29 aprel şəhidi Telman Nəhmətovun doğulduğu gündür
Telman Təyyar oğlu Nəhmətov İkinci Qarabağ müharibəsində qanıla tarix yazaraq ömrünün 30 ilində əbədiyyətə qovuşdu. Astara rayonunun Alaşa kəndində dünyaya göz açan Telmanı Uca Tanrı elə Vətənin bu ağır günü üçün yaratmışdı. Canı, qanı bahasına Vətənini yaşatmaqla bir ovuc torpağına dönməyi bacardı. İndi bütün Astara xalqı öz qəhrəman oğlu ilə fəxr edir, hər yerdə, hər zaman adını uca tuturlar.
Sağlam, xeyirxah nəslin övladı olduğuna görə Telman uşaqlıqdan Vətənə, üstündə addım atdığı torpağa məhəbbət ruhunda böyüyür. Yaxşı işlərə tapınmaqla müstəqil həyatını başlayır. İdmana olan marağı ona daha çox hörmət qazandırır. Əsgərlik yaşı gələndə müqəddəs amallar işığında ordu sıralarına yola düşür. Hava Hücumundan Müdafiə Qüvvələrində doğma Azərbaycana sədaqət göstərir, öz canını da belə əsirgəmədən onu mərdliklə müdafiə edir.
Vətən torpaqlarını işğal edən yağı düşməndən qisas almaq istəyi Telmanı ömürlük orduya bağlayır. Daxili Qoşunlarında xidmət edir, əlinə silah alıb döyüş meydanında düşməni əzməyə hazırlaşır. İdmanın müxtəlif növlərində özünü sınayır. Boks üzrə isə respublika üçüncüsü olur. Daha irəli gedərək snayper kursunu bitirir, müxtəlif növ hərbi texnikanın dilini mükəmməl öyrənir. Tez-tez təlimlərə qatılır, göstərdiyi əla döyüşçü keyfiyyətləri ilə fərqlənir.
Nəhayət Telmanın arzuladığı gün gəlir. 27 sentyabrda şanlı Azərbaycan Ordusu 30 il düşmən tapdağına dönən əzəli yurd yerimiz olan Qarabağın azadlığı üçün haqq savaşına qalxır. Qəzəbindən yerə-göyə sığmayan Astaranın qeyrətli oğlu Telman da erməni quldurlarını məhv etməkdən ötrü döyüş meydana atılır. Füzulidə, Zəngilanda, Qubadlıda, Xocavəndə sinəsini yanar od edib düşmənin layiqli cavabını verməklə tarix yazır. Hər döyüşdə dığaların bağrına çat salan Telman 31 oktyabrda ağır müharibə meydanında şəhid olur. Vətən, torpaq sevgisi onu böyük bir xalqın gözündə ən uca zirvəyə qaldırır. Döyüş meydanında kiçik çavuş Telmanın göstərdiyi rəşadət dövlət tərəfindən isə “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilir.
Telmanın halal ailə ocağında 3 yaşlı oğlu böyüyür. Onun damarlarında igid qanı axdığı üçün o, da atası kimi Vətəninə layiqli bir övlad olacaq.
Şəhidin həyat yoldaşı Şəfa xanım deyir: -Axırıncı gün zəng vurdu. Dedi ki, uşağa yaxşı bax. İnşallah, bir həftəyə qayıdaram. Son sözü bu oldu... Daha mən uşağa cavab verə bilmirəm ki, atan yoxdur sənin. İş yoldaşları gəlirlər... Gedəndən sonra soruşur ki, ana, atam niyə gəlmədi. Deyirəm-gələr... Daha heç nə deyə bilmirəm. Öz atası kimi baxa bilmərəm ona. Amma çalışaram necə böyüdüb, mən də onun yadigarını elə qəhrəman, vətənpərvər böyüdüm. Fəxr edirəm ki, Telmanın yoldaşıyam...
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü