PDF Oxu

Siyasət

  • 459

Azərbaycan-İtaliya: qarşılıqlı etimadın yüksək mərhələsi

image

Prezident İlham Əliyev: “Azərbaycan və İtaliya strateji tərəfdaşlardır”

Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtaliya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərinin şərtləndirən amildir. İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişafının nəticəsi olaraq İtaliya da tariximizin çətin zamanında ölkəmizlə həmrəylik nümayiş etdirdi. Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri xüsusilə yaddaqalan oldu. Bu səfər təkcə işgüzar xarakter daşımır, həm də özündə ciddi siyasi və rəmzi mesajlar ehtiva edir. Səfərin xronologiyası olduqca diqqətçəkəndir: Meloninin Ermənistanda keçirilən çoxtərəfli tədbirdən dərhal sonra Bakıya gəlməsi İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini və real müttəfiqlik ünvanını aydın nümayiş etdirir. Bu səfər Azərbaycan-İtaliya dostluğunun fundamental xarakter daşıdığını təsdiqləyir. Meloni bu ziyarəti ilə İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə, regional liderliyinə və sülh gündəliyinə verdiyi dəstəyi bir daha bütün dünyaya bəyan etmiş oldu. “2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.Bizim ölkələrimiz strateji tərədaşlardır”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında söyləyib.

“İTALİYA AZƏRBAYCANIN BİR NÖMRƏLİ TİCARƏT TƏRƏFDAŞIDIR”

Azərbaycanın xarici siyasəti respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli başlıca məqsədə xidmət edir. Ölkəmiz özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirir. Mövcud münasibətlər ölkələr arasında bütün istiqamətlərdə, siyasi-iqtisadi, ticarət, qanunvericilik, o cümlədən mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlərin əldə olunmasına səbəb olub. Dünya ölkələri sırasında İtaliya ilə Azərbaycan arasında olan diplomatik münasibətlərin də xüsusi yeri var. Belə ki, İtaliya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib.

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. Cənub Qaz Dəhlizi Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdaşlığına zəmindir. Cənub Qaz dəhlizi müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtaliya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırda Azərbaycanda fəaliyyət göstərir. İstər dizayndan turizmə, istər aqrar sənayedən yaşıl texnologiyaya və istərsə də nəqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycanda italyanlar fəaliyyət göstərir. “Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir”, - deyə Prezident bildirib.

“BİZİM DOSTLUĞUMUZ BUNDAN SONRA İNAMLA DAVAM ETDİRİLƏCƏKDİR”

Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yerinə düşər ki, son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə daha da möhkəmlənir. Əlbəttə ki, Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunun da müstəsna rolu var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önəmlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən, mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirilib. Bəşəriyyət üçün önəmli dəyər olan Roma katakombaları Fondun dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası Müqəddəs Taxt-Tacın və Azərbaycanın müştərək layihəsinin tərkib hissəsidir.

İki ölkə arasındakı münasibətlərin mənəvi və intellektual sütununu təşkil edən humanitar sahədə İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti xüsusi strateji əhəmiyyət kəsb edir. Artıq 500-dən çox istedadlı gəncin təhsil aldığı bu müasir bilik ocağı prioritet sahələrdə italyan innovasiya ruhunu Azərbaycanın böyük inkişaf potensialı ilə sintez edən unikal bir layihədir. Bu təhsil ocağı İtaliyanın nüfuzlu universitetlərinin zəngin təcrübəsini ölkəmizə transfer etməklə iqtisadiyyatımızın müxtəlif sektorları üçün beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrlar yetişdirir. Beləliklə, İtaliya-Azərbaycan Universiteti sadəcə bir tədris müəssisəsi deyil, iki xalqın mədəniyyətlərini bir-birinə daha da yaxınlaşdıran, ortaq gələcəyə hesablanmış intellektual bir körpü və humanitar əməkdaşlığın ən uğurlu nümunəsidir. “Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir”, - deyə Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər