PDF Oxu

Siyasət

  • 957

Quruculuq, qətiyyət və strateji baxış: Prezident İlham Əliyev dövrü

image

Tarixin ən çətin dönəmlərində taleyin sükanı elə şəxsiyyətlərin əlinə keçir ki, onların adı sadəcə bir dövrü deyil, bütöv bir dövlətçilik fəlsəfəsini ifadə edir. Prezident İlham Əliyev məhz bu miqyasda düşünən, zamanın axarını oxuyan və onu milli maraqlar istiqamətində yönəldə bilən nadir liderlərdəndir. Onun siyasi siması təkcə vəzifənin verdiyi səlahiyyətlərlə yox, dərin intellekt, möhkəm siyasi iradə və strateq təfəkkürün harmoniyası ilə formalaşıb. Bu liderlik obrazında soyuq hesabla emosional məsuliyyət, tarixi yaddaşla gələcək vizyon bir-birini tamamlayaraq müasir Azərbaycan dövlətçiliyinin bünövrəsini təşkil edir.

Cənab İlham Əliyev siyasət nəhəngi kimi daxili və xarici prosesləri eyni anda idarə etməyi bacaran, qərarlarının nəticələrini illər öncədən hesablaya bilən liderdir. Onun siyasətində təsadüfi addımlar, ani populizm və ya emosional qərarlar yoxdur. Burada əsas xətt milli maraqlara söykənən, ardıcıl və sistemli dövlət siyasətidir. Prezident İlham Əliyev üçün siyasət şəxsi ambisiya meydanı deyil, dövlətin gücünü və xalqın rifahını təmin edən ali mexanizmdir. Bu yanaşma onu regionun adi siyasi fiqurlarından ayıraraq sözün həqiqi mənasında strateq lider səviyyəsinə yüksəldir.

Strateq kimi Cənab İlham Əliyevin düşüncə üfüqləri xüsusilə xarici siyasətdə özünü aydın şəkildə göstərir. Onun xarici siyasəti bir-birini tamamlayan və məntiqi ardıcıllıqla inkişaf edən bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ dövlət müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanıdılması mərhələsi idi. Bu dövrdə Prezident İlham Əliyev balanslaşdırılmış siyasət yürüdərək Azərbaycanın heç bir güc mərkəzindən asılı olmayan, müstəqil qərar verən dövlət kimi mövqeyini möhkəmləndirdi. Diplomatiyada etimad qazanan bu xətt ölkənin səsini beynəlxalq platformalarda eşidilən etdi.

İkinci mərhələ regional liderliyin formalaşdırılması və geosiyasi çəkisinin artırılması mərhələsi kimi xarakterizə oluna bilər. Cənab İlham Əliyev bu mərhələdə Azərbaycan Respublikasını enerji, nəqliyyat və logistika sahələrində regionun açar dövlətinə çevirdi. Strateq liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan təkcə resurs ixrac edən ölkə yox, qlobal layihələrin təşəbbüskarı və icraçısı kimi çıxış etməyə başladı. Bu mərhələdə xarici siyasət artıq müdafiə xarakteri daşımır, aktiv və təşəbbüskar mövqeyə keçirdi.

Üçüncü mərhələ isə milli maraqların qətiyyətlə təmin olunması və dövlət suverenliyinin tam bərpası mərhələsi kimi səciyyələnir. Prezident İlham Əliyevin bu mərhələdə nümayiş etdirdiyi siyasi iradə və strateji dəqiqlik onun liderliyinin zirvəsi kimi qiymətləndirilir. Xarici siyasətdə prinsipiallıq, beynəlxalq hüquqa söykənən mövqe və diplomatik ustalıq Azərbaycanın mövqeyini mübahisəsiz və əsaslı etdi. Bu mərhələdə cənab Prezident İlham Əliyev göstərdi ki, strateq lider üçün diplomatiya zəiflik deyil, gücün ağıllı ifadəsidir.

Qurucu lider kimi Prezident İlham Əliyevin fəaliyyəti isə yalnız beynəlxalq uğurlarla məhdudlaşmır. Onun rəhbərliyi altında Azərbaycan dövləti daxilən güclənən, institusional baxımdan möhkəmlənən və modernləşən dövlətə çevrilib. İnfrastruktur layihələri, sosial rifahın yüksəldilməsi, idarəetmədə çevikliyin artırılması və milli-mənəvi dəyərlərin qorunması bu quruculuq fəlsəfəsinin əsas sütunlarıdır. Cənab İlham Əliyev dövlət quruculuğunu daşdan hörülən divarlar kimi yox, düşüncə və məsuliyyət üzərində inşa edilən canlı bir sistem kimi görür.

Prezident İlham Əliyevin liderliyində diqqət çəkən əsas məqam siyasi qətiyyətlə intellektual dərinliyin vəhdətidir. O, mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycanın maraqlarını ustalıqla qoruyur, eyni zamanda daxili sabitliyi və inkişafı təmin edir. Bu balans onu təkcə uğurlu prezident deyil, strateq və qurucu lider kimi tarixə yazır. Onun siyasətində dünənlə bu gün, bu günlə sabah arasında qırılmaz məntiqi bağ mövcuddur.

Və bütün bu reallıqlar fonunda demək olar ki, Prezident İlham Əliyevin adı artıq zamanın siyasi xronikasında adi bir rəhbər kimi deyil, dövlətçilik salnaməsinin möhtəşəm səhifəsi kimi yaşayır. Onun siyasəti səs-küylü şüarların deyil, səssiz, lakin dərin iz buraxan qərarların siyasətidir. Bu siyasət Azərbaycanın gələcəyinə çəkilən möhkəm xətt, milli iradənin sarsılmaz simvolu və tarixin yaddaşında əbədi qalacaq liderlik nümunəsidir. Prezident İlham Əliyev siyasət nəhəngi, strateq və qurucu lider kimi təkcə bu günün yox, gələcək nəsillərin də taleyinə istiqamət verən ucalıqda dayanır.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər