PDF Oxu

Siyasət

  • 2 114

Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət

image

Milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini və siyasi dialoqu təşviq edən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanıqlı inkişafının səbəbidir. Dövlətləri və xalqların dünyaya daha yaxından tanıdan tarixi və milli-mədəni dəyərləri ilə yanaşı, həm də onların müdrik və görkəmli siyasi liderləridir. Məhz belə liderlər öz siyasi və dövlətçilik fəaliyyətləri ilə tarixi proseslərə təsir göstərir, onların inkişaf istiqamətlərini müəyyənləşdirir, əməlləri ilə təmsil etdikləri xalqın qürur mənbəyinə çevrilirlər. Parlaq ideyalarının, siyasi-diplomatik fəaliyyətlərinin nəticəsi olaraq onlar dövlətin tərəqqisində, xalqın birliyində həlledici rol oynayırlar. Siyasi liderlərin fəaliyyətlərinin nəticələri barədə tarixdən çoxlu misallar gətirmək olar. Olduqca qürurvericidir ki, müasir və müstəqil Azərbaycan dövlətinin müasir yüksəliş nümunəsində müdrik siyasi liderlərin dövlətlərin və xalqların taleyindəki böyük rolu aydın görünür.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və ötən 22 ildə Pezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi siyasi liderlərin xalqların taleyindəki rolu barədə dolğun fikir yürütmək üçün böyük mənbədir. Ötən 22 ildə müdrik rəhbərliyi ilə verdiyi bütün vədləri doğruldan, dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail olan Prezident İlham Əliyev öz əməlləri ilə Ulu Öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, dövlətə və xalqa xidmətin mükəmməl nümunəsini yaradıb. Prezident İlham Əliyev ötən 22 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu baxımdan qürurla qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 22 illik zaman kəsiyi Azərbaycan tarixinin iqtisadi yüksəlişi və tarixi Zəfərlə davam edən ən qüdrətli mərhələsidir. Bütün bunların fonunda Ulu Öndər Heydər Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlər bir daha öz təsdiqini tapır: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu fikirlər Ümummilli Liderin uzaqgörənliyini və müdrik seçimini ifadə edir. Ulu Öndərin dediyi kimi, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada söz sahibinə çevrilən ölkələr sırasına daxil olub. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını hökumətin qarşısında əsas vəzifələrdən biri kimi qoyan cənab İlham Əliyev ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirmək üçün qətiyyətlə çalışır.
Onu da qeyd edək ki, davamlı inkişafı təmin edən Prezident İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və iqtidar-xalq vəhdətinin daha da güclənməsinə nail olub. Diqqəti çəkən siyasi məqamlardan biri də odur ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim edib. Xüsusi vurğulamaq lazımdır ki, cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin zirvəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi dayanır. Dövlətimizin başçısının “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən cənab Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı. Bu qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. 19-20 sentyabr 2023-cü ildə antiterror tədbirləri nəticəsində isə Qarabağdakı separatizmin kökü tamamilə kəsildi. Dünya Azərbaycanı həm də torpaqlarını döyüş yolu ilə işğaldan azad edən dövlət kimi tanıyır.

Elşən Əzizov
YAP Saatlı rayon təşkilatının sədri

Digər xəbərlər