01 may 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə “Heydər Əliyev irsi ilə Böyük qayıdışa doğru” mövzusunda konfrans keçirilib.
Konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Yaradıcı Gənclər İctimai Birliyi, Tərəqqi Gəncliyin İnkişafı İctimai Birliyi və Masallı ASAN xidmət mərkəzi tərəfdaşlığı ilə Masallı şəhərində yerləşən Asan Həyat Kompleksinin kino klubunda baş tutub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və dövlət gənclər siyasətinin formalaşdırılmasında misilsiz xidmətlərindən bəhs edərək bildirib ki, Tarixdə adı millətinin, ölkəsinin adı ilə bərabər çəkilən böyük şəxsiyyətlər çox deyil. Ümummilli lider Heydər Əliyev məhz o şəxsiyyətlərdəndir ki, adı xalqının, Vətəninin adı ilə qoşa çəkilir. Azərbaycan xalqı hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. Ulu Öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz işlər görmüşdür. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq.
Seyfəddin Əliyev qeyd etdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra gənclərə olan qayğısını davam etdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan parlamentinin sədri seçiləndən sonra ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ümummilli liderimizin həmin görüşdəki çıxışı gənclər üçün bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Ulu öndərin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Bu bir həqiqətdir ki, Azərbaycan gənclərinin hamisi olan Ümummilli liderin siyasətinin mühüm istiqamətlərindən biri məhz gənclərlə bağlı idi. Bu siyasət gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Heç kəsə sirr deyil ki, bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir.Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərərlik hisslərinin artırılması istiqamətində görülən işlər sırasında ordu quruculuğu mühüm yer tutur. Məhz ordu quruculuğunun yüksək səviyyədə təşkili, bu sahədə həyata keçirilən islahatlar, məqsədyönlü tədbirlər gənclərin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir edən faktorlardan sayıla bilər. Bu kimi tədbirlər gənc nəslin ordu sıralarında qulluq keçməsinə, Vətənin müdafiəsinə qalxmasına təkan verdi. Vətən müharibəsində Azərbaycan gənclərinin torpağa bağlılığı, yurd sevgisi nəyə qadir olduğunu nümayiş etdirdi. Digər tərəfdən qeyd etmək lazımdır ki, buna paralel olaraq arxa cəbhədə də Azərbaycan gəncliyi gecə-gündüz çalışırdı. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.Bu gün gənclər Ulu Öndər Heydər Əliyevin ideallarını öz fəaliyyətləri ilə daim rəhbər tutmalı və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək dövlətimizi qorumalı və inkişaf etdirməlidirlər.
Tədbirdə çıxış edənlər tədbirin əhəmiyyətini vurğulanaraq qeyd olunub ki, Heydər Əliyev irsinin təbliği və gənc nəslə aşılanması Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib 2 nəfər gənc isə xüsusi hədiyyə ilə təltif olunub.