PDF Oxu

Siyasət

  • 849

Münxendən verilən mesaj: yeni strateji mərhələ başlayır

image

Dövlətimizin başçısı İlham Əliyevin ötən həftə Almaniyaya səfəri zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “France 24” telekanalına verdiyi müsahibədə jurnalistin “Avqustun 8-də Sizin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə üçtərəfli görüş keçirildi. Azərbaycan ilə Ermənistan arasında münaqişəyə son qoymaq, nəqliyyat marşrutlarının açılması və münasibətlərin normallaşdırılması haqqında bəyannamə imzalandı. Tam sülhün və tam normallaşmanın tezliklə olacağını düşünürsünüzmü?” sualına verdiyi cavab regionun gələcək geosiyasi dinamikasına dair mühüm mesajlarla yadda qaldı. Xüsusilə ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması və TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsi barədə səsləndirilən fikirlər diqqət mərkəzinə çevrildi.

Prezident açıq şəkildə bəyan etdi ki, Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək marşrutun reallaşacağına heç bir şübhə yoxdur. Onun sözlərinə görə, bu layihədə ABŞ-ın rolu həlledicidir və Prezident Trampın adını daşıyan təşəbbüs artıq Vaşinqtonun siyasi gündəliyindədir. Qeyd olundu ki, Ermənistan seqmenti cəmi 40 kilometrdən bir qədər artıqdır, halbuki Azərbaycan öz ərazisində yüzlərlə kilometr dəmir yolu inşa edir və Naxçıvanda geniş bərpa işləri aparılır. Bu fakt layihənin texniki baxımdan mürəkkəb olmadığını, əsas məsələni siyasi iradənin təşkil etdiyini göstərir.

Əslində, bu bəyanat “Zəngəzur dəhlizi” adlandırılan marşrutun yeni mərhələyə keçdiyini nümayiş etdirir. Əgər indiyə qədər məsələ əsasən regional müzakirə predmeti idisə, indi artıq qlobal aktorun açıq iştirakı ilə beynəlxalq layihə statusu qazanır. Bu isə Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişə biləcək addım kimi qiymətləndirilir.

Müsahibənin ikinci mühüm istiqaməti ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası oldu. Prezident İlham Əliyev bu sənədi ölkə üçün böyük uğur adlandıraraq Azərbaycanın dünyanın ən güclü dövləti ilə rəsmi strateji tərəfdaş statusu əldə etdiyini vurğuladı. Xartiyada müdafiə sənayesi, enerji, süni intellekt, investisiya, ticarət və bağlantı sahələri əhatə olunur. Eyni zamanda Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığı bildirildi.

Bu məqam regionun təhlükəsizlik arxitekturası baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki müdafiə əməkdaşlığının genişlənməsi təkcə hərbi sahə ilə məhdudlaşmır, eyni zamanda siyasi çəkini və strateji balansı da formalaşdırır. Azərbaycanın həm enerji təhlükəsizliyi, həm də nəqliyyat dəhlizləri üzrə rolu nəzərə alındıqda, Vaşinqtonla institusional əməkdaşlığın genişlənməsi ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

Ötən həftə ABŞ vitse-prezidentinin səfəri də konkret nəticələrə yönəlmiş diplomatik addım kimi qiymətləndirilir. Bu səfər göstərdi ki, Vaşinqton Cənubi Qafqazı artıq kənar müşahidəçi kimi deyil, birbaşa tərəfdaşlıq platforması kimi görür.

Beləliklə, Münxendə səslənən fikirlər sadəcə siyasi bəyanatlar deyil: onlar yeni nəqliyyat marşrutlarının açılması, təhlükəsizlik əməkdaşlığının dərinləşməsi və Azərbaycanın qlobal geosiyasi mövqeyinin güclənməsi istiqamətində atılan real addımların anonsu kimi qəbul olunur. Region üçün isə bu, yeni mərhələnin başlanğıcı deməkdir.

Mətanət Məmmədova

Digər xəbərlər