PDF Oxu

Siyasət

  • 551

QADIN ADINI VƏ LƏYAQƏTİNİ UCA TUTAN LİDER -FOTOLAR

image

21 Aprel 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar “Qadın adını və ləyaqətini uca tutan lider ” mövzusunda şəhid analarının və veteran qadınların iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapıb. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər.

Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycanda qadın hərəkatının genişlənməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlayıb. Bu hərəkat ulu öndərin rəhbərlik etdiyi dövlətdə qadınlarımıza yüksək etimadın göstərilməsi, onların daim irəliyə çəkilməsi ilə səciyyələnir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi ölkədə qadınların ictimai fəallığının yüksəldilməsi, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi respublikamızda fəaliyyət göstərən qadın təşkilatlarının əlaqələndirilməsi sayəsində mühüm rol oynadı. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan qadınlarının zəhmətsevərliyini, qədirbilənliyini, yüksək zəkaya malik olduğunu hər zaman dəyərləndirmişdir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası ilə hər zaman xalqımızın adını uca edib. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Təşkilat sədri nitqində vurğuladı ki, bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev tərəfindən “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcək” söyləməsi Azərbaycan qadınına verilən ən yüksək dəyərin nümunəsidir.

Natiq sonda qeyd etdi ki, Azərbaycanda qadın hərəkatının formalaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır. Mehriban xanım Əliyeva fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün zəmin yaratdı. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Tədbirdə çıxış edən Masallı Dövlət Regional Kollecinin müəllimi Kəmalə İmanova, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova və digərləri tarix boyu Ulu Öndərin siyasi qüdrətindən ilham alan Azərbaycan qadınlarının aydın siyasi təfəkküründən, ölkəmizdə gedən quruculuq proseslərinə verdikləri töhfələrdən, onların təhsil, səhiyyə, idman və digər sahələrdəki dolğun fəaliyyətlərindən bəhs edərək Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin qadın siyasəti amilinin dayandığını bildirib eləcə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzundan, həmçinin, ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətindən danışıblar.

Digər xəbərlər