24 aprel 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı və Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Xalqın yaddaşında əbədi yaşayan Lider” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Sonra çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və müasir inkişaf strategiyasının formalaşdırılması istiqamətində misilsiz xidmətlər göstərmişdir. Ulu Öndərin zəngin və çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmiz müstəqilliyini qoruyub saxlamış, siyasi sabitlik və iqtisadi inkişaf təmin olunmuşdur.
G. Bayramov həmçinin qeyd edib ki, bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs məhz Heydər Əliyev ideyalarına əsaslanır və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir. Sədr həmçinin bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi, milli kimliyə bağlılığının gücləndirilməsi baxımından belə tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İnşa-yazı müsabiqəsinin şagirdlərin dünyagörüşünün formalaşmasına, onların tariximizi daha dərindən öyrənməsinə və Ümummilli Liderin ideyalarına bağlılıq ruhunda yetişməsinə xidmət etdiyini diqqətə çatdırıb. Eyni zamanda belə təşəbbüslərin gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, analitik düşüncə tərzinin inkişaf etdirilməsi baxımından da mühüm rol oynadığını vurğulayıb.
Sonda G. Bayramov müsabiqədə iştirak edən bütün şagirdlərə uğurlar arzulayıb, onların gələcəkdə dövlətimizə və cəmiyyətimizə layiqli vətəndaşlar kimi töhfə verəcəklərinə inamını ifadə edib.