PDF Oxu

Siyasət

  • 648

Azərbaycan Ordusu – qüdrətimizin və qələbəmizin rəmzi - ŞƏRH

image

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli ordunun yaradılması haqqında qərar qəbul edilərkən, dövlətimizin qurucuları yəqin ki, bir əsrdən sonra Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer alacağını təsəvvür etmirdilər. Bu gün Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı, müasir silahlanması, peşəkar şəxsi heyəti və zəngin hərbi təcrübəsi ilə ölkəmizin təhlükəsizliyinin əsas təminatçısına çevrilmişdir. Ordumuzun qazandığı uğurlar Azərbaycanın müstəqilliyinin, dövlətçilik ənənələrinin və xalqımızın yenilməz iradəsinin parlaq təcəssümüdür.
Müstəqil Azərbaycanın güclü orduya sahib olmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. Azərbaycan xalqının xilaskarı kimi tarixə düşən Heydər Əliyev ölkənin ən çətin günlərində hakimiyyətə qayıdaraq dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas etmişdir. Onun uzaqgörən siyasəti, qətiyyəti və zəngin idarəçilik təcrübəsi sayəsində ölkədə sabitlik təmin olunmuş, güclü dövlət quruculuğu prosesi başlamışdır.
Ulu Öndər Heydər Əliyev hər zaman bildirirdi ki, müstəqil dövlətin ən mühüm dayaqlarından biri güclü ordudur. Məhz onun rəhbərliyi ilə nizami ordu quruculuğunun əsasları yaradılmış, Silahlı Qüvvələrdə mühüm islahatlar həyata keçirilmiş, hərbi hissələrin maddi-texniki bazası gücləndirilmişdir. Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan Ordusu gələcək inkişaf üçün möhkəm təməl əldə etmişdir. O, təkcə böyük dövlət xadimi deyil, həm də Azərbaycan dövlətçiliyinin memarı, xalqının gələcəyini düşünən dahi lider kimi tarixdə əbədi yer tutmuşdur.
Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan misilsiz inkişaf yolu keçmiş, iqtisadi qüdrəti artmış və bu imkanlar ordumuzun daha da gücləndirilməsinə yönəldilmişdir. Dövlət başçısının xüsusi diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz edilmiş, dünyanın qabaqcıl hərbi təcrübələri ölkəmizdə tətbiq olunmuşdur.
Prezident İlham Əliyev yalnız güclü siyasi lider deyil, həm də ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük töhfələr vermiş Ali Baş Komandandır. Onun qətiyyətli siyasəti, milli maraqlara əsaslanan fəaliyyəti və yüksək liderlik keyfiyyətləri Azərbaycan dövlətinin güclənməsində mühüm rol oynamışdır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirmiş, regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz cəmi 44 gün ərzində tarixi qələbə qazandı, torpaqlarımız işğaldan azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu şanlı Zəfər xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Azərbaycan əsgərinin cəsarəti, zabitlərimizin peşəkarlığı və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində tariximizin ən möhtəşəm qələbələrindən biri əldə edildi.
Bu gün Azərbaycan Ordusu öz döyüş qabiliyyəti, intizamı və vətənpərvərliyi ilə seçilir. Ordumuz müasir hərbi texnologiyalarla təchiz olunmuş, peşəkar kadrlarla gücləndirilmiş və istənilən vəzifəni yerinə yetirməyə qadir olan qüdrətli bir gücə çevrilmişdir. Azərbaycan əsgəri Vətənə sədaqətin, qəhrəmanlığın və fədakarlığın canlı nümunəsidir.
Azərbaycan Ordusunun bugünkü uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. Bu iki görkəmli liderin fəaliyyəti nəticəsində Azərbaycan güclü dövlətə, qüdrətli orduya və qalib xalqa çevrilmişdir. Xalqımız hər zaman öz rəhbərləri ilə fəxr edir, onların dövlətimiz və millətimiz qarşısındakı xidmətlərini yüksək qiymətləndirir.
Əminliklə demək olar ki, Azərbaycan Ordusu bundan sonra da ölkəmizin müstəqilliyini və təhlükəsizliyini etibarlı şəkildə qoruyacaq, dövlətimizin gücünün və xalqımızın qürurunun rəmzi olaraq yeni uğurlara imza atacaqdır.

İftixar Həsənov

YAP Şərur rayon təçkilatının fəal üzvü

Digər xəbərlər