PDF Oxu

Siyasət

  • 546

Davosda Azərbaycan: qlobal siyasətdə liderlik və dövlətçilik iradəsi - ŞƏRH

image

Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibədən sonra bu media qurumunun təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı Azərbaycanın beynəlxalq siyasi gündəmdə tutduğu mövqeyin real göstəricisi kimi qiymətləndirilməlidir. Bu format sıradan protokol görüşü deyil, qlobal qərarverici mühitdə Azərbaycanın liderinin birbaşa söz sahibi olduğunu nümayiş etdirən strateji platformadır. Burada əsas məqam ondan ibarətdir ki, tədbirin təşəbbüskarı məhz Avropanın aparıcı media qurumlarından biri olan “Euronews” olmuşdur. Bu faktın özü belə, Qərb ictimai rəyinin və siyasi dairələrinin Azərbaycanla bağlı mövqeyində formalaşan yeni yanaşmanın ifadəsidir.

Davos artıq yalnız iqtisadi müzakirələrin aparıldığı məkan deyil. Bu platforma qlobal siyasi ideyaların, yeni geosiyasi yanaşmaların formalaşdığı mərkəzə çevrilib. Belə bir məkanda Prezident İlham Əliyevin ətrafında toplanan beynəlxalq ekspertlər, jurnalistlər və biznes nümayəndələri faktiki olaraq Azərbaycanın regionda yaratdığı yeni reallıqlara və bu reallıqların qlobal təsirlərinə diqqət yetirirlər. Bu, onu göstərir ki, Azərbaycan regional aktor statusundan çıxaraq beynəlxalq proseslərdə mövqeyi nəzərə alınan siyasi subyektə çevrilmişdir.

Tədbirdə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı bu görüşə əlavə siyasi və simvolik məna qazandırdı. Onların tədbirdə yer alması Azərbaycanın yalnız siyasi deyil, eyni zamanda humanitar, mədəni və sosial sahələrdə həyata keçirdiyi siyasətin də beynəlxalq miqyasda təqdim olunmasına xidmət etdi. Bu iştirak Azərbaycan modelinin – güclü dövlət idarəçiliyi ilə humanitar dəyərlərin və ictimai diplomatiyanın vəhdətinin – qlobal auditoriyaya nümayişi kimi qiymətləndirilə bilər. Beləliklə, Azərbaycan rəhbərliyinin vahid komanda kimi çıxış etməsi ölkənin strateji kursunun ardıcıl və sistemli xarakter daşıdığını bir daha göstərdi.

Prezident İlham Əliyevin bu platformada səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə ortaya qoydu. Dövlət başçısı ölkənin enerji təhlükəsizliyi sahəsində artan rolunu, Avropa üçün etibarlı tərəfdaş kimi mövqeyini, nəqliyyat-logistika dəhlizlərinin formalaşmasında Azərbaycanın həlledici yerini ardıcıl şəkildə təqdim etdi. Bu yanaşma Azərbaycanın artıq qlobal proseslərin passiv iştirakçısı deyil, təşəbbüskar və istiqamətverici tərəf kimi çıxış etdiyini təsdiqləyir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev regionda sülh və sabitlik ideyasını qlobal kontekstdə təqdim etdi. Bu, Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas mahiyyətini – praqmatizm, balans və milli maraqlara söykənən müstəqil xətti – aydın şəkildə ifadə edir. Azərbaycan bu gün nə hansısa geosiyasi blokun əlavəsi, nə də böyük güclərin aləti rolundadır. Ölkəmiz öz siyasi iradəsinə əsaslanan, milli maraqları prioritet sayan və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış edən dövlətdir.

Davos çərçivəsində Prezident İlham Əliyevin “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşündə oğlu Heydər Əliyevin də iştirakı xüsusi diqqət çəkən məqamlar sırasında yer aldı. Bu fakt təkcə ailəvi iştirak kimi deyil, həm də dövlətçilik ənənələrinin, siyasi davamlılığın və strateji baxışın nəsildən-nəslə ötürülməsi kontekstində rəmzi məna daşıyır. Heydər Əliyevin bu yüksək səviyyəli görüşdə iştirakı Azərbaycanın gələcək perspektivlərinə, yeni nəslin qlobal proseslərə erkən mərhələdən inteqrasiyasına verilən önəmin göstəricisi kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda, müasir Azərbaycanın siyasi məktəbinin formalaşmaqda olduğunu və dövlətçilik ənənələrinin davamlı xarakter daşıdığını nümayiş etdirir.

“Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbiri, əslində, siyasi mesaj xarakteri daşıyırdı: beynəlxalq ictimaiyyət Azərbaycanı dinləyir və onun mövqeyini qəbul edir. Bu, postmünaqişə dövründə formalaşmış yeni regional düzənin artıq qlobal səviyyədə legitimləşdiyini göstərir. Qarabağda yaradılan yeni reallıqlar, Azərbaycanın sülh təşəbbüsləri və regionda əməkdaşlıq çağırışları artıq beynəlxalq auditoriya üçün qəbulolunan siyasi xətt kimi təqdim olunur.

Bu tədbir, eyni zamanda, informasiya müharibəsi müstəvisində də mühüm əhəmiyyət kəsb edir. Uzun illər ərzində Azərbaycanla bağlı formalaşdırılmış birtərəfli və qərəzli yanaşmaların fonunda Prezident İlham Əliyevin birbaşa dialoq mühitində çıxış etməsi ölkəmizin mövqeyinin heç bir filtr olmadan qlobal ictimaiyyətə çatdırılmasına imkan yaratdı. Bu, Azərbaycanın informasiya suverenliyinin və siyasi narrativinin beynəlxalq məkanda möhkəmlənməsi baxımından mühüm addımdır.

Beləliklə, Davosda keçirilən bu tədbir Azərbaycanın siyasi çəkisinin artmasının, Prezident İlham Əliyevin isə qlobal miqyasda qəbul edilən lider kimi mövqeyinin möhkəmlənməsinin bariz nümunəsidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Leyla xanım Əliyevanın və müxtəlif görüşlərdə Heydər Əliyevin iştirakı bu prosesə ailəvi deyil, dövlətçilik baxımından bütöv bir komanda modeli qazandırır. Bu görüş bir daha təsdiqlədi ki, Azərbaycan artıq regional çərçivələrlə məhdudlaşan dövlət deyil; ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, məsuliyyətli aktor və təşəbbüskar güc kimi qəbul olunur. Prezident İlham Əliyevin Davos platformasında nümayiş etdirdiyi siyasi iradə və strateji baxış Azərbaycanın gələcək qlobal mövqeyinin ideoloji və siyasi əsaslarını formalaşdırır.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər