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsindən irəli gələn tələblərə əsasən dərhal azad edilməli olan Kəlbəcər illərlə beynəlxalq biganəlik ucbatından erməni işğalında qaldı. 1999-cu ildən sonra Ermənistanın Kəlbəcərdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşdırma siyasəti isə həm Cenevrə Konvensiyalarının, həm də bütün beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Məqsəd demoqrafiyanı süni şəkildə dəyişmək və bölgəni etnik mühəndisliyə məruz qoymaqla gələcək siyasi danışıqlarda üstünlük əldə etmək idi ki, bu da beynəlxalq hüquqla açıq ziddiyyət təşkil edirdi.
Lakin 2020-ci ilin Vətən müharibəsində qazandığımız tarixi Zəfər Kəlbəcərin də işğaldan azad edilməsi ilə nəticələndi. Döyüşsüz azad edilən Kəlbəcər şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyətinin təntənəsi idi. Müharibənin ilk günlərində şimal istiqamətində aparılan əməliyyatlar strateji yüksəkliklərin ələ keçirilməsi ilə Ermənistanın Basarkeçər–Kəlbəcər yoluna çıxışını məhdudlaşdırdı və ordunun hərəkət imkanlarını iflic etdi. Nəticədə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanata əsasən Kəlbəcər 25 noyabrda Azərbaycana təhvil verildi, 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri azad olundu.
Kəlbəcərin boşaldılması zamanı ermənilərin evləri yandırması, meşələri məhv etməsi və infrastrukturun dağıdılması işğalçı siyasətin mahiyyətini göstərdi və beynəlxalq hüquq baxımından hərbi cinayət kimi qiymətləndirildi. Rayonun azadlığa qovuşmasından dərhal sonra Azərbaycan dövləti burada bərpa işlərinə başladı. Eyni zamanda, 26 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu və 9455 hərbi qulluqçu bu medalla təltif edildi. Bu həm qəhrəmanlara ehtiram, həm də azadlığın tarixi əhəmiyyətinin vurğulanması idi. 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi bölgənin yeni həyatının başlanğıcını rəsmiləşdirdi.
Kəlbəcərin işğaldan azad olunmasından sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu rayona etdiyi davamlı səfərlər bölgəni sistemli şəkildə bərpa və inkişaf etdirmə strategiyasının ardıcıl mərhələlərini əks etdirir. 2021-ci ildən başlayaraq həyata keçirilən tunel, avtomobil yolu, su elektrik stansiyaları, yarımstansiyalar kimi iri infrastruktur layihələri, şəhərin Baş planının təsdiqi, yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların, inzibati binaların təməlinin qoyulması Kəlbəcərin müasir şəhər modelinə uyğun şəkildə yenidən qurulduğunu göstərir. Hər bir səfər enerji təminatı, nəqliyyat-logistika bağlantıları, sosial xidmətlər və iqtisadi potensialın, xüsusən də “İstisu” kimi təbii sərvətlərin işə salınmasına yönəlmiş ardıcıl addımlarla yadda qalıb.
2025-ci ilə gəldikdə isə Kəlbəcər artıq yaşayış kompleksləri, ictimai infrastrukturu, turizm və istehsal müəssisələri, eləcə də yaşıl enerji şəbəkəsi ilə tam şəkildə dirçələn rayon obrazına çevrilib.
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri