ABŞ–Azərbaycan münasibətlərində strateji tərəfdaşlığın dərinləşməsi və qlobal kontekstdə geosiyasi reallıqlar fonunda ilk dəfə olaraq ABŞ-ın vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfəri həm tarixi, həm də siyasi baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Cənubi Qafqazın geosiyasi arxitekturasında yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Xüsusilə 8 avqust 2025-ci ildə ABŞ-da keçirilmiş yüksək səviyyəli görüşdən sonra atılan bu addım iki ölkə arasında dialoqun sistemli və strateji çərçivəyə keçdiyini göstərir.
Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya mahiyyət etibarilə siyasi dialoqun institusionallaşdırılması, təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin koordinasiyası, eləcə də demokratik institutların inkişafı və iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi istiqamətlərini əhatə edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bununla bağlı Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bu siyasi hadisənin əhəmiyyəti yüksək qiymətləndirilmişdirmünasibət belə ifadə olunmuşdur: “Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür… və ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır”.
Bu sənəd bir neçə mühüm istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Burada ilk öncə təhlükəsizlik və sabitlik amili önə çıxarılır. Belə ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas dayağı kimi çıxış edir. ABŞ üçün regionda etibarlı tərəfdaşın olması strateji əhəmiyyət kəsb edir. İkincisi, Azərbaycanın Avropanın enerji xəritəsində rolu artmaqda davam edir. Xəzər hövzəsi resurslarının Qərb bazarlarına çıxarılması ABŞ-ın qlobal enerji təhlükəsizliyi strategiyası ilə üst-üstə düşür. Bundan əlavə, nəqliyyat və logistika məsələləri baxımından Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanın tranzit imkanları qlobal ticarət zəncirində alternativ və təhlükəsiz marşrut kimi əhəmiyyət qazanır.
ABŞ-ın vitse -prezidentinin Bakıya səfəri, eyni zamanda, “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutunun (TRİPP)”, başqa sözlə Zəngəzur dəhlizinin də daxil olduğu və Şərq-Qərb əlaqələrinin yüksək rentabelliyinin təminatçısı kimi çıxış edəcək beynəlxalq loğistika layihəsinin reallaşmasına doğru atılan müstəsna siyasi əhəmiyyətə malik ciddi addımdır. Artıq hər kəsə aydındır ki, ABŞ-ın yeni geosiyasi baxışında Avrasiya məkanında alternativ ticarət və enerji marşrutlarının formalaşdırılması prioritetdir. Azərbaycan isə bu kontekstdə həm coğrafi, həm iqtisadi və enerji təhlükəsizliyi, həm də siyasi baxımdan əsas halqadır. Ona görə də “Tramp marşrutu” kimi təqdim edilən konsept – yəni Avropanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən yeni iqtisadi xətt – məhz Bakı üzərindən reallaşa bilər. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməsi ölkəni qlobal tranzit və enerji qovşağına çevirib. Prezident İlham Əliyev bu layihənin Tramp-Vens administrasiyasının regionumuzdakı sülh və əməkdaşlıq səylərinin mühüm nəticələrindən biri kimi dəyərləndirmiş və eyni zamanda Vaşinqton - Bakı münasibətlərinin inkişafına mühüm töhfə olduğunu bildirmişdir: “…O, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur… Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq”.
Beləliklə, 8 avqust 2025-ci il tarixli görüşdən sonra vitse-prezident səviyyəsində Bakıya səfər bu strategiyanın praktik mərhələyə keçdiyini nümayiş etdirir. Bu, ABŞ–Azərbaycan münasibətlərinin epizodik deyil, uzunmüddətli strateji əməkdaşlıq modelinə keçdiyini təsdiq edir.
Bütün bunlar Azərbaycanın regional gücdən qlobal oyunçuya çevrildiyinin görüntüləridir. Ölkə Prezidenti cənab İlham Əliyevin beynəlxalq miqyasda ardıciıllıqla həyata keçirdiyi praqmatik siyasi kursun nəticəsi olaraq son illərdə Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi proseslərində fəal iştirak edən aktora çevrilib. Enerji gəlirlərinin şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və infrastruktur layihələrinin genişlənməsi ölkənin dayanıqlı iqtisadi model formalaşdırdığını göstərir. Azərbaycanın təşəbbüskarlığı ilə regionda yeni əməkdaşlıq formatları yaranıb və post-münaqişə mərhələsində sülh gündəliyi irəli sürülüb. Bütün bunlar Azərbaycanın artıq təkcə regional deyil, həm də qlobal səviyyədə etibarlı tərəfdaş və güclü dövlət kimi qəbul edilməsini şərtləndirən güclü amilləıtdir.
Cənubi Qafqaz uzun illər geosiyasi rəqabət meydanı olub. Lakin hazırkı mərhələdə 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş tarixi nailiyyətlər və yeni reallıqlar Azərbaycanın liderliyi ilə regionda dayanıqlı sülhün təmin olunması istiqamətində geniş imkanların formalaşmasına yol açıb. ABŞ-ın bu prosesə dəstəyi isə balanslı və sabit regional sistemin qurulmasına xidmət edir.
Beynəlxalq müstəvidə isə Azərbaycan çoxtərəfli diplomatiya yürüdərək həm Qərb, həm də Şərq istiqamətində əlaqələri balanslaşdırır. Bu siyasət ölkəni geosiyasi qarşıdurmaların deyil, əməkdaşlıq platformalarının mərkəzinə çevirir.
ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşməsi həm də birbaşa olaraq ölkənin daxili inkişafına da mühüm impuls kimi dəyərləndirilməlidir. Strateji Əməkdaşlıq haqqında Xartiyada nəzərdə tutulmuş niyyətlər reallaşdığı halda xarici investisiyaların artması, yeni texnologiyaların transferi, infrastruktur və sənaye layihələrinin genişlənməsi, enerji və nəqliyyat gəlirlərinin çoxalması - bütün bunlar nəticə etibarilə vətəndaşların sosial rifahının yüksəldilməsinə, məşğulluğun artmasına və iqtisadi dayanıqlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Nəticə etibarı ilə, ABŞ-ın vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu hadisə yalnız diplomatik protokol çərçivəsində qiymətləndirilə bilməz; o, qlobal enerji təhlükəsizliyi, Avrasiya nəqliyyat dəhlizləri və Cənubi Qafqazda sülh gündəliyi baxımından mühüm geosiyasi hadisədir.
Əli Hüseynli
Milli Məclisin deputatı