23 yanvar 2026-cı ildə Milli Qəhrəman Yalçın Nəsirovun 50 yaşı tamam olur
Yalçın özünü dərk edən gündən Vətəninə, xalqına ürəkdən bağlanıb. Elə həyatının mənasını da onlara təmənnasız xidmətdə görüb. Odur ki, gözünü qırpmadan Vətənin çətin günündə, yəni 1995-ci ilin mart hadisələrində 19 yaşında özünü ona fəda edib. Və bununla da mənalı həyat yolu örnək olaraq tarixə yazılıb.
Yalçın Nəsirov 23 yanvar 1976-cı ildə Astara rayonunun Sərək kəndində dünyaya göz açıb. Orta məktəb illərində nümunəvi davranışı, çalışqanlığı, vətənpərvərliyi onu müəllimlərin, şagirdlərin sevimlisi edib. Humanitar fənlərini böyük maraq öyrənib. Futbol, voleybol oynamağı çox sevib. Tez-tez yarışlara qatılıb. Həmçinin məktəbdə keçirilən tədbirlərdə fəal olub, söylədiyi Vətəni tərənnüm edən şerlərlə hamını heyran qoyub. Bu, minvalla Yalçın orta məktəbi əla qiymətlərlə başa vurub. El-obada da təmiz ürəkli, qeyrətli, yurdsevər bir yeniyetmə olaraq hörmət qazanıb.
Yalçın Nəsirov 1994-cü ildə ordu sıralarına gedib. Daxili Qoşunların tərkibində Lökbatanda 2 ay hərbi təlim keçdikdən sonra əsgəri xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirib. Doğma Azərbaycanın keşiyində ləyaqətlə durub, komandanlığın tapşırıqlarını vaxtında, dəqiq yerinə yetirib. Son dərəcə mərd, cəsur, ağıllı bir Vətən sevdalısı kimi əsgərlərin, zabitlərin sevimlisi olub.
Yenicən müstəqillini bərpa edən respublikamızda 1995-ci ilin məlum mart hadisələri başlananda bur qrup quldur dəstələrin özbaşınalığı, silaha sarılmaları Yalçını bərk narahat edib. Vətənin bu, ağır günündə xalqımızın digər qeyrətli oğulların cərgəsində silahlı dəstələrin qarşısını almaq üçün sinəsini sipər edib. Atılan güllələrdən biri Yalçının Vətən sevgisi ilə döyünən ürəyinə dəyib . Çox qan itirib, onu ölümün pəncəsindən xilas etmək üçün təcili Sabunçu rayon xəstəxanasına aparıblar. Təəssüf ki, həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilməyib. 1995-ci il martın 24-də Yalçın şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub. Dünyaya gəldiyi Sərək kəndindəki qəbiristanlıqda sevdalandığı Vətən torpağının qucağına sığınıb.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli Fərmanı əsasında əlçatmaz, ünyetməz dünyasından gələcəyə boylanan, ömrünü Vətən üçün yaşayan Yalçın Nəsirov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Həmçinin Sərək kənd orta məktəbi cəsur, igid döyüşçünün adını daşıyır, Astara rayonundakı Qəhrəmanlar bağında Yalçın Nəsirovun büstü ucalır.
Vətənin azadlığı, müstəqilliyi, xalqının xoşbəxt gələcəyi naminə şəhid olub ölməzliyə qovuşan qəhrəman Yalçın Nəsirov xalqın qəlbində yaşamaqla heç vaxt unudulmaz. Canından artıq sevdiyi Azərbaycan var olduqca, xatirəsi həmişə əziz tutulacaq.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü