PDF Oxu

Siyasət

  • 5 601

Zəngəzur Şərqə açılan qapı sülhün, əmin-amanlığın möhkəmlənməsinə doğru aparan yoldur

image

Xalqımızın qədimdən qədim tarixinin hər qızıl səhifəsi unudulmaz hadisələrlə doludur.Şanlı tariximizin Zəfər günlərinin 5-ci ildönümünü- “Konstitusiya və suverenlik ili”ni qürurla başa vurduq.

Müstəqilliyimizin bərpasından sonrakı zaman ərzində Cənubi Qafqazın ən güclü, ən qüdrətli dövlətinə çevrilən Azərbaycan İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə iki əsrlik münaqişəyə, 30 ilə yaxın işğala son qoydu.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun “Dəmir yumruq”la 44 günə düşməndən azad etdiyi Qarabağ bölgəsindəki şəhərlər və kəndlər bu gün dəmir iradə ilə yenidən qurulur. Bu isə qüdrətli Azərbaycanın iqtisadi yüksəlişinin göstəricisidir desək, yanılmarıq. Artıq 5 ildir ki, erməni faşizminin 30 il ərzində xarabalığa çevirdiyi torpaqlarımızda aparılan bərpa və yenidənqurma prosesi illərlə yağmalanıb dağıdalan, viranə qoyulan yurd yerlərimizə yeni nəfəs gətirib. İşğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən infrastruktur layihələrinin hər biri yüksək səviyyədə həyata keçirilir. Şəhərlərin bərpası, yeni yolların çəkilməsi, qısa bir müddətdə hava limanlarının istifadəyə verilməsi bunun əyani sübutudur. Azərbaycan xalqının qüruru və hünəri Azərbaycan Respublikasının Prezidenti, Qalib Xalqın Qalib Lideri Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz güc verir, sarsılmaz xalq birliyi ilə yalnız Böyük Qayıdış uğurla həyata keçirilir.

Artıq xalqımızın həyatında yeni dövr başlayıb. İşğaldan azad olunmuş yurd yerlərimizdəAzərbaycan Respublikası Prezidentinin xeyir-duası ilə təməlqoyma mərasimləri keçirilir. Mədəniyyət mərkəzimiz Şuşa şəhərində aparılan abadlıq-quruculuq işlərindən hər gün xoş soraqlar eşidirik. Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava Limanlarının istifadəyə verilməsi Azərbaycan Respublikasının quruculuq əzminin növbəti qürur doğuran təcəssümü kimi yaddaşlara yazılır. Ölkə Prezidenti cənab İlham Əliyevin Qarabağın yaşayış yerlərində yerli sakinlərlə görüşü zamanın ən yaddaqalan anları kimi tarixin yaddaşında yaşayır. Çünki keçmiş məcburi köçkünlər ölkə rəhbərini öz evlərində, yurdlarında qarşılayırlar. Tezliklə abadlaşıb öz doğma sakinlərinə qucaq açacaq bütün işğaldan azad edilmiş rayonların sakinləri doğma yurd-yuvalarına tələsir, öz ocağını yandırmağa can atırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdirsə, -növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünlərimaksimum qısa müddət ərzində öz doğma torpaqlarınaqaytaracağıq...”

Zəfərdən sonrakı dövr ərzində də dövlətimizin qarşısında əsas prioritet məsələlərdən biri Bakı-Naxçıvan dəmir yolunun bərpası – Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Muxtar Respublikası ilə Bakı və Azərbaycan rayonları arasında əlaqənin bərpa olunması istiqamətində görülən əməli işlərdir. Keçən əsrin sonlarından Şərqin qapısında mühüm nəqliyyat yollarının qovuşuğunda yerləşən Naxçıvanı uzun illərdən bəri düşdüyü blokada vəziyyətindən çıxarmaq olub. Bu istiqamətdə ölkəmiz çətin müzakirələr, uğurlu diplomatik işləri davam etdirir. Lakin təəssüf hissi ilə demək lazımdır ki, ermənipərəst ünsürlərin mövqeyi Zəngəzur dəhlizinin açılması işinin həllini uzadır.

Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanarkən də bu məsələyə xüsusi toxunan Prezident İlham Əliyev demişdir: "Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".

Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır

2020-ci il noyabrın 10-da-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan arasında bağlanmış üçtərəfli Bəyanatın 9-cu bəndi də ölkə Prezidentinin şəxsi təşəbbüsü ilə Bəyannaməyə salınmışdır. Bu bəndin əsas mahiyyəti Naxçıvanın blokadasının aradan qaldırılması, Naxçıvana gedən yolların açılması, bir sözlə, Zəngəzur dəhlizinin bərpa olunması ilə bağlı idi. Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətləri, bir sözlə Avrasiya ölkələri qazanacaqlar. Bəzi ekspertlərin fikrinə görə, Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək.

Azərbaycan Respublikasının Prezidenti Qarabağ münaqişəsi kimi, Zəngəzur dəhlizinin reallaşdırılması – Naxçıvana gediş-gəlişin bərpası üçün öz əqidəsindən dönmədi. Ölkə başçısı Zəngəzur dəhlizinin açılması məsələsində də mövqeyini dəyişmədi, bu məsələnin həllini tapması üçün qətiyyətlə öz ideyalarının həyata keçməsi üçün çalışdı və bu işin baş tutacağına qəlbən inandı, hər bir Azərbaycan vətəndaşı da bu ideyaların baş tutacağına bütün varlığı iləinanır.

Zəngəzur dəhlizinin qitələrarası əhəmiyyəti ondan ibarətdir ki, o, Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni alternativi təmsil edir. Bu alternativ malların Çindən Türkiyənin şərq əyalətlərinə, oradan isə Aralıq dənizi və ya İstanbul Boğazı vasitəsilə Avropaya daşınmasını nəzərdə tutur. Əslində bu yenilik həm Türkiyə, həm də Çinin diversifikasiya strategiyalarına uyğundur. Beləliklə, yaxın gələcəkdə Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası fonunda Avropa və Asiya qitələri arasında mühüm ticarət marşrutuna çevrilmək potensialına malikdir.

Ölkə başçısı öz çıxışlarında bildirmişdir ki, Ermənistanın öz iqtisadi imkanlarının genişləndirməsi Zəngəzur dəhlizinin açılması ilə sıx bağlıdır. Təəssüf hissi ilə qeyd edə bilərik ki, Ermənistana ağıl verənlər onu bu öhdəlikdən boyun qaçırmağa sövq etdilər. Nəticədə iqtisadi cəhətdən tənəzzülə uğrayan Ermənistan Respublikasının iqtisadiyyatı çökdü, əhalinin rifah halının pisləşməsi tarixi reallığa çevrildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində ABŞ Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan arasında Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması məqsədilə Bəyannamə imzaladılar. Bu Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer almasıhər bir azərbaycan vətəndaşının, xüsusilə 30 ildən artıq blokadada yaşayan naxçıvanlıların sabaha ümidini artırdı. Bu Bəyannamənin qəbul olunması bir daha göstərdi ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını – Naxçıvanın quru yollarının bərpa olunmasını daim gündəmdə saxlayır.

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bu, Ulu Öndərin onilliklər boyu həyata keçirmək istədiyi ümummilli məqsəd, missiya idi. Ümummilli Liderin davamçısı İlham Əliyev bu missiyanı davam etdirərək məqsədini reallaşdırır. Bu gün Prezident İlham Əliyev də Zəngəzur dəhlizini bərpa etməklə atasının vəsiyyətini yerinə yetirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyanın şəxsən imzaladığı və Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyini çatdıraraq bildirmişdir ki, “Sənədlə bu Ermənistanın suverenliyinə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində bu dəmir yolunu az qala Ermənistan sərhəddinə çatdırmışdıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də, altı aya onu tamamilə Ermənistan sərhəddinə çatdırarıq.”

Bütün bunlar bir daha sübüt edir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq səviyyədə formalaşan ümumi razılıq Azərbaycanın regional nəqliyyat mərkəzinə çevrilməsinə imkanları daha da möhkəmləndirir.

Ölkə başçısı cənab İlham Əliyev2026-cı il yanvarın 5-də yerli televiziya nümayəndələri qarşısındaçıxışında vurğulayıb ki, “Azərbaycanın xarici siyasəti artıq regional çərçivələri aşaraq qlobal miqyasda sistemli və çoxşaxəli xarakter alıb. Çinlə imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi, Mərkəzi Asiya Məşvərət Şurasına tam hüquqlu üzvlüyü, Xankəndində keçirilmiş ECO Zirvə Görüşü, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü onu deməyə əsas verir ki, ölkəmiz “canlı körpü’’ rolunu artıq yalnız nəzəri deyil, praktik müstəvidə də icra edir. İnkişaf etmiş ölkələrlə tərəfdaşlıq, nüfuzlu beynəlxalq təşkilatlara üzvlük, işğaldan azad edilmiş şəhərlərdə beynəlxalq tədbirlərin təşkili Azərbaycanın yeni geosiyasi statusunu formalaşdırır. Artıq Azərbaycan hadisələrin gedişatına uyğunlaşan deyil, proseslərə təsir göstərən ölkə kimi çıxış edir.”

Cənabİlham Əliyev yerli televiziya nümayəndələri ilə görüşündə vurğulayıb ki,biz əslində bu dəhlizi müharibədən - İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başlamışıq. Səhv etmirəmsə, 2021-ci ilin əvvəlində artıq o dəmir yolunun təməli də qoyuldu. Yəni sözün düzü, məndə şübhə yox idi ki, bu yol açılacaq. Əgər şübhə olsaydı, yəqin ki, biz bu qədər vəsait qoymazdıq. Hətta müsahibələrin birində də demişdim ki, istənilən yolla açılacaq. Bəzən belə ritorikaya da ehtiyac var, çünki bu, qarşı tərəfi, necə deyərlər, yumşaq mənada həvəsləndirir. Amma əlbəttə ki, bu məsələnin Amerikada Trampın iştirakı ilə həll olunması bu məsələni artıq tamamilə həll edilmiş məsələ kimi ortaya qoydu.

Ölkə başçısı cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan etməsi bir daha göstərir ki, Azərbaycan daim qurmaq , yaratmaq yolunu əsas prioritet yol kimi davam etdirir.

Zəngəzur Şərqə açılan qapı – bölgədə sülhün, əmin-amanlığın möhkəmlənməsinə doğru aparan yoldur.

Zəngəzur dəhlizi ilə Naxçıvana açılan yolun reallaşması Azərbaycanın dünyada nüfuzunun daha da artacağına təminat yaradır, qədim Naxçıvanın çiçəklənməsini, burada abadlıq və quruculuq işlərinin geniş vüsət alacağına təminat yaradır. Biz culfalılar yaxşı bilirik ki, Culfa dəmiryolçular şəhəridir. Şərqə açılan dəmir yolları Culfadan keçir, tarixən Culfanın zəhmət adamları dəmiryolunda çalışmaqla öz firavanlıqlarını qurmuşlar. Bu yolun bərpası Culfada yeni iş yerlərinin açılmasına, əhalinin maddi rifahının yüksəldilməsinə xidmət edəcəkdir. Bu yol Şərq və Qərbi birləşdirən, regionda sülhün daha da möhkəmlənməsinəxidmət edən, regionun çiçəklənməsini reallaşdıran yoldur. Bizim hər birimiz Zəngəzur yolunun açılmasını səbirsizliklə gözləyirik və buna qəlbən inanırıq. Çünki bu yol ulu öndərHeydər Əliyev yolunun tərənnümüdür.

Qadir İbrahimov

Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri

Digər xəbərlər