PDF Oxu

Siyasət

  • 2 139

Misli görünməmiş soyqırım

image

Mart soyqırımının tarixin ən dəhşətli genosid aktlarından biri olduğunu tarixi sənədlər və real faktlar sübut edir

1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırım aktı həyata keçirilib. Ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində müxtəlif millətlərə mənsub on minlərlə insan vəhşicəsinə qətlə yetirilib. Son vaxtlar bu soyqırım aktına dair çoxsaylı faktlar və sənədlər aşkarlanır və dünya ictimaiyyətinə çatdırılır. Bu, yalançı erməni təbliğatının qarşısının alınmasında, dünyaya gerçəklərin çatdırılmasında çox mühüm rol oynaya bilər.

QISA ARAYIŞ: Tarixi sənədlərə görə, erməni daşnak qüvvələrinin 1918-1920-ci illərdə Bakıda həyata keçirdiyi qırğınlar zamanı 30 mindən çox dinc sakin öldürülüb. Ermənilər təkcə Naxçıvanda 1919-cu ildə 4000, 1920-ci ildə 70 minə yaxın azərbaycanlını qətlə yetiriblər.

AMEA-nın Tarix İnstitutunun materiallarına görə, 1919-cu ildə 20-25 gün ərzində təkcə 2 qəzada 500 minə yaxın azərbaycanlı öldürülüb. Onların necə məhv edilməsi üsulları tarixdə görünməyən vəhşilik, vandallıq əlamətidir. Tarixdə heç yerdə elə bir fakt yoxdur ki, bir xalqı məhv etməkdən ötrü ermənilərin tətbiq etdiyi üsullar istifadə olunsun. Hamilə qadınların kürəyinə samovar bağlamaq, camaatı məscidə dolduraraq diri-diri yandırmaq, izi itirməkdən ötəri insanları doğrayıb Araza tökmək, körpələrin başını kəsmək və s.

Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qarsda 92 kənd yerlə-yeksan edilib. Ermənilər Şamaxı ərazisində 7 mindən artıq insanı, o cümlədən 1653 qadını və 1000-ə yaxın uşağı qətlə yetiriblər.

İrəvan quberniyasında isə öldürülən azərbaycanlıların sayı 130 min nəfərdən çox olub. Erməni hərbi birləşmələri on minlərlə dinc azərbaycanlını yalnız milli mənsubiyyətinə görə məhv edib, evlərə od vurub, insanları diri-diri yandırıb, milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, digər tikililəri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər.

Hər şey İrəvanın ermənilərə verilməsindən başladı

1918-ci il mayın 29-da AXC-nin yarandığını elan edən Müsavat hakimiyyəti Osmanlı hökumətinin təzyiqi ilə xalqın iradəsinin ziddinə olaraq İrəvanı və ətrafındakı torpaqları ermənilərə verdi. Nəticədə 9 min kv.km-lik ərazidə Ararat Respublikası yarandı. Həmin il mayın 30-dan ermənilər həmin ərazidə azərbaycanlı əhalini məhv eləməyə, təmizləməyə başladılar.

1918-20-ci illərdə ermənilər bütün Azərbaycanda və İrəvanda soyqırım həyata keçirdilər. Lənkəranda, Kürdəmirdə, Qubada, Şamaxıda və digər yerlərdə qırğınlar törədildi. Bunun zirvə nöqtəsi isə, 1918-ci ilin martın sonunda və aprelin əvvəlində həyata keçirilən Bakı soyqırımı idi. Müxtəlif rəqəmlər söylənilir, 10 min, 15 min, amma ingilis mənbələrində göstərilir ki, ermənilər tərəfindən həmin ilin martında 25 min nəfər qətlə yetirilib.

Aprel ayının ilk on günlüyündən etibarən Bakıda törədilən qətliamlar eynilə Şamaxı, Quba-Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri müxtəlif millətlərə mənsub yüz minlərlə azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub.

İndi dünyaya yalançı erməni soyqırımı nağıllarını qəbul etdirmək istəyən ermənilər bu tarixi faktlar qarşısında aciz duruma düşürlər. Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırım haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin dünya qarşısında ifşası üçün tam kifayət edir.

Bakı qırğınlarında nələr baş verdi?

Erməni siyasi partiyaları təxminən 7000 erməni əsgərini müxtəlif cəbhələrdən Bakıya gətirmişdilər. Qabaqcadan hazırlanan plan əsasında ermənilər hər cür hazırlığı etmişdi. Martın 30-u axşam saat 5-də Bakıda ilk atəş səsləri eşidildi.

Yaxşı silahlanmış və hazırlıqlı erməni əsgərləri azərbaycanlıların evlərinə basqınlar edərək onları öldürür, 3-4 günlük körpələri xənçərlə qətl edir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.

Mir Cəfər Pişəvəri öz xatirələrində yazır: “Mən 1918-ci ilin martında erməni daşnaklarının vəhşiliklərini, günahsız adamların öldürülüb, meyitlərin yandırılmasını öz gözlərimlə gördüm. Bu, çox nifrət ediləcək bir hərəkətdir”.

Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamları yazır: “Bolşevik olan bir türkə belə aman verilmədi. Daşnaklar- “bolşevikliyinizi tanımırıq, bir halda ki, türksünüz- bu, yetər” deyirdilər. Bolşevik adı altında maskalanıb türklərə qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar bunlardan canlarını qurtara bilmədilər”.

Soyqırımları hansı qüvvələr təşkil edirdi?

Tarixi sənədlər və faktlar göstərir ki, Qafqazda marağı olan böyük dövlətlər nəinki mart qırğınları zamanı qətlə yetirilənlərin, eləcə də 1917-20-ci illərdə Qafqazda öldürülən yüz minlərlə insanın məhv edilməsinin sponsoru və təşkilatçıları olmuşdurlar.

İranda yеrləşən ingilis qoşunlarının komandanı Dеnstirvil yazırdı: “Onlar (Qafqaz xalqları-rеd.) taqətdən düşənə qədər bir-birini qırmaqda davam еtməlidir, bəlkə bundan sonra biz orada qayda yarada bildik” (Britaniya impеrializmi Bakıda və İranda 1917-1918-ci illər kitabından).

Bəs bu milli münaqişələri, qırğınları alovlandırmaq üçün silah və pul haradan gətirilirdi? Bu sualın cavabı isə ABŞ-ın Tiflisdəki səfiri Smitin ABŞ Dövlət Katibi Lansеnqə 1917-ci il noyabrın 9-da göndərdiyi gizli məktubunda öz əksini tapır. Həmən məktubda Smit Dövlət Katibi Lansеnqdən xahiş еdir ki, Qafqazdakı anti-Sovеt qüvvələri maliyələşdirmək üçün 10 milyon dollar (indiki pulla 1 milyard dollar ekvivalentində) pul və pulеmyotlardan, toplardan, digər silahlardan ibarət silah və sursat, hərbi gеyim göndərilsin, həmçinin Bakı üzərinə qoşun yеridilsin.

Hadisələr qızışanda daşnaklar müsavatla sövdələşmələrinə xilaf çıxaraq qarışıqlıqdan istifadə еdib dinc müsəlman əhalini qırmağa başladılar. Müqayisə üçün dеyək ki, mart hadisələri ərəfəsində Bakıda daşnakların 4 minlik silahlı dəstəsi var idi, bunlarla müqayisədə isə Müsavat 15 min tüfəngə sahib idi ki, bu da Bakıdakı daşnak silahlılarından az qala 4 dəfə böyük silahlı qüvvə dеməkdir. Bəs bu silahlardan müsavatçılar nə üçün Bakıda və Şamaxıda qırılan dinc müsəlmanları qorumaq üçün istifadə еtmədi? Bu sual açıq qalır.

Ermənilər böyük dövlətlərin oyuncağına çevrilmişdi

Erməni daşnakları isə həm ingilis, amerikan və fransızların, həm də ağqvardiyaçıların və bolşeviklərin arasına sızmış gizli daşnakların köməyindən istifadə edərək Azərbaycan xalqına qarşı qanlı soyqırım aktını həyata keçirdilər.

Bundan başqa, daşnakların bəzi qrupları bolşevik maskası ilə pərdələnərək azərbaycanlı əhalini məhv etməyə çalışırdılar. Bolşevik partiyasının sıralarına da xeyli daşnak üzv olmuşdu və özlərinin daşnak keçmişini gizlədirdilər. Bu daşnaklar bəzi hallarda “müsəlmanlar bolşevikləri öldürür” deyə bəhanə edərək azərbaycanlı əhaliyə qarşı hücumlar təşkil edirdilər.

Ümumilikdə, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə xaricdən pul və silahla təmin olunan erməni daşnak silahlı birləşmələri 50 min azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Azərbaycan və qonşu ölkələrin arxivlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli soyqırım haqda minlərlə fakt və sənədlər var. Bunlar ermənilərin iç üzünün açılması və dünya qarşısında ifaşı üçün tam kifayət edir.

Elçin Bayramlı

Digər xəbərlər