PDF Oxu

Siyasət

  • 1 123

Enerji diplomatiyasının iqtisadi nailiyyətləri

image

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı həm mövcud iqtisadi nəticələrin dəyərləndirilməsi, həm də qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli mesajlarla zəngin idi. Son 12 ildə Cənub Qaz Dəhlizi təşəbbüsü regional layihədən qlobal enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib. Geosiyasi gərginliklər, təchizat zəncirlərində qırılmalar və enerji bazarlarında qiymət dalğalanmaları fonunda Azərbaycan istehsalçı, tranzit və istehlakçı ölkələr arasında etibarlı körpü rolunu gücləndirib. Əgər layihənin ilkin mərhələsində 12 ölkəyə qaz ixrac olunurdusa, bu gün Azərbaycan qazının istehlakçılarının sayı 16-ya çatıb.

Boru kəmərləri vasitəsilə qaz tədarük edilən ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə olması enerji diplomatiyasının iqtisadi nəticələrini açıq şəkildə göstərir. İxrac coğrafiyasının genişlənməsi iqtisadi baxımdan gəlirlərin sabitləşməsi və risklərin azaldılması deməkdir. Almaniya və Avstriyanın Azərbaycan qazı alan ölkələr sırasına qoşulması Avropa bazarında mövqelərin möhkəmləndiyini göstərir. Eyni zamanda, Suriyaya 1,5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni bazarlara çıxış imkanlarını genişləndirir və ixracın şaxələndirilməsi strategiyasını gücləndirir. Şaxələndirmə yalnız istehlakçılar üçün deyil, istehsalçı ölkə kimi Azərbaycan üçün də iqtisadi dayanıqlığın əsas elementidir. Artan tələbat fonunda əsas çağırışlardan biri infrastrukturun genişləndirilməsidir. Cənub Qaz Dəhlizinin tam yüklənmiş vəziyyətdə olması əlavə investisiyalara ehtiyac yaradır. Yeni interkonnektorlar, ötürücü xətlər və qazpaylama şəbəkəsinin modernləşdirilməsi qarşıdakı mərhələnin prioritetlərindəndir.
“Azəri-Çıraq-Günəşli”nin dərin qaz layları, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildən “Şahdəniz” üzrə yeni mərhələnin başlanması 10–15 milyard kubmetr əlavə qaz hasilatı potensialı yaradır. Bu isə həm ixracın artırılması, həm də daxili enerji balansının optimallaşdırılması baxımından mühüm iqtisadi perspektivdir. Enerji strategiyasının mühüm istiqamətlərindən biri də yaşıl enerji gündəliyidir. 240 meqavat gücündə külək elektrik stansiyasının və 230 meqavat gücündə Günəş elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji balansında bərpaolunan mənbələrin payını artırır. 2032-ci ilə qədər 6-8 giqavat alternativ enerji gücünün yaradılması ilə bağlı imzalanmış müqavilələr ölkəyə milyardlarla dollar investisiya cəlb olunmasını və yeni sənaye sahələrinin formalaşmasını şərtləndirir. Bu yanaşmanın iqtisadi məntiqi aydındır: alternativ enerji istehsalı artdıqca daxili elektrik istehsalında istifadə olunan təbii qazın bir hissəsi ixraca yönəldilə bilər. Bu isə əlavə valyuta gəlirləri, tədiyyə balansının möhkəmlənməsi və büdcə dayanıqlığının güclənməsi deməkdir. Eyni zamanda, yaşıl enerji layihələri kommunikasiya sektoru, süni intellekt və data mərkəzləri kimi yüksək enerji tələbatlı sahələrin inkişafı üçün baza yaradır.
Azərbaycanın enerji strategiyası yalnız hasilat və ixracla məhdudlaşmır. Türkiyədə 870 meqavat gücündə elektrik stansiyasının əldə olunması, Serbiyada 500 meqavatlıq yeni layihə, İtaliyada ümumi emal gücü 10 milyon ton olan iki neftayırma müəssisəsinin alınması ölkənin enerji dəyər zəncirində daha yüksək mövqeyə yüksəldiyini göstərir. Aralıq və Egey dənizləri hövzəsində 22 milyon tonluq neftayırma potensialı Azərbaycanın yalnız xammal ixracatçısı deyil, həm də emal və paylama şəbəkəsinə malik beynəlxalq enerji oyunçusu kimi çıxış etdiyini sübut edir. Eyni zamanda, Azərbaycan Xəzərin şərq sahillərindən – Qazaxıstan və Türkmənistandan – neft tranzitini artırmaqla regional logistika mərkəzi rolunu möhkəmləndirir. Bu isə nəqliyyat və tranzit gəlirlərinin artmasına, infrastrukturun daha səmərəli istifadəsinə və regional inteqrasiyanın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri enerji siyasətinə praqmatik yanaşmadır. Qazıntı yanacaqları ilə bərpaolunan enerji mənbələrinin balanslı vəhdəti Azərbaycanın uzunmüddətli iqtisadi maraqlarına cavab verir. Ölkənin qaz ehtiyatlarının onilliklər boyu kifayət etməsinə baxmayaraq, paralel şəkildə yaşıl enerji sahəsinə milyardlarla investisiya yatırılması iqtisadi diversifikasiyanın və gələcək risklərin idarə edilməsinin göstəricisidir. Beləliklə, Bakıda keçirilən iclaslar göstərdi ki, Azərbaycan enerji bazarında təkcə təchizatçı deyil, həm də strateji planlaşdırıcı və investisiya mərkəzidir. Şaxələndirilmiş ixrac, genişlənən infrastruktur, artan bərpaolunan enerji gücü və beynəlxalq tərəfdaşlıqlar ölkənin enerji təhlükəsizliyini iqtisadi dayanıqlılıq və qlobal təsir imkanları ilə birləşdirən kompleks model formalaşdırdığını göstərir. Bu model yaxın illərdə Azərbaycanın regional və qlobal enerji arxitekturasındakı mövqeyini daha da gücləndirəcəkdir.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Digər xəbərlər