PDF Oxu

Siyasət

  • 787

Yüksək mükafat tarixi məsuliyyət və ali şərəfdir ŞƏRH

image

Şeyx Zayed öz həyatını humanizmə, tolerantlığa, xalqlar arasında dialoqa və davamlı inkişafa həsr etmiş bir lider idi. O, siyasi gücü mənəvi dəyərlərlə uzlaşdırmağın mümkün olduğunu sübut etdi. Onun baxışında inkişaf yalnız iqtisadi göstəricilərlə ölçülmürdü; insan ləyaqəti, sosial ədalət və mərhəmət bu baxışın mərkəzində dayanırdı. Bu səbəbdən Şeyx Zayedin adını daşıyan mükafat sıradan bir təltif deyil, dərin fəlsəfi və etik məna daşıyan bir simvoldur.Belə bir mükafata layiq görülmək insanın gördüyü işlərin təsir dairəsinin fərdi çərçivəni aşdığını göstərir. Bu, fəaliyyətin cəmiyyətə, insanlığa və ümumbəşəri dəyərlərə xidmət etdiyinin beynəlxalq miqyasda qəbul edilməsi deməkdir. Eyni zamanda bu mükafat sahibinə bir mesaj verir: əldə olunan nəticələr son deyil, daha böyük məsuliyyətin başlanğıcıdır.

Prezident İlham Əliyevin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi müasir dövrdə sülh, dialoq və humanitar dəyərlərə əsaslanan dövlət siyasətinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu hadisə yalnız bir liderin fəaliyyətinə verilən dəyər deyil, eyni zamanda Azərbaycanın son illərdə seçdiyi siyasi kursun, regional və qlobal yanaşmasının təsdiqidir.Zayed İnsan Qardaşlığı Mükafatı dünyada insanları ayıran deyil, birləşdirən dəyərlərin təşviqini əsas məqsəd kimi qarşıya qoyur. Mükafatın ideoloji mahiyyəti qarşıdurma və zorakılıq fonunda dialoqun, qarşılıqlı anlayışın və əməkdaşlığın vacibliyini ön plana çıxarır. Bu baxımdan Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi Azərbaycanın beynəlxalq münasibətlərdə sərgilədiyi məsuliyyətli və balanslı mövqeyin göstəricisi kimi qiymətləndirilir.Azərbaycan tarixən mədəniyyətlərin, dinlərin və xalqların qovuşduğu bir coğrafiya olub. Bu müxtəliflik əsrlər boyu qarşılıqlı hörmət və birgəyaşayış prinsipləri əsasında formalaşıb. Müstəqillik dövründə bu ənənələr dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Multikulturalizm və dini tolerantlıq Azərbaycanda formal anlayış deyil, real ictimai münasibətlərin əsasını təşkil edir. Fərqli dini icmaların sərbəst fəaliyyəti, mədəni irsin qorunması və təşviqi bu siyasətin praktiki nəticələrindəndir.Region uzun illər münaqişələr, gərginliklər və humanitar böhranlarla yadda qalıb. Bu proseslər təkcə dövlətlərarası münasibətlərə deyil, milyonlarla insanın taleyinə birbaşa təsir göstərib. Azərbaycan bu mürəkkəb şəraitdə sülhün alternativsiz olduğunu dəfələrlə bəyan edib və praktiki addımlarla bu mövqeyini nümayiş etdirib. Qarşıdurmadan əməkdaşlığa keçid, dialoqa əsaslanan yanaşma və gələcəyə yönəlmiş siyasət regional sabitlik üçün yeni imkanlar yaradıb.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan siyasi xətt sülhü yalnız münaqişənin olmaması kimi deyil, davamlı inkişaf, təhlükəsizlik və sosial rifah üçün əsas şərt kimi dəyərləndirir. Bu yanaşma göstərir ki, real sülh yalnız razılaşmalarla deyil, qarşılıqlı etimadın formalaşması və humanitar dəyərlərin möhkəmləndirilməsi ilə sıx bağlıdır.

Zayed İnsan Qardaşlığı Mükafatının təqdim edilməsi həm də müasir dünyada liderliyin mahiyyəti ilə bağlı mühüm mesaj verir. Bu mesaj ondan ibarətdir ki, beynəlxalq nüfuz yalnız iqtisadi və ya siyasi güclə deyil, eyni zamanda insan həyatına, sülhə və humanizmə verilən dəyərlə ölçülür. Humanitar məsuliyyət, dialoqa açıqlıq və əməkdaşlığa hazır olmaq müasir liderliyin əsas göstəricilərindən biridir.Bu mükafat Azərbaycan üçün qürur mənbəyi olmaqla yanaşı, eyni zamanda ciddi məsuliyyətdir. Bu mükafat, ölkənin bundan sonra da regionda və beynəlxalq arenada sülh təşəbbüslərini dəstəkləmək, humanitar əməkdaşlığı genişləndirmək və insan qardaşlığı ideyalarını təşviq etmək istiqamətində fəaliyyətini davam etdirəcəyini göstərir.

Vüqar Həsənli

YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər