PDF Oxu

Siyasət

  • 1 382

Azərbaycana qarşı təxribat cavabsız qalmayacaq

image

İran İslam Respublikası ərazisindən həyata keçirilən və Naxçıvanı hədəf alan dron hücumu təkcə bir sərhəd insidenti deyil – bu, açıq təxribat, beynəlxalq hüquqa meydan oxuma və regionda sabitliyə qarşı yönəlmiş təhlükəli addımdır. Mülki infrastruktura, vətəndaşların istifadə etdiyi hava limanına zərbə endirmək nə hərbi üstünlük, nə də siyasi güc nümayişidir. Bu, acizlik və qorxaqlıqdır.

Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisini hədəfə alması molla rejiminin illərdir sərgilədiyi riyakarlığın və nankorluğun növbəti təzahürüdür. Azərbaycan hər zaman qonşuluq və mehriban münasibətlər prinsipinə sadiq qalıb. Ölkəmizin ərazisindən İran üçün, ümumiyyətlə heç bir dövlət üçün heç vaxt təhlükə olmayıb və yoxdur. Əksinə, Azərbaycan dar gündə qonşularına dayaq olub, humanitar jestlər göstərib, çətin anlarda dəstəyini əsirgəməyib.
Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verərək diplomatik etikaya və qonşuluq münasibətlərinə sadiqliyini nümayiş etdirdi, səfirliyi ziyarət etdi. Hətta humanitar yardım məsələsi də gündəmdə idi. Belə bir şəraitdə İran tərəfinin mülki obyektə zərbə endirməsi hansı məntiqə, hansı əxlaqa, hansı qonşuluq prinsipinə sığır?
Bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə ziddir. Dövlətlərin suverenliyinə hörmət, sərhədlərin toxunulmazlığı, mülki əhalinin qorunması – bütün bu prinsiplər kobud şəkildə pozulub. Mülki infrastrukturu hədəfə almaq terror aktından başqa nədir? Dinc insanlara qorxu yaymaq, regionda gərginliyi artırmaq cəhdi deyilmi?
Təəssüf ki, bu siyasət yeni deyil. İranda yaşayan milyonlarla azərbaycanlı soydaşımızın illərdir ana dilində təhsil hüququndan məhrum edilməsi, milli-mədəni hüquqlarının tapdanması, fəalların təqib və təzyiqlərə məruz qalması həmin rejimin mahiyyətini ortaya qoyur. Azərbaycanlılara qarşı ayrı-seçkilik və təzyiq siyasəti aparan bir rejimin sərhəddə təxribat törətməsi təəccüblü deyil, amma qəbuledilməzdir.
Azərbaycan sülh tərəfdarıdır, lakin zəif deyil. Tarix göstərib ki, Azərbaycana qarşı əl qaldıranlar, təxribat törədənlər sonda peşman olublar. Bu dəfə də fərqli olmayacaq. Heç kim unutmamalıdır: ölkəmiz öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq hüququna malikdir. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq.
Naxçıvana atılan dron təkcə bir obyektə deyil, dövlətimizin suverenliyinə yönəlmişdir. Bu isə artıq qırmızı xətdir. Azərbaycan öz qırmızı xətlərinin tapdanmasına heç vaxt imkan verməyib və verməyəcək.

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Digər xəbərlər