İdeoloji baza, lider faktoru və konsepsiya tərkibi
“Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər"- Heydər Əliyev
Hər hansı bir xalqın vahid ideologiya ətrafında birləşməsi üçün əsas şərtlərdən biri də bütün xalqın hörmət bəslədiyi, böyük həyat təcrübəsinə, dərin ağıl və analitik düşüncəyə, uzaqgörənlik və fədakarlıq kimi xüsusiyyətlərə malik bir liderin meydana çıxmasıdır. Tarix və təcrübə göstərir ki, məhz belə liderlərin var olduğu xalqlar özlərinin böyük tarixini yaratmış, güclü dövlətini qurmuş və dünyada öndə gedən cəmiyyətlərdən birinə çevrilmişlər. Azərbaycan xalqı da onlardan biridir.
Xalq birliyi konsepsiyasında lider fenomeninə bir baxış
Azərbaycançılıq ideoloji konsepsiyasının təşəkkülündə şəxsiyyətlərin, liderlərin mühüm rolu danılmazdır. Azərbaycan tarixində də zaman-zaman böyük liderlər olmuş və xalq onların ətrafında birləşərək öz Vətənləri uğrunda, ümumi mənafelər naminə mübarizə aparmışlar.
Bu şəxsiyyətlərdən hər biri öz imkanları və dövrün şərtləri çərçivəsində Azərbaycan dövləti və xalqı üçün çalışmışlar. Lakin bir çox hallarda geosiyasi reallıqların düzgün qavranılmaması, strateji proqramın, həmçinin yaxşı komandanın olmaması onlara son məqsədə nail olmağa imkan verməmişdir.
Hər hansı ideologiyaya mənsub olmaq əsas deyil, o ideologiyanı bütün xalqa qəbul etdirə bilmək əsasdır ki, bunun üçün güclü şəxsiyyət, dərin təfəkkür və ağır zəhmət tələb olunur.
Düzdür, əvvəlki əsrlərlə müqayisədə XX əsrdə savadlılıq, milli şüur və dövlətçilik düşüncəsi cəhətdən xalq daha üstün vəziyyətdə idi, buna baxmayaraq, Azərbaycançılıq ideologiyasını fərqli etnik və dini icmaların yaşadığı bir respublikada vahid ideologiya kimi qəbul etdirmək o qədər də asan deyildi. Bunu reallaşdırmaq üçün liderə dərin dünyagörüşü, böyük dövlətçilik təcrübəsi, analitik düşüncə qabiliyyəti, öz xalqının dəyərlər sistemini və psixologiyasını yaxşı bilmək, strateji proqramlar hazırlaya bilmək kimi xüsusi istedad lazım idi. Azərbaycan xalqı XX əsrin ortalarında bütün bu xüsusiyyətləri özündə birləşdirən bir şəxsiyyət yetişdirə bildi. Bu şəxsiyyət, sonralar dünyanın ən nüfuzlu siyasətçilərindən biri kimi tanınacaq, dünyanın ən qüdrətli dövlətlərindən birinin rəhbərliyinə yüksələcək, müstəqil Azərbaycan dövlətini tarixin təlatümlərindən çıxarıb qoruya biləcək qədər yüksək keyfiyyətlərə sahib olan ümummilli lider Heydər Əliyev idi.
Azərbaycançılıq ideologiyasını bərqərar edəcək lider necə yetişdi?
XX əsrin 2-ci yarısı. Azərbaycan xalqının tarixində yeni bir milli lider, böyük şəxsiyyət yetişməkdədir. Azərbaycan bir müttəfiq respublika kimi Sovet İttifaqına daxildir. Rəsmi və hüquqi olaraq müstəqil respublika kimi ittifaq üzvüdür, lakin faktiki olaraq tam müstəqillik yoxdur, baxmayaraq ki, milli və dövlət atributlarına, dövlət idarəetmə institutlarına, milli dildə təhsil, mədəniyyət, konkret coğrafi sərhədlərə malikdir. Bir çox əsas hüquqlar İttifaq hökumətinə verilib və burada da xalqımızın əzəli düşməni olan erməni xalqının çoxsaylı nümayəndələri hakim mövqelərdə daha çox təmsil olunurlar və əhəmiyyətli qərarların qəbulunda ciddi təsir göstərə bilirlər.
Belə bir şəraitdə İttifaqın ali hakimiyyət orqanlarında xalqımızın da təmçilçilərinin olması vacibdir. Nərimanovdan sonra uzun illər yüksək dövlət orqanlarında təmsil olunan azərbaycanlı yoxdur. Lakin Azərbaycanda belə bir şəxsiyyət yetişməkdədir. Bu, gələcəkdə həmin mərtəbələrə yüksələ biləcək, xalqımızın ümumilli liderinə çevriləcək Heydər Əliyevdir.
Hələlik isə, 60-ci illərin sonlarıdır və o, Azərbaycan DTK-nın rəhbəri vəzifəsinə qədər yüksələrək respublikada və Mərkəzdə Kommunist Partiyasının vəsiqəsi altında maskalanmış gizli erməni daşnaklarının xalqımıza qarşı fəaliyyətinin qarşısını ala biləcək imkanlara sahibdir, təbii ki, bu imkanlardan necə lazımdı istifadə edir. Artıq erməni daşnakları respublikada at oynada bilmirlər və yeni DTK sədrindən Moskvaya şikayətlər göndərməklə məşğul olurlar.
Bütün maneələrə baxmayaraq, sarsılmaz iradəyə malik bu şəxsiyyət əzmlə hakimiyyət pillələrində irəliləyir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi seçilir. Respublikaya rəhbərlik etdiyi 13 il ərzində Azərbaycanda inanılmaz irəliləyişlər əldə edilir. Respublika iqtisadiyyatnda böyük sıçrayiş baş verir, sosial vəziyyət xeyli yaxşıllaşır, elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində çox böyük uğurlar və inkişaf əldə olunur.
Bu dövrdə Heydər Əliyev artıq Azərbaycançılıq ideologiyasının əsas bazasını hazırlayır. Milli dilin dövlət sənədləşmələrində üstünlük qazanması, ana dilində təhsil ocaqlarının və KİV-lərin sayının artması, milli kadrların yetişdirilməsi, Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi, təbliği və qorunması, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi işi geniş vüsət alır. Beləliklə, xalqımızın milli kimliyini daha yaxşı dərk etməsi üçün ideoloji baza hazırdır.
Böyük şəxsiyyət öz xalqının milli kimliyini necə ucaltdı?
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Beləlilklə, nəhayət xalqımızın təmsilçisi dünyanın ən böyük dövlətinin ən ali rəhbərlərindən birinə çevrilir ki, bu da ermənilərin arzularını gözündə qoyur. Artıq onlar Azərbaycana qarşı öz planlarını həyata keçirə bilmirlər, çünki qarşılarında keçilməz böyük Heydər Əliyev səddi var.
Buna görə də, erməni klanı bütün gücünü Heydər Əliyevi neytrallaşdırmağa qoyur. Kremldə onların himayədarlarının təzyiqləri, SSRİ rəhbərliyinin şəxsiyyətinə və xalqımıza qarşı ədalətsiz mövqeyinə etiraz edərək Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verir.
Bundan sonra ermənilərin qarşısında artıq heç bir ciddi maneə qalmır və Azərbaycana qarşı ərazi iddialarını gücləndirirlər. 88-ci ildə isə Qarabağda artıq qanlı qırğınlar törədərək prosesi başladırlar. Məhz bu ağır illərdə respublikaya və xalqa lider həmişəkindən daha çox lazım idi. Lakin o dövrdəki respublika rəhbərləri bu funksiyasını yerinə yetirə bilmirlər və nəticədə vəziyyət getdikcə pisləşir. Artıq 250 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edilmiş, Qarabağda isə azərbaycanlı əhaliyə soyqırımı həyata keçirməyə başlamışdılar. Respublika rəhbərliyi bu faciələrin qarşısını ala biləcək, xalqı birləşdirə biləcək iradə göstərə bilmir.
Respublikada Mərkəzin ədalətsiz yanaşmasına və erməni təcavüzünün qarşısını almamasına qarşı başlayan xalq hərəkatı isə vaxtilə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ideoloji bazanın əsasında meydana çıxdı. Azərbaycançılıq ideologiyası əvvəlcədən xalqın geninə qanına hopdurulmuşdu və indi bu iradənin nümayişi üçün tarixi zərurət yaranmışdı. Bu milli iradə o qədər güclü idi ki, Vətən uğrunda milyonları bir yumruq kimi birləşdirə bildi və 90-ci ilin yanvarında Bakıya yeridilmiş Sovet Ordusunun hissələrinin qarşısında dayanmağa özündə güc tapdı.
1991-ci ilin oktyabrında Azərbaycan Ali Soveti müstəqillik aktı qəbul etdi və ittifaqdan çıxdı, dekabrın sonunda isə Sovet İttifaqı öz mövcudluğunu başa çatdırdı. Azərbaycan artıq tam müstəqil dövlət kimi beynəlxalq aləmdə öz yerini tutmuşdu.

Ümummilli liderin yenidən meydana qayıtması və ideoloji mübarizəsinin kulminasiyası
Müstəqilliyin ilk illərində respublika rəhbərləri xalqla bir ola bilmədi, baxmayaraq ki, milli birliyə, torpaqları qorumağa həyati ehtiyac yaranmışdı. Bu işi sıralarında bir çox ziyalı və vətənpərvərlərin birləşdiyi Azərbaycan Xalq Cəbhəsi öz üzərinə götürdü. Lakin bu xalq hərəkatının da siyasətdən anlayan, uzaqgörən lideri yox idi. Ona görə də, təşkilat daxilində mübarizə gedir, hər lider özünün üstünlüyünü təmin etməyə çalışırdı. Bu şəraitdə müharibədə arıdıcıl məğlubiyyətlər, paytaxtda hökumət böhranı, dövlət çevrilişi cəhdləri, bölgələrdə qondarma respublikaların elan edilməsinədək hər cür xaos baş verirdi.
1993-cü ildə artıq dövlətimiz məhv olma təhlükəsi ilə üz üzə dayanmışdı. AXC-Musavat hakimiyyəti ölkəni parçalanmaq həddinə gətirmiş, iqtisadiyyat dağıdılmış, sosial vəziyyət ağırlaşmış, Qarabağın böyük hissəsi Ermənistan ordusu tərəfindən işğal edilmişdi.
Belə ağır vəziyyətdə xalqa möhkm ideoloji bazaya söykənən milli birlik lazım idi. Bu milli birliyi yaradacaq liderə ehtiyac isə daha çox idi. Bunu ölkənin ziyalıları daha tez başa düşdülər və 91 nüfuzlu ziyalımız “Səs” qəzeti vasitəsilə Naxçıvan Ali Məclisinin sədri, ümumilli lider Heydər Əliyevə mürqciət ünvanladı. Ulu öndər elə həmin qəzet vasitəsilə bu müraciətə cavab verdi. 93-cü ilin iyununda Gəncədə başlayan hərbi qiyam artıq ölkəni vətəndaş müharibəsi, dövlətin dağılması təhlükəsi ilə üz-üzə qoymuşdu. Hakimiyyət rəhbərləri məcburiyyət qarşısında Heydər Əliyevə müraciət edib ölkəni saldıqları ağır vəziyyətdən çıxarması üçün paytaxta dəvət etdilər.
Əvvəl Ali Sovetin sədri, daha sonra prezidentin öz postunu qoyub qaçmasından sonra ölkə prezidenti seçilən Heydər Əliyev qısa müddətdə ölkənin qorunması, iqtisadi inkişafı, güclü ordunun yaradılması üçün strateji inkişaf planı hazırladı və həyata keçirdi. Beləliklə, xalqımız özünə tarixinin ən kritik dövründə düzgün lider seçməklə faciələrdən, fəlakətlərdən qurtuldu.
Göründüyü kimi, tariximizin bu dövründə də xalqın, dövlətin yaşamasında şəxsiyyətin əvəzedilməz rolu təsdiq olunur. Lakin, burada vacib bir məqam, daha doğrusu sual ortaya çıxır- ölkəni, xalqı, bu çıxılmaz vəziyyətdən bacarıqla və uzaqgörənliklə çıxaran lider xalqı hansı dəyərlər, hansi ideologiya ətrafında birləşdirə bilmişdi və bu birliyin ideoloji bazası nə idi?
Azərbaycançılıq ideologiyası fərqli etnik və dini qrupları necə birləşdirə bilir?
Azərbaycançılıq ideologiyasını formalaşdırmaq asan iş deyildi, ona görə ki, çoxmillətli respublikamızda müxtəlif mədəniyyətlərə, dinlərə, məzhəblərə mənsub qruplar yaşayır. Etnik, dini, mədəni cəhətdən zəngin olan hər hansı bir xalqı hər hansı bir dini, etnik və ya siyasi ideyada birləşdirmək çox çətindir.
Ümumilli lider elə bir ideologiya ortaya qoydu ki, həm tarixi köklərə, həm mədəni birliyə, həm də ümumi maraqlara söykənən bir vahid cəmiyyət formalaşdı. Düzgün və lazımi təbliğat, maarifləndirmə aparıldıqda, hamıya aydın olur ki, bu ideologiya heç bir dini, etnik bazaya, siyasi mənsubiyyətə söykənmir. Hər hansı bir dinin, etnik qrupun, mədəniyyətin daşıyıcısı öz mənsubiyyətini, milli-mənəvi dəyərlərini dəyişmədən də ümumi, ortaq dəyərləri özündə birləşdirən bu ideologiyaya xidmət edə bilər.
Heydər Əliyev hesab edirdi ki, yalnız Azərbaycançılıq, respublikada yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü öz Vətəninin və Dövlətinin layiqli vətəndaşı kimi hiss etmək imkanı verəcək. Elə də oldu.
Azərbaycan multikultural cəmiyyətdir. Hər nə qədər fərqli mədəniyyətlərə malik olsa da, bu mədəniyyətlərləri birləşdirən dəyərlər ayıranlardan xeyli çoxdur. Min illər boyu bu etnik, dini, mədəni qruplar eyni vətəndə yaşayıb yaradıblar, bir-biri ilə qaynayıb qarışıb inteqrasiya ediblər, adət-ənənələrin çoxu, milli-mənəvi dəyərlərin hamısı eynidir. Belə bir cəmiyyətdə elə bir vahid ideoloji konsepsiya irəli sürülməliydi ki, bütün xalqı öz ətrafında birləşdirə bilsin. Ona görə də, ulu öndər Heydər Əliyevin yaratdığı Azərbaycançılıq ideologiyasının konsepsiyası uğur qazandı.
Ümumilli liderin bu konsepsiyası tariximizin elə bir vaxtında ortaya qoyulub təbliğ olundu ki, həmin dövrdə ölkə parçalanma üzrə idi, xarici dövlətlərin dəstəyi ilə cənubda, şimalda, cənub-qərbdə etnik seperatçılıq başlamış, eyni zamanda müxtəlif dini konfessiyaların missonerləri genişmiqyaslı təbliğata başlamışdılar. Bununla yanaşı, cəmiyyətdə siyasi qütbləşmə, dövlət çevrilişlərinə cəhdlər də edilirdi ki, bütün bunlar da vətəndaş müharibəsinə, son nəticədə dövlətçiliyin məhvinə gətirib çıxara bilərdi. Üstəlik, ermənilər kimi hiyləgər bir düşmənin bizə qarşı qlobal arenada mütəşəkkil apardıqları informasiya təbliğat müharibəsində uduzmamaq üçün bütün dünyada yaşayan azərbaycanlıları vahid cəbhədə birləşdirəcək ideologiya meydana çıxarılmalıydı. Ermənizmə qarşı Azərbaycançılıq. Amma belə bir gərgin və mürəkkəb situasiyada bunun konsepsiyasını yaratmaq, formalaşdırmaq, xalqa çatdırmaq çox uzun vaxt və ağır zəhmət tələb edirdi. Ümumilli liderin böyüklüyü də belə mürəkkəb, fəlakətli situasiyada, çox qısa müddətdə bu çətin və ağır işi uğurla reallaşdıra bilməsindədir.
Bu konsepsiya təbii ki, respibluka sərhədlərinə sığacaq qədər lokal deyildi. Ulu öndər Heydər Əlyevin yaratdığı Azərbaycançılıq ideologiyası ölkə sərhədlərindən çıxaraq bütün dünya azərbaycanlılarının vahid ideologiyasına çevrilmək yolunda inkişaf edirdi. Onun təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir. Bu tədbirlər dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirdi.
İlham Əliyev: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bu, bizim sərvətimizdir”
Azərbaycançılıq ideologiyasına əsaslanan və milliliklə beynəlmiləlçiliyi bir vəhdət halında birləşdirən, adət-ənənələrimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini həyata keçirdiyi strategiyanın prioriteti hesab edən Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərə diqqət və qayğısı özünü xalqımızın həyatında aydın göstərir.
.jpg)
Dövlət başçısının "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq” sözləri ümummilli ideologiyanın əsas konseptual müddəalarından biridir.
Prezident İlham Əliyev açıq şəkildə bəyan edib: “Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub və bundan sonra da olacaq”. Dövlət başçısı qloballaşma dövründə milli-mənəvi dəyərlərin, Azərbaycançılıq ideologiyasının daha çox aktuallıq qazandığını öz çıxışlarında vurğulayır.
Məhz bu siyasətin nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu möhtəşəm tarix yazaraq bütün torpaqlarımızı işğaldan azad etdi və Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi.
Müasir mili ideyanı zənginləşdirən faktorlardan biri də odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Azərbaycançılıq ideologiyasının hazırki lideri, Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, hərtərəfli iqtisadi və social inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir.
Bu, vahid mənəvi dəyərlərə malik elə bir cəmiyyət formasıdır ki, belə cəmiyyətləri parçalamaq, qarşıdurma yaratmaq mümkün olmur. Azərbaycan xalqının böyüklüyü də bundadır- tarix boyu fərqli millət və din mənsubları bir arada mehriban şəraitdə yaşayıblar, onları birləşdirən dəyərlər ayıran dəyərlərdən xeyli çox olub. Sadəcə, bu dəyərləri vahid ideologiyada birləşdirib bütün xalqa qəbul etdirə biləcək bir lider lazım idi ki, onu da Tanrı xalqımızın ən çətin sınaq dövründə bizə göndərdi.
Zaman keçdikcə, Azərbaycançılıq ideologiyası həm ölkəmizin qüdrətlənməsinə, həm də bəşəri miqyasda böyük qüvvəyə çevrilməsində öz sözünü deyir. Buna görə, Azərbaycan xalqı bu ideologiyanı bərqərar edən və onu bütün azərbaycanlıların ümumi ideologiyasına çevirə bilən Heydər Əliyevə həmişə minnətdar olacaq və hazırda bu müqəddəs ideologiyanı yaşadan layiqli varisə- bütün azərbaycanlıların liderə İlham Əliyevə dəstək olacaqdır.
Elçin Bayramlı