Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət göstərilməsi, həmçinin əldə edilən uğurlar sayəsində Azərbaycan dünyanın ən qabaqcıl idman ölkələrindən birinə çevrilib. Gənc nəslin sağlam ruhda tərbiyə edilməsi, böyüməsi üçün ölkəmizin müxtəlif regionlarında idman-sağlamlıq obyektləri, Olimpiya İdman Kompleksləri tikilib istifadəyə verilir, idman infrastrukturunun yenilənməsi istiqamətində mühüm tədbirlər görülür. İdmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində idmançılarımızın mötəbər beynəlxalq yarışlarda qələbə qazanmalarının şahidinə çevrilir və bundan böyük qürur hissi keçiririk.
Bu gün Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən, həmçinin bir günlük antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından böyük qürur hissi ilə danışırıq. Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Görülən işlərə diqqət yetirsək bu torpaqlarda da idman obyektlərinin tikintisinə xüsusi diqqət göstərildiyini görərik. Bu gün azad edilmiş ərazilərimiz də idman yarışları ilə diqqətdədir. 2023-cü ilin dekabr ayında xalqımız tarixi hadisəyə şahidlik etdi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəlmişdilər. Cənab İlham Əliyev oyundan əvvəl stadionda çıxışında qeyd etmişdir ki, bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ-Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir.
Dövlət başçısı İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr edilən mərasimdəki çıxışında da bütün bölgələrimizdə, o cümlədən azad edilmiş torpaqlarımızda idmanın inkişafına yönələn addımlardan bəhs etdi. Qeyd etdi ki, Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni, ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir.
Bu gün mötəbər beynəlxalq turnirlərə ev sahibliyi edən Azərbaycan bütün dünyada idman ölkəsi kimi nüfuz qazanır. 2026-cı ilin hədəfləri Azərbaycanın idman tarixinə daha möhtəşəm səhifələrin yazılacağına böyük əsas verir. “Dünyanın İdman Paytaxtı” seçilən Bakı şəhərində mühüm beynəlxalq yarışların keçiriləcəyi gözlənilir. Azərbaycan idmançıları bu yarışlarda qələbə qazanmaqla Azərbaycanın beynəlxalq təqdimatına növbəti töhfələrini verəcəklər. Dövlətimizin başçısının 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə qeyd etdiyi kimi, hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır: “Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər”.
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri