PDF Oxu

Siyasət

  • 1 324

İdman siyasəti: yeni perspektivlər və strateji addımlar

image

Azərbaycanda idmanın inkişafı sadəcə bir sosial fəaliyyət deyil, həm də milli prioritetlərdən biridir. Bu siyasətin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub, hazırda isə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir. Belə ki, bu, ilk növbədə dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir.

Dekabrın 26-da keçirilən ənənəvi idman yekunları mərasimində Prezident İlham Əliyevin çıxışı ölkənin idman strategiyasının nə qədər dərin və uzaqgörən təməllərə söykəndiyini bir daha sübut etdi. Dövlət başçısının qeyd etdiyi kimi, idman Azərbaycanda artıq bir həyat tərzinə və milli qürur mənbəyinə çevrilib.
İdmanın cəmiyyətdəki rolu yalnız fiziki güc və estetik görünüşlə məhdudlaşmır. Bu, həm də bir millətin mənəvi saflığının, intellektual potensialının və sarsılmaz birliyinin göstəricisidir. Müasir dünyada idman artıq sadəcə fiziki yarış meydanı deyil. O, xalqların özünüifadə formasına, dövlətlərin nüfuz göstəricisinə və cəmiyyətin mənəvi-psixoloji sağlamlığının təməl daşına çevrilmişdir. “Sağlam bədəndə sağlam ruh olar” fəlsəfəsi bu gün fərdi müstəvidən çıxaraq, milli inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir. Məhz bu strateji yanaşma nəticəsində Azərbaycan idmançıları olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında nümunəvi çıxışlar edərək ölkəmizin bayrağını ən uca zirvələrə qaldırır, qazanılan parlaq qələbələr idman tariximizdə yeni səhifələr açır.
Ölkəmizdə idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı sayəsində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurların da sayı artıb. İdmançılarımızın Olimpiya Oyunlarında hər dəfə daha böyük müvəffəqiyyətlə çıxış etmələri bunun təsdiqidir. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Ölkəmiz eyni zamanda beynəlxalq idman yarışlarına ev sahibliyini də uğurla davam etdirib. Belə ki, bu il MDB ölkələrinin üçüncü Oyunları, eyni zamanda ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir məhz Azərbaycanda keçirildi. Həmçinin yarım milyard auditoriyası olan Formula 1 yarışları da Bakının təqdimatında böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb. Azərbaycan həm də Xizək üzrə Dünya Kubokuna ev sahibliyinə hazırlaşır. Beləliklə, ölkəmiz beynəlxalq xizək idmanının cədvəlinə düşür. Bütün bunlar ölkəmizin imici, idman potensialının bütün dünyaya nümayişi baxımından faydalıdır.
Prezident İlham Əliyev öz çıxışında idmanın sosial-mənəvi tərəfinə xüsusi toxunaraq qeyd etdi ki, əsas hədəf yalnız medallar deyil, həm də fiziki və mənəvi baxımdan sağlam gəncliyin yetişdirilməsidir. İdmanın inkişafı yalnız medalların sayı ilə ölçülmür. Bu inkişaf, əslində, daha güclü, daha mütəşəkkil və daha vətənpərvər bir Azərbaycan naminə atılan strateji addımdır. İdman meydanlarında yetişən hər bir sağlam gənc, dövlətin sarsılmaz gələcəyinin təminatçısıdır.
Prezidentin 2025-ci ilin yekunları ilə bağlı mesajları Azərbaycanın idman sahəsindəki uğurlarının təsadüfi olmadığını, sistemli dövlət siyasətinin nəticəsi olduğunu bir daha təsdiqlədi. İdmanın kütləviliyi, infrastrukturun müasirləşməsi və gənclərin vətənpərvər ruhda yetişdirilməsi Azərbaycanı dünyada həm də güclü bir idman dövləti kimi mövqeyini sarsılmaz edir.

Anar Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər