Sülh bəşəriyyətin ən ali və dəyişməz dəyərlərindən biri olmaqla, xalqların təhlükəsiz, sabit və firavan şəkildə yaşamasının əsas təminatıdır. Müasir dünyada münaqişələrin, qarşıdurmaların və geosiyasi gərginliklərin artdığı bir şəraitdə sülhün qorunması və möhkəmləndirilməsi yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq məsuliyyətidir. Dialoq, qarşılıqlı hörmət, humanizm və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasət isə bu məqsədə nail olmağın ən etibarlı yoludur. Məhz bu baxımdan, qlobal miqyasda səsləndirilən sülh çağırışları və humanitar dəyərlərə söykənən mesajlar xüsusi əhəmiyyət kəsb edir və beynəlxalq münasibətlərdə yeni əməkdaşlıq imkanları formalaşdırır.
4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi beynəlxalq gündəmdə qlobal sülh arxitekturasının formalaşması baxımından mühüm siyasi platforma kimi çıxış etdi. Prezident İlham Əliyevin bu mərasimdəki çıxışı Azərbaycanın postmünaqişə mərhələsində hansı strateji istiqaməti seçdiyini aydın şəkildə ortaya qoydu. Belə ki, bu postmüharibə dövründə müharibədən çıxmış dövlətimiz sülhün aparıcı memarına çevrildi.
Cənab Prezidentin çıxışı həm konseptual, həm də praktiki baxımdan Azərbaycanın xarici siyasət fəlsəfəsinin transformasiyasını nümayiş etdirdi. Prezident İlham Əliyevin fikirləri göstərir ki, Azərbaycan artıq yalnız milli maraqlar prizmasından deyil, regional və qlobal məsuliyyət kontekstində düşünən aktoraçevrilib.
Prezident İlham Əliyev Şeyx Zayedin adını daşıyan mükafatı böyük şərəf kimi dəyərləndirdi. Şeyx Zayed XX əsrin ikinci yarısında Yaxın Şərqdə dövlət quruculuğunuyalnız güc və resurs üzərində deyil, sosial ədalət, insan ləyaqəti və humanist dəyərlər üzərində inşa etmiş nadir liderlərdən biri olmuşdur.
Azərbaycanın son illərdə apardığı siyasət də oxşar məntiqə söykənir. Belə ki, hərbi qələbə əldə edildikdən sonra dövlətimizin əsas məqsədi barışıq və bərpa prosesinin təşviqidir.
Prezident İlham Əliyevin Əl-Əzhərin böyük imamına və Roma Papasına təşəkkürü Azərbaycanın yumşaq güc strategiyasının mühüm elementidir. Dövlətimiz hər zamantolerantlığı ilə seçilir, uzun illərdir dinlərarasıdialoq üçün platforma kimi çıxış edir. Bakı Prosesi, Ümumdünya MədəniyyətlərarasıDialoq Forumları bu strategiyanın institusionalçərçivəsini təşkil edir.
Bu siyasət göstərir ki, Azərbaycan sülhü yalnız regional məsələ kimi deyil, qlobal dəyər kimi qəbul edir.
2025- ci ilin 8 avqust tarixində Vaşinqtonda baş tutmuş üçtərəfli Zirvə Görüşü Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən dizaynı kimi qiymətləndirilə bilər. Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması artıq münaqişənin hüquqi-siyasi müstəvidə başa çatdırıldığınıgöstərir.
Prezident İlham Əliyevin “biz sülh şəraitində yaşamağı öyrənirik” fikri həm daxili ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya ünvanlanmış strateji mesajdır: Azərbaycan yeni mərhələyə qədəm qoyub və bu mərhələnin əsas ideyası konstruktiv əməkdaşlıqdır.
Dövlət başçımız çıxışıda ABŞ Prezidenti Donald Trampa da təşəkkürünü bildirdi. Cənab Prezidentin də vurğuladığı kimi, Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, o cümlədən Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi də imzalamış və bununla da üç onillikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur.
Ermənistanla normallaşma prosesinin davam etdiyi bir dövrdə, Azərbaycanın bu dövlətlə neft məhsullarının ixracına başlamasıvə tranzit məhdudiyyətlərinin aradan qaldırılması sülhün praktiki təzahürüdür.
Prezident İlham Əliyevin Əbu-Dabidə səsləndirdiyi mesajlar Cənubi Qafqazın gələcək onilliklərini müəyyənləşdirəcək strateji baxış sənədidir. Azərbaycanın təqdim etdiyi yol xəritəsi göstərir ki, hətta ən mürəkkəb münaqişələr belə siyasi iradə, praqmatik diplomatiya və humanist dəyərlərin sintezi nəticəsində həll oluna bilər.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini