PDF Oxu

Siyasət

  • 556

Zəngəzur dəhlizi - Tarixi iradə və regional sabitlik yolu - ŞƏRH

image

Azərbaycanın uzun illər ərzində nümayiş etdirdiyi siyasi iradənin, diplomatik səylərinin və tarixi ədalətə əsaslanan mövqeyi bu gün Zəngəzur dəhlizinin açılması ilə öz məntiqi və tarixi nəticəsini tapmışdır. Bu mühüm layihə təkcə Azərbaycanın milli maraqlarına xidmət etmir, eyni zamanda regionda sabitliyin möhkəmlənməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə və Cənubi Qafqazın qlobal nəqliyyat və iqtisadi xəritədə strateji əhəmiyyətinin artmasına real zəmin yaradır. Zəngəzur dəhlizi ideyası təsadüfi və ani qərarın nəticəsi deyil. Bu layihə Azərbaycanın tarixi-coğrafi reallıqlara, beynəlxalq hüquqa və regionun uzunmüddətli inkişaf ehtiyaclarına əsaslanan ardıcıl siyasətinin məhsuludur. Bu gün Ulu Öndərimizin ruhu şaddır çünki, Ulu Öndərimiz Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulayırdı ki, Naxçıvanın Azərbaycanla birbaşa və təhlükəsiz əlaqəsinin təmin olunması ölkənin milli maraqları baxımından həyati əhəmiyyət daşıyır. Bəli, Zəngəzur dəhlizi həm də Naxçıvanla əlaqəni tam təmin edir. Bu, biz Naxçıvanlılar üçün ikiqat sevinc deməkdir. Uzun illər blokada və kommunikasiyaların qapalı qalması Cənubi Qafqazda iqtisadi durğunluq yaratmış, xalqlar arasında qarşılıqlı asılılıq və əməkdaşlıq imkanlarını məhdudlaşdırmışdır. Zəngəzur dəhlizi isə bu mənzərəni dəyişdirən yeni reallıqdır. Layihənin əhəmiyyətli tərəflərindən biri də onun təhlükəsizlik və sabitlik amilinə verdiyi töhfədir. Nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi qarşıdurma risklərini azaldır, region ölkələrini əməkdaşlığa sövq edir. Bu layihə regionu qapanmış münaqişələr zonasından açıq əməkdaşlıq məkanına çevirmək potensialına malikdir. Zəngəzur dəhlizinin reallaşması yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır; bu, qarşılıqlı etimadın formalaşmasını, hüquqi mexanizmlərin işlək hala gətirilməsini və regional əməkdaşlıq mədəniyyətinin inkişafını zəruri edir. Dəhlizin funksional olması tərəflər arasında uzunmüddətli sabitliyin təmin edilməsində həlledici rol oynaya bilər. Zəngəzur dəhlizi məsələsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi çıxışlarında konseptual və sistemli şəkildə əsaslandırılan strateji mövzulardan biridir. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni bərpa etməklə yanaşı, regionun uzunmüddətli sabitliyinə xidmət edən rasional əməkdaşlıq modelidir. Açılan hər yeni kommunikasiya xətti qarşılıqlı asılılığı artırır və bu asılılıq tədricən qarşıdurma ehtimalını zəiflədir. Zəngəzur dəhlizi regionun uzun illər davam edən parçalanmış məkan modelini dəyişir. Onun əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Dəhlizin işləkliyini təmin edən amil onun beton və relslərdən ibarət strukturu olmayacaq; onun dayanıqlığı tərəflərin bir-birinin iqtisadi uğuruna olan ehtiyacı ilə ölçüləcək. Zəngəzur dəhlizinin gələcəyi bizim ona hansı mənanı yükləməyimizdən asılıdır: onu sadəcə bir tranzit yolu kimi görsək, sadəcə iqtisadi dividend alacağıq. Lakin onu regionun yeni mənəvi-siyasi arxitekturasının təməli kimi qəbul etsək, əldə edəcəyimiz nəticə dayanıqlı sülh və suveren inkişaf olacaq.

Nəticə etibarilə, Zəngəzur dəhlizi Cənubi Qafqazın taleyini dəyişən bir sınaq meydanıdır. Əgər biz bu dəhlizi sadəcə bir yol deyil, həm də bir etimad körpüsü kimi qura bilsək, regionun gələcək nəsilləri üçün müharibəsiz və rifah dolu bir mühit miras qoymuş olacağıq. Bu yolun səmərəli fəaliyyəti sübut edəcək ki, coğrafi yaxınlıq bir maneə deyil, ortaq tərəqqi üçün ən böyük fürsətdir. Dəhlizin praktiki işləkliyindən doğan hər bir iqtisadi dividend, əslində bölgədə sülhün divarlarına qoyulan bir kərpicdir. Biz bu yolu inkişaf etdirdikcə, yalnız yüklərin hərəkətini təmin etmirik, həm də Cənubi Qafqazın parçalanmış siyasi landşaftını ortaq bir gələcək vizyonu ətrafında birləşdiririk. Bu, sadəcə bir nəqliyyat layihəsinin tamamlanması deyil, regionun öz taleyinə sahib çıxmasının təntənəsi olacaq.

Şəhla Cəfərova

YAP fəalı

Digər xəbərlər