PDF Oxu

Siyasət

  • 453

Türk dünyasının yeni dövrü - TƏHLİL

image

Prezident İlham Əliyev: "Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir"

Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan Azərbaycana göstərilən etimad və inam regionla məhdudlaşmır, beynəlxalq miqyasda onun nüfuzunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müxtəlif əməkdaşlıq layihələri ilə region və onun hüdudlarından kənarda sülh və sabitliyin sərhədlərinin genişləməsinə davamlı olaraq töhfələr verir. Regionumuzda baş verən proseslərin normallaşdırılması istiqamətində görülən işlər milli maraqlarımızın ifadəsidir. Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi dövlətlərarası münasibələrin inkişafinda mühüm rol oynayır. "Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir", - deyən Prezident qeyd edib ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi, Qarabağ Bəyannaməsinin qəbul edilməsi tarixi əhəmiyyətə malik hadisəyə çevrildi. Azərbaycan Prezidentinin bildirdiyi kimi, “Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq. Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə Görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Dövlət başçıları artıq ildə ən azı iki dəfə görüşürlər.” Bu görüş türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni soy-kökə və uzun tarixə söykənən türk dövlətləri arasında əlaqələr bu gün yeni dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilir. Ölkələr arasında qarşılıqlı hörmət və etimad üzərində qurulmuş əlaqələr ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və səmərəli əməkdaşlıq daha da yüksəlib. Qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər gələcək inkişaf baxımından diqqətçəkəndir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir". Dövlətimizin başçısı bildirib: "Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır".

Xüsusi olaraq qeyd edək ki, Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistan və özbək xalqı dəstək olmuşdur. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin işğaldan azad olunan ərazilərimizə Füzuli və Şuşa şəhərlərinə səfərləri münasibətlərin inkişafında qeyd olunmalıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin "Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır" sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirmişdir. Qardaş Türkiyə şirkətləri isə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında fəal iştirak edirlər. “Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib. Xankəndidə Özbəkistanın dəstəyi ilə böyük tikiş fabriki fəaliyyətə başlamışdır və hörmətli Prezident Şavkat Miromonoviç Mirziyoyevlə birlikdə biz o fabrikin açılışını qeyd etmişdik. Yəni bütün bunlar bir daha göstərir ki, bu gün bizim üçün əsas olan məsələdə, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir”, - deyə dövlət başçımız bildirib.

"BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR"

"Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür" – deyə Prezident çıxışlarının birində bildirib. Dövlətimizin başçısı qeyd edib: "Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər".

Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrləri əhatə edir. Tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olan Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər uğurla davam edir. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Dövlətlərarasi münasibətlərdə imzalanan sənədlər, bəyanatlar mühüm rol oynayır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.

Əlbəttə ki, bütün dost ölkələr kimi, Azərbaycan Prezidentinin uzaqgörən və müdrik siyasəti nəticəsində əldə edilmiş uğurlar Özbəkistanda da sevinclə qarşılanır. Xatırladaq ki, Özbəkistan keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələdə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Vətən müharibəsi dövründə də Özbəkistan Xarici İşlər Nazirliyi tərəfləri hərbi əməliyyatları dayandırmağa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə, münaqişəni sülh yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa çağırıb.

Təbii ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına öz töhfəsi verəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər