2021-ci il iyunun 15-də qədim Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Bu mühüm sənəd Azərbaycan ilə Türkiyənin siyasi iradəsini, qarşılıqlı etimadını və ortaq gələcəyə hesablanmış strateji baxışını özündə əks etdirir.
Şuşa Bəyannaməsinin imzalanması təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də regionun gələcək inkişafı və təhlükəsizliyi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Sənəd dövlətlərin milli maraqlarının qorunması, müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması kimi vacib məsələləri əhatə edir.
Bəyannamə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra imzalanaraq azad edilmiş torpaqlarda yeni dövrün başlandığını nümayiş etdirmişdir. Şuşa şəhərinin seçilməsi isə xüsusi rəmzi məna daşıyır. Bu şəhər həm Azərbaycanın mədəniyyət beşiyi, həm də dövlətimizin suverenliyinin və qüdrətinin simvoludur.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin gələcək illərdə də ortaq məqsədlər naminə birlikdə fəaliyyət göstərəcəyini təsdiqləyən mühüm siyasi sənəddir. Bu sənəd qardaşlıq münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, Türk dünyasının həmrəyliyinin güclənməsinə və regionda uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verir. Azərbaycandan Türkiyəyə uzanan sarsılmaz dostluq və müttəfiqlik körpüsü məhz Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənmişdir.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi