Prezident İlham Əliyevin möhtəşəm siyasəti nəticəsində Azərbaycan Respublikası Avropanın siyasi xəritəsində mövqeyini ardıcıl və məqsədyönlü şəkildə möhkəmləndirərək Cənubi Avropadan Balkanlara qədər uzanan geniş tərəfdaşlıq şəbəkəsi formalaşdırmışdır. Bu siyasətin əsas istiqamətlərindən biri Balkan regionunun aparıcı dövlətlərindən olan Serbiya Respublikası ilə münasibətlərin inkişafıdır. Azərbaycan–Serbiya əlaqələri qarşılıqlı hörmət, suverenliyə dəstək və strateji əməkdaşlıq prinsiplərinə əsaslanaraq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.
Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlər 1997-ci ildə qurulmuşdur. Ötən dövr ərzində münasibətlər təkcə siyasi dialoqla məhdudlaşmamış, iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələri də əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrilmişdir. Bu modelin formalaşmasında hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı etimadı mühüm rol oynamışdır.
Xüsusilə 7–9 fevral 2013-cü il tarixində Serbiyanın o zamankı Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsində əhəmiyyətli mərhələ olmuşdur.
Bunun davamı olaraq, 21–22 may 2018-ci il tarixlərində Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında strateji tərəfdaşlıq haqqında Birgə Fəaliyyət Planı”nın təsdiqi iki ölkə arasında əməkdaşlığın institusional əsaslarını daha da genişləndirmişdir.
Azərbaycan və Serbiya beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyirlər. 2013-cü ilin fevralında Serbiya Parlamentində “Beynəlxalq hüququn aliliyi və Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair Qətnamə” layihəsinin gündəliyə daxil edilməsi bu mövqenin siyasi ifadəsi kimi qiymətləndirilə bilər.
İki ölkə çoxtərəfli əməkdaşlıq platformalarında da fəal qarşılıqlı dəstək nümayiş etdirir. Bu kontekstdə 10–11 oktyabr 2021-ci il tarixlərində Belqradda keçirilmiş Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş yüksək səviyyəli tədbirin Azərbaycan və Serbiya tərəfindən birgə təşkili xüsusi qeyd edilməlidir. 120-yə yaxın ölkənin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bu tədbir iki dövlət arasında koordinasiyalı fəaliyyətin və siyasi həmrəyliyin bariz nümunəsi olmuşdur.
Energetika sahəsi Azərbaycan–Serbiya münasibətlərinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu Serbiya ilə əməkdaşlığın praktiki məzmununu genişləndirir. İkitərəfli münasibətlər çərçivəsində enerji təchizatı, infrastruktur layihələri və qarşılıqlı sərmayə imkanları mühüm yer tutur.
Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, energetika və nəqliyyat sahələrində tərəfdaşlığın gücləndirilməsi istiqamətində bir sıra mühüm sənədlər imzalanmışdır. Dövlət başçılarının mətbuata bəyanatlarında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu və gələcəkdə daha da inkişaf edəcəyi xüsusi vurğulanmışdır.
Azərbaycan ilə Serbiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək sabit və davamlı xarakter almışdır. Bu münasibətlər beynəlxalq hüquqa hörmət, suverenliyə qarşılıqlı dəstək və praktik layihələrə əsaslanan əməkdaşlıq modeli ilə səciyyələnir. Siyasi, iqtisadi və energetika sahələrində formalaşmış sinerji gələcək perspektivlər üçün möhkəm zəmin yaradır.
Azərbaycan–Serbiya əlaqələri regional əməkdaşlığın uğurlu nümunəsi olmaqla yanaşı, Avropa məkanında qarşılıqlı maraqlara əsaslanan, praqmatik və uzunmüddətli strateji tərəfdaşlıq modelini təcəssüm etdirir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini