"İnsan və ideyalar barədə danışarkən onların təqdimat formasının düzgün seçilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, əsas məqsəd yalnız akademik mühitdə müzakirə aparmaq deyil, geniş ictimaiyyətlə ünsiyyət qurmaqdır. Akademik auditoriya elmi diskussiyalara alışsa da, müxtəlif bölgələrdən və sosial təbəqələrdən olan insanlar üçün mövzular daha aydın və əlçatan dildə izah edilməlidir".SİA xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc keçirilən elmi konfransda çıxışı zamanı səsləndirib.O bildirib ki, kütləvi tədbirlərdə yalnız elmi terminologiya ilə danışmaq kifayət deyil, cəmiyyətə yaxın və anlaşıqlı üslub seçilməlidir. Bu istiqamətdə ölkədə artıq yaxşı təşkilatlanmanın mövcud olduğu, alimlərin və dövlət nümayəndələrinin fəal iştirak etdiyi qeyd olunub. Eyni zamanda, keçirilən tədbirlərin smart və rəqəmsal platformalar üzərindən geniş auditoriyaya çatdırılması müsbət hal kimi qiymətləndirilib.Zahid Oruc sənaye inqilablarının tarixi inkişaf xəttinə də toxunaraq bildirib ki, hər mərhələ iki paralel xətt üzrə inkişaf edib – tərəqqi və qorxu. Birinci sənaye inqilabı dövründə maşınların işsizliyə səbəb olacağı düşünülürdü, lakin nəticədə istehsal artdı və yeni peşələr yarandı. İkinci sənaye inqilabı – elektrik enerjisinin tətbiqi də oxşar narahatlıqlarla qarşılandı, amma bu gün elektrik enerjisini həyatımızdan kənar təsəvvür etmək mümkün deyil.Deputat qeyd edib ki, üçüncü sənaye inqilabı – kompüter və informasiya texnologiyalarının yaranması – ötən əsrin ortalarında təsəvvür olunmayan dəyişikliklərə yol açdı və hazırda informasiya texnologiyaları bəşəriyyətin əsas dayaqlarından birinə çevrilib. Dördüncü sənaye inqilabı isə smart sistemləri və qlobal şəbəkələşməni həyatımıza gətirib, milyardlarla insan rəqəmsal platformalarda fəaliyyət göstərir. Hətta bəzi ölkələrdə azyaşlıların sosial media və smart sistemlərə çıxışının məhdudlaşdırılması istiqamətində addımlar atılması texnologiyanın sosial təsirinin miqyasını göstərir.Zahid Oruc vurğulayıb ki, hazırda dünya beşinci sənaye inqilabının – süni zəka mərhələsinin astanasındadır. Onun sözlərinə görə, son illərdə süni zəka məhsulları şirkət və müəssisələrin fəaliyyətində 60 faizdən çox paya malikdir və bu, qlobal tendensiyadır.Millət vəkili “süni zəka” anlayışının semantik baxımdan bəzən yanlış qavranıldığını da qeyd edib: “’Süni’ sözü qeyri-təbii və ya təhlükəli məna kimi qəbul olunur. Halbuki süni zəka insanın yaradıcı zəkasının məhsuludur və insanı əvəz etmək üçün deyil, onun imkanlarını genişləndirmək üçün yaradılıb”.Onun fikrincə, süni zəka məsələsinə qorxu prizmasından deyil, idarəolunan inkişaf və etik çərçivə kontekstində yanaşmaq daha düzgündür. Tarix göstərir ki, hər sənaye inqilabı əvvəlcə narahatlıq doğurub, lakin nəticədə insan həyatını asanlaşdırıb və yeni imkanlar yaradıb.Zahid Oruc bildirib ki, süni zəkanın inkişafı yalnız texniki deyil, eyni zamanda fəlsəfi, sosial və mədəni məsələdir və bu sahədə hüquqi və etik mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Müəllif: Günel Fərzəliyeva