Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Tarixi əhəmiyyət daşıyan bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videobağlantı formatında çıxış edərək regionda sülh prosesi, əldə olunan nailiyyətlər və bəzi Avropa qurumlarının ikili standartları barədə vacib mesajlar verib. Zirvədə həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanada Baş naziri Mark Karni də çıxış ediblər.
Prezident İlham Əliyev çıxışında bir il öncə Tiranada Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasını dəstəklədiyini, lakin tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvənin Azərbaycanda keçirilməsini təklif etdiyini bildirib. Bu təklif qəbul olunub və dövlət başçısı “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycana dəvət edib.
Diqqətçəkən məqam odur ki, Ermənistan bu namizədliyi dəstəkləyib. Prezident İlham Əliyev bunu “Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisi” adlandırıb. O qeyd edib ki, iki ölkə cəmi doqquz aydır sülh şəraitində yaşayır və sülhdə yaşamağı öyrənir. Ermənistanın Baş naziri Nikol Paşinyan da öz çıxışında bu dəstəyi təsdiqləyərək, ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini vurğulayıb və 2028-ci ildə Azərbaycana səfər etməyə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev sülh qurulduqdan sonra atılmış konkret addımları da açıqlayıb. Xatırladaq ki, ötən ilin avqustunda Vaşinqtonda Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzalayıblar, həmçinin xarici işlər nazirləri sülh sazişinin mətnini paraflayıblar.
Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Nəticədə, bu günə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq öz neft məhsullarını – benzin və dizeli Ermənistana təchiz etməyə başlayıb. İndiyədək 12 min ton neft məhsulları Ermənistana ixrac edilib. Beləliklə, iki ölkə arasında ticarət münasibətləri başlayıb.
Sülh sahəsində digər nailiyyət isə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsidir. Bu marşrut Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin bir hissəsinə çevriləcək. Prezident vurğulayıb ki, həm Ermənistan, həm də Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər.
Prezident İlham Əliyev Avropa Komissiyasının sülh prosesində tutduğu mövqeyə görə təşəkkürünü bildirsə də, təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) sülh prosesində konstruktiv mövqe sərgiləmir və ikili standartlar nümayiş etdirirlər.
Dövlət başçısı xatırladıb ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, lakin 2023-cü ilin sentyabrında Qarabağda separatçılığa son qoyulduqdan cəmi dörd ay sonra AŞPA Azərbaycan nümayəndə heyətinə sanksiyalar tətbiq edib. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir,” – deyə Prezident vurğulayıb.
Avropa Parlamentinə gəlincə, Prezident İlham Əliyev bildirib ki, bu qurum sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-dək Avropa Parlamenti Azərbaycanla bağlı 14 qətnamə qəbul edib. Ən sonuncu qətnamə bilərəkdən Zirvə görüşü ərəfəsində, cəmi dörd gün əvvəl qəbul edilib.
“Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır” – deyə dövlət başçısı vurğulayıb. Səbəb isə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, separatçılığa son qoyması və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsidir.
Cavab olaraq, Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılması ilə bağlı rəsmi qərar qəbul edib.
Çıxışının yekununda Prezident İlham Əliyev Baş nazir Paşinyanı Zirvə görüşünün Ermənistanda keçirilməsi münasibətilə təbrik edib və vurğulayıb: “Prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.”
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bu Zirvəni “Avropada bir sülh hekayəsi” adlandıraraq, eskalasiya və müharibənin hökmranlıq etdiyi bir dünyada bu razılaşmanın alqışlanmalı olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə Ermənistana və Azərbaycana dayanıqlı, hərtərəfli və uzunmüddətli sülh arzuladığını xüsusi vurğulayıb. Kanada Baş naziri Mark Karni də iki ölkə arasında əldə olunan tərəqqiyə görə təbriklərə qoşulub.
Güləhməd İmanov
Filologiya üzrə elmlər doktoru, BDU-nun baş müəllimi