PDF Oxu

Siyasət

  • 522

YAP 2026-cı ilə yeni uğurları ilə qədəm qoyur - TƏHLİL

image

Haqlı və əsaslı olaraq Ulu Öndərimiz Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: “Dövlət müstəqilliyini qurmaq, onu əldə etməkdən çətindir”. Bu müdrik kəlam təsdiq edir ki, həqiqətən də dövlət müstəqilliyinin qazanılması qədər onu əldə saxlamaq, qurmaq və inkişaf etdirmək daha çətindir. Bir növ əldə olunan müstəqilliyi yaşatmaq üçün böyük zəhmətə, fədakarlığa, xalq-hakimiyyət birliyinə ehtiyac var. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti uzunömürlü ola bilmədi. Çünki daxili konfliktlər, idarəetmə bacarığının aşağı olması və nəhayət, lider probleminin mövcudluğu Cümhuriyyətin cəmi 23 ay yaşamasına imkan verdi. 71 il sonra sovetlər birliyinin dağılması ərəfəsində Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmaq şansı qazandı. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Akt” qəbul olundu. Bu qərarın qəbul edilməsi ilə dünya xalqları arasında bayrağımız dalğalandı, himnimiz səsləndi, milli varlığımız nümayiş etdirildi. Təəssüflər olsun ki, dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı çətin, ağır problemlərlə üz -üzə qoymuşdu. Vətəndaş qarşıdurması qaçılmaz görünürdü, hər yerdə xaos və anarxiya hökm sürürdü, iqtisadiyyat dağılmış, beynəlxalq əlaqələr sıradan çıxmışdı. Daxili böhranlı vəziyyətin son dərəcə kritik xarakter almasından istifadə edən erməni hərbi-terrorçu dəstələri xarici məkrli dairələrin hərbi, siyasi, maliyyə dəstəyinə arxalanaraq torpaqlarımızı işğal edirdi. Xalq sarsılmı, sabaha ümidsiz vəziyyətdə idi. Belə bir məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının 1992-ci il oktyabrın 16-da “Səs” qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ünvanlandı. Ziyalıların müraciətində qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”.

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi

Ulu Öndər Heydər Əliyevin 1992-ci il oktyabrın 24-də “Səs” qəzeti vasitəsi ilə ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” çavabı xalqa böyük ümidlər verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması ilə cəmiyyətdə böyük fəallıq yarandı və hər kəs bu partiyanın sıralarında cəmiyyətin inkişafına töhfələr verməyə çalışdı. Bu baxımdan qısa müddətdə YAP-ın sıralarına on minlərlə insan qoşuldu. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Ulu Öndər Heydər Əliyevin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və Azərbaycanı gözləyən dəhşətli hadisələrdən, faciələrdən xilas etdi. Ulu Öndərimiz Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

550 nümayəndənin işığından nur alan 850 min nəfər

1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə yaradılan Yeni Azərbaycan Partiyası bu gün sıralarında on minlərlə vətənsevəri, Ulu Öndər Heydər Əliyev ideyalarına bağlı əqidə dostunu birləşdirir. Hazırda 850 mindən çox üzvü sıralarında birləşdirən YAP bununla Cənubi Qafqazın ən böyük partiyası olduğunu təsdiqləyir. Ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyev haqlı olaraq demişdir: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir”.

Ürəkaçan hal ondan ibarətdir ki, YAP-ın hər bir üzvü Dahi Öndər Heydər Əliyev ideyalarının, Onun layiqli siyasi varisi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısıdır. Azərbaycanın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə əsaslanır. Tarix uğurlara istinadən qeyd etmək olar ki, Yeni Azərbaycan Partiyasının 1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən Prezident, parlament, bələdiyyə seçkilərində uğur qazanmasını şərtləndirən əsas səbəbləri, qurucusunun Dahi Öndər Heydər Əliyevin olması və əsas qoyulan siyasətin ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsidir. Ulu Öndər Heydər Əliyev tarixi çıxışlarının birində demişdir: “YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

2026-cı il partiyanın fəaliyyətində, qarşıya qoyulan məqsədlərə çatmasında, vəzifələrin icrasında uğurlu illərdən biri olacaq

Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti, Fateh Sərkərdə İlham Əliyev əsası qoyulan siyasəti uğurla davam etdirir. Ölkə Prezidenti İlham Əliyev YAP-ın rəhbərliyinə seçildikdən sonra partiyanın həyatında yeni dönüş yaranmışdır. Fateh Sərkərdə İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - deyə bildirmişdi.

Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm tədbirlər həyata keçirmiş, Fərman və Sərəncamlar imzalamışdır. Bunun nəticəsi olaraq ölkəmizdə hər bir vətəndaşın yaşayışında mühüm dəyişikliklər baş vermişdir. Prezident İlham Əliyev demişdir: “Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz”. Prezident İlham Əliyev onu da bildirmişdir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası düzgün, əsaslı fəaliyyəti ilə dövlətimizin inkişafının, xalqın birliyinin daha da möhkəmlənməsinə, uğurlarının davamlı xarakter almasına mühüm töhfələr verir. Qazanılan uğurlar heç zaman dəyişməyəcək. Əvvəlki illərdə olduğu kimi, YAP 2025-ci ili də böyük uğurları, nailiyyətləri ilə başa vurur. Təbii ki, 2026-cı ildə partiyanın fəaliyyətində, qarşıya qoyulan məqsədlərə çatmasında, vəzifələrin icrasında uğurlu illərdən biri olacaq.

İLHAM ƏLİYEV

Digər xəbərlər