PDF Oxu

Siyasət

  • 733

“Mədəniyyət vasitəsilə davamlı sülh yaradaq!” - FOTOLAR

image

Bu mövzuda Beynəlxalq Forumu öz işinə başladı

Bu gün Bakıda “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Mədəniyyətlərarası Dialoq Naminə Qlobal İttifaqın tərəfdaşlığı ilə ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq siyasətinin təbliği məqsədilə “Mədəniyyət vasitəsilə davamlı Sülh yaradaq!” adlı Beynəlxalq Forumun rəsmi plenar açılışı öz işinə başladı.

10 ölkəni təmsil edən QHT rəhbərlərinin, gənc liderlərin, hökumət, beynəlxalq təşkilat təmsilçiləri, ekspert və media nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq tədbiri giriş sözü ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli açdı və o, tədbirin məqsədi, məramı və müxtəlif zəngin fəaliyyətli proqramı haqqında danışdı.

Sonra Mədəniyyət Nazirliyinin məsul şəxsi Seymur Hüseynov öz təbrik sözlərini çatdıraraq, Forumun işinə uğurlar arzuladı və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qlobal çağırışa çevrilən “Bakı Prosesi” haqqında Forum iştirakçılarını geniş məlumatlandırdı.

Forum iştirakçıları Türkiyə, Serbiya, Finlandiya, Polşa, Moldova, Ukrayna və Çexiyadan olan QHT təmsilçilərinin qısa təbriklərini və ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalar arası dialoqa verdiyi qlobal töhfələrin geniş təbliğinin əhəmiyyətini vurğuladılar.

Yerli QHT rəhbərlərinin də qısa təbriklərindən sonra proqrama uyğun “Bakı Prosesi” və ölkəmizin multikultural və mədəniyyətlərarası siyasətinə həsr olunan qısa videoçarx nümayiş etdirildi. Qısa çay fasiləsində sonra Forum öz işini panel müzakirələri ilə davam etdirdi.

“Mədəniyyətlərarası və sivilizasiyalar arası dialoq: Azərbaycan Modeli və beynəlxalq təcrübə” adlı I panel müzakirəsində ilk olaraq Azərbaycan təmsilçisi, Avropanın gənc sülh səfiri Ləman Bakuvi mövzu üzrə təqdimatla çıxış etdi. Sonra təqdimat ətrafında xarici və yerli iştirakçılar tərəfindən müzakirə və fikir mübadiləsi aparıldı.

4 gün davam edəcək Forum müxtəlif məkanlarda sülh mədəniyyəti, mədəni diplomatiya, sülh aktorluğu və mədəniyyətlərarası dialoq mövzularında panel müzakirələri və interaktiv sessiyalar təşkil edəcək və yekunda Forumun Bəyannaməsinin qəbulu da nəzərdə tutulur.

Layihənin əsas məqsədi qarşılıqlı təcrübə və informasiya mübadiləsi, beynəlxalq mədəni əməkdaşlıq, şəbəkələşmə və gənclərin fəal iştirakçılığı fəaliyyətləri ilə Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində“Bakı Prosesi” qlobal təşəbbüsü çərçivəsində əcnəbi və milli vətəndaş cəmiyyəti institutları arasında davamlı birgəyaşayış, multikulturalizm və sülh mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Digər xəbərlər