Halal sözə verdiyi dəyərə görə oxucuların sevgisini qazanan Surəddin Əliyevin ikinci kitabı işıq üzü görüb. Səxavət Ənvəroğlunun redaktorluğu ilə ərsəyə gələn, “Ləman nəşriyyatı poliqrafiya” MMS nəşriyyatında çapdan çıxan kitab Vətənə 22 il 9 ay şərəflə xidmət etmiş Xüsusi Təyinatlı Qüvvələr mənsubu baş gizir “Xanış” ləqəbli Şərafəddin Sərdar oğlu Xankişiyevin şərəfli həyatı və döyüş yolundan danışır. Müəllif yeni kitabına “Zəfər yolunun qəhrəmanı” adını seçib.
Astara rayonu Heydər Əliyev Mərkəzində və Toradi kənd klubunun dəstəyi sayəsində “Zəfər yolunun qəhrəmanı” kitabın təqdimatı keçirilib. Hərbçilərin, şairlərin, ziyalıların, dövlət qulluqçularının iştirakı etdiyi tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıb. Mərkəzin hazırladığı Şərafəddin Xankişiyevin döyüş yolunu əks etdirən video-çarx, Hidayət Ölməzin Astaranın igid oğluna həsr etdiyi şerin sözlərinə bəstəkar Elmir Mədətoğlunun bəstələdiyi mahnısı ifa olunub. Daha sonra mərkəzin əməkdaşı Elza Kazımovanın Şərafəddin Xankişiyevin həyatından və döyüş yolundan geniş məruzəsi dinlənilib.
Tədbirdə Şərafəddin Xankişiyev, polkovnik-leytenant Riyad Paşayev, gizir Adilşah Qafarov, gizir Mirpaşa Hüseynov, AZDİ-nin Astara rayon şöbəsinin sədri Mircəfər Babazadə, Astara Müharibə Veteranları Şurasının sədri Rafiq Əliyev, Mədəniyyət Mərkəzinin direktoru Kamran Fərziyev, Asanakəran icra nümayəndəsi Səlaəddin Əliyev, şairlərdən Nəriman Azəri, Şahid Astaralı, Firəngiz Ümid, Hidayət Ölməz, Təbrizə Pünhan, Rafiq Murad, qəhrəmanımızın atası Sərdar Xankişiyev və digərləri kitabla bağlı ürək sözlərini deyiblər. Həm də Ş. Xankişiyevin Hamuşam kənd orta məktəbinin beşinci sinfində oxuyan qardaşı oğlu İbrahim əmisinin şərəfinə yazdığı şerini söyləyib.
Sözü kitabın müəllifinə verəndə o, öz növbəsində təşkil olunan tədbirə görə minnətdarlığını bildirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü