PDF Oxu

Siyasət

  • 682

Yeni regional nizamın yol xəritəsi - ŞƏRH

image

Azərbaycan artıq uzun illərdir ki, dünya siyasi arenasının mühüm intellektual və diplomatik mərkəzlərindən birinə çevrilmişdir. 12 mart 2026-cı il tarixində paytaxt Bakıda öz işinə başlayan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu bu missiyanın növbəti parlaq təzahürü oldu. Forumun açılış mərasimində geniş və proqram xarakterli nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm regionun gələcəyi, həm də qlobal təhlükəsizlik arxitekturası ilə bağlı mühüm mesajlar verdi.

Dövlət başçısının çıxışı müasir dövrün çağırışlarına cavab verən, hərbi zəfərin diplomatik uğurla necə tamamlandığını göstərən mükəmməl bir strateji analiz idi. Prezident İlham Əliyev öz çıxışında xüsusi olaraq vurğuladı ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Bu, sadəcə bəyanat deyil, ölkəmizin onilliklər boyu apardığı siyasətin təməl daşıdır. Cənubi Qafqaz kimi mürəkkəb coğrafiyada sabitliyi qorumaq, işğal faktorunu aradan qaldırmaq və milli maraqları müdafiə etmək Azərbaycan dövlətinin əsas hədəfi olmuşdur. Dövlət başçısı qeyd etdi ki, əgər regionda təhlükəsizlik təmin olunmasa, nə iqtisadi inkişafdan, nə də beynəlxalq əməkdaşlıqdan söhbət gedə bilər. Azərbaycanın bu sahədəki qətiyyəti regionun gələcək taleyini müəyyən edən əsas amildir. Bu kontekstdə, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Prezidentin bu fikri beynəlxalq hüququn tətbiqi mexanizmlərinin işləmədiyi bir dövrdə “güc amili” və “haqlı tərəf” balansının necə qurulmasına dair dərslik mahiyyətindədir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini hərbi-siyasi yolla özü icra etdi. Lakin hərbi qələbədən dərhal sonra Bakının Ermənistana sülh əli uzatması, məsələnin siyasi müstəvidə həllinə sadiqliyini göstərir.

Xüsusilə diqqət çəkən məqamlardan biri vasitəçilik institutuna münasibət oldu. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, biz qərara gəldik ki, bu dırnaqarası vasitəçilikdən qurtulmalıyıq və ikitərəfli formatda – heç bir üçüncü tərəf olmadan fəaliyyətə başlayan kimi sülhə nail olduq. Onilliklər boyu münaqişəni dondurmağa çalışan, hər iki tərəfə fərqli vədlər verən xarici aktorların müdaxiləsi olmadan Bakı və İrəvanın birbaşa dialoqu daha effektiv nəticələr verdi. Bu, Azərbaycan diplomatiyasının "regional problemlərin regional həlli" prinsipinə nə dərəcədə sadiq olduğunun sübutudur. Bu birbaşa dialoqun nəticəsi olaraq, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Bu fakt göstərir ki, artıq sülh prosesi geri dönməz xarakter alıb və tərəflər arasında hüquqi çərçivə formalaşdırılıb. Prezident çıxışında humanitar və konstruktiv addımlara da toxundu. O qeyd etdi ki, biz Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətləri aradan qaldırdıq. Bu, Azərbaycanın düşmənçilik səhifəsini bağlamaq və normal qonşuluq münasibətləri qurmaq istəyinin real əməlidir. Blokadanın aradan qaldırılması və kommunikasiyaların açılması bütün regionun rifahına xidmət edəcək. Biz artıq sülhün üstünlüklərini görürük. Sərhədlərin delimitasiyası prosesindəki irəliləyişlər, bölgədəki gərginliyin azalması və investisiya mühitinin yaxşılaşması məhz bu sülh atmosferinin bəhrələridir. Dövlət başçısı iqtisadi və nəqliyyat perspektivlərinə də geniş yer ayırdı.

Bildirildi ki, Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik. Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutlarının işə düşməsi Ermənistanı təcrid olunmuş vəziyyətdən çıxaracaq, Azərbaycanı isə qlobal logistik mərkəz kimi mövqeyini daha da möhkəmləndirəcək. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq. Azərbaycanın coğrafi mövqeyi və qurduğu müasir infrastruktur Avrasiya materikində yüklərin daşınması üçün ən təhlükəsiz və qısa yolu təmin edir. Qlobal çağırışlara gəlincə, İlham Əliyev vurğuladı ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Dünyanın müxtəlif nöqtələrində alovlanan münaqişələr, beynəlxalq təhlükəsizlik sisteminin aşınması hər bir dövləti öz müdafiə qabiliyyətini artırmağa sövq edir. Bununla yanaşı, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan Avropanın enerji xəritəsini dəyişən ölkə kimi, həm qaz təchizatında, həm də gələcəyin "yaşıl enerji" ixracatında həlledici rol oynayır.

Prezidentin XIII Qlobal Bakı Forumundakı çıxışı Azərbaycanın həm hərbi, həm diplomatik, həm də iqtisadi cəhətdən regionun lider dövləti olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı dünyaya mesaj verdi ki, Azərbaycan sülh tərəfdarıdır, lakin bu sülh ədalətə və milli maraqlara söykənməlidir. Ermənistanla münasibətlərdə əldə olunan irəliləyişlər, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təhlükəsizliyinə verilən töhfələr Azərbaycanın gələcək onilliklər üçün strateji baxışının əsas sütunlarıdır.

İlqar İlyasov

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri

Digər xəbərlər