Azərbaycanın bu qurumdan tam çıxması reallığa uyğun atılan addım ola bilər
Bu gün Azərbaycan dünya miqyasında sayılan, seçilən və hörmət göstərilən əsas dövlətlərdəndir. Bu prinsiplərə ölkəmizin qazandığı iqtisadi, siyasi, hərbi gücü, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti ilə nail olunub. 44 günlük Vətən Müharibəsində qazanılan parlaq hərbi, diplomatik qələbə Azərbaycanın dünyada gücünə yeni güc qatdı. Lakin elə dövlətlər, beynəlxalq təşkilatlar var ki, onlar dünya xəritəsində yeni bir güc mərkəzinin olmasından ciddi narahatdırlar. Həm də onları əndişələndirən yeni aparıcı dövlətin müsəlman ölkəsi olmasıdır. Ona görə də, kor-koranə şəkildə dövlətlərin riyakar siyasətçiləri, hökumət adamları sifarişli şəkildə Azərbaycan haqqında dezinformasiya xarakterli informasiyalar paylaşırlar. Bəzən AŞPA, Avropa İttifaqı kimi artıq mənasız quruma çevrilən təşkilatlar göstərişə və rüşvət qarşılığında Azərbaycanla bağlı yanlış qərarlar qəbul edirlər. Qərarların əksər hissəsi erməni maraqlarına xidmət edir. Sanki Ermənistandakı revanşistlər AŞPA parlamentində oturub, Azərbaycanla bağlı hədyanlar səsləndirirlər. Halbuki, 30 il AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, əhəmiyyətli qərarlar qəbul etməkdən çəkinib. AŞPA nizamnaməsinə görə isə quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alınmalıdır. Bu qanun 30 il Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistana qarşı tətbiq olunmadı. Bu isə AŞPA-nın qərəzli və ikili standartlardan çıxış etdiyini göstərir. 44 günlük Vətən Müharibəsindən sonra AŞPA Azərbaycanın işğal altındakı torpaqlarını azad etdiyinə görə ermənilərin qara günlərinə, faciələrinə ağlaşma qurdular. Azərbaycanı hədəf seçməklə erməni himayədarı olduqlarını nümayiş etdirdilər.
AŞPA mənasız quruma çevrilib
Diqqətçəkən məqam ondan ibarətdir ki, əksər hallarda AŞPA-nın və Avropa İttifaqının Azərbaycanla bağlı qəbul etdikləri qərəzli qərarların zərərini özləri çəkmiş olurlar. Misal üçün, Almaniya nasistlərinin rəhbəri, AŞPA-dan olan deputat Frank Şveberin Azərbaycanla bağlı irəli sürdüyü separatçı layihənin dəstəklənməsindən az sonra qurumun əsas söz sahibləri tərəfindən ciddi yanlışlığa yol verildiyini etiraf etmələrini göstərmək olar. Eyni üzrhaxlığı Avropa İttifaqının nisbətən sağlam düşüncəli deputatları da nümayiş etdirirlər. Belə ki, Avropa İttifaqının rüşvətə və korrupsiyaya bulaşmış deputatları cari ilin aprel ayının 30-da Azərbaycan haqqında separatçı qətnamə qəbul etmişdir. Təbii ki, qərar birbaşa erməni maraqlarına və separatizmin formalaşmasına xidmət edən qərar olmuşdur. Məhz bundan sonra Azərbaycan əsaslı olaraq Avropa parlamenti ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrini dayandırdığını açıqladı. Bundan sonra ciddi itkiyə məruz qalacaqlarını anlayan Avropalı İttifaqının deputatları mayın 21-də Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və “Euronest”dən çıxmaq barədə qərarını narahatlıq və həyəcanla müzakirə ediblər. Əksər deputatlar Avropa Parlamentinin aprelin 30-da Azərbaycanla bağlı qəbul etdiyi qərarın yanlış olduğunu və səhvin etiraf olunmasının vacibliyini bildirdilər. Avropa Parlamentinin “Euronest”dakı nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə “Şərq tərəfdaşlığı” çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir. Məhz buna görə də, Azərbaycanda Avropa İttifaqına və AŞPA-ya münasibətdə fərqli yanaşmalar mövcuddur. Yəni AŞPA qərarlarını nasistlərəs xas qərarlarların qəbulu ilə “zəngiləşdirsə” də, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında Azərbaycanın Avropa Komissiyasından və Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərindən danışatkən əsaslı olaraq bunların arasında çox böyük fərqin olduğunu bildirdi: “Avropa Komissiyası ilə münasibətlərimiz müxtəlif olub. Cənab Borrelin Avropa diplomatiyasına rəhbərlik etdiyi dövrdə bizim aramızdakı münasibətlər, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələr demək olar ki, tam uçuruma gedib”.
Prezident İlham Əliyev faktlara və mövcud reallıqlara uyğun olaraq qeyd etdi ki, Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi və ümid edirik ki, cənab Borrel birdəfəlik olaraq siyasətdən gedib: “O vaxtdan bəri bizim münasibətlər yaxşılaşmağa başladı. Xüsusən də biz gördük ki, həmin bu münasibətlərin qarşılıqlı şəkildə yenidən başlanılmasına böyük bir ehtiyac var və biz bunu dəstəklədik".
Hərbi zəfərdən sonra AŞPA erməni lobbisi rolunu dərinləşdirdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında diqqətə çatdırdı ki, Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir: “Avropa Şurasının Parlament Assamblesiyasına vaxtı ilə başqa bir mənzərə vardı. Mən təəssüf edirəm ki, belə bir hal baş verib. Vaxtilə mən 2001-ci ildə Azərbaycan Parlamentində üzv olduqda nümayəndə heyətinə rəhbər idim. İki il orada çalışdım. Orada il ərzində 4 sessiya keçirildi. Mənim üçün bu xoşa gəlməz hadisəsi idi. 2023-cü ildə biz öz legitim hüququmuzdan istifadə edərək separatçıların əlində qalan torpaqlarımızı işğaldan azad etdik. Lakin Azərbaycanı cəzalandırmaq üçün qətnamələr qəbul etdilər. 2024-cü ildə yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyanı sual altına çəkdilər və səsvermə hüququndan məhrum etdilər. Bu, sırf insan hüquqları ilə bağlı məsələ deyildi. Onunla bağlı olsaydı daha əvvəldən edərdilər. Bu, sadəcə bizimlə, ərazi bütövlüyümüzlə bağlı bir cəza idi. Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul elədi. Onlar görüşlərdə iştirakdan imtina etdilər. Əgər bizim səsvermə hüququmuz yoxdursa, nəyə görə biz orada olmalıyıq?!".
Azərbaycan Prezidenti İlham Əliyev xatırladıb ki, yeri gəlmişkən Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə də səs verməyib: “Buna görə də biz onların qərarlarını tanımırıq. Biz hakimlər üçün səs verməmişik, iki ildir biz ayrı-seçkiliyə məruz qalırıq. Açıq şəkildə deyirəm ki, Azərbaycan tam olaraq təşkilatdan çıxmağı gözdən keçirir. Nəinki üzvlüyümüzün dayandırılması, dondurulması, birmənalı olaraq həmin təchizatdan getməyimizi nəzərdən keçiririk. Avropa Şurasının baş katibi mənimlə əlaqə saxladı və xahiş etdi ki, bunu etməyək, vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapmalıyıq.
Həmin parlamentdə Azərbaycan ünvanına çox müəmmalı ultimativ qərarlar səsləndirirlər. Bu da tam qəbul edilməzdir. Bu, bizim qərarlarımız deyil, çünki onlar bizi səsvermə hüququndan məhrum ediblər. Bu hər hansı bir legitim qərarlar olmadan baş verib. Onlar bizim nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər. Ondan sonra Azərbaycan nümayəndə heyəti qayıdacaq. Biz hər hansı bir səhv addım atmamışıq. Onlar ədalətsiz qərar veriblər. Odur ki, onlar geri çəkilməli, öz səhvlərini etiraf etməlidirlər. Bir çox hallarda mən öz narahatlığımı ifadə etmişəm".
Prezident İlham Əliyev çıxışında onu da qeyd etdi ki, Azərbaycan tam şəkildə Avropa Şurasından çıxsa, heç kəs bunu hiss etməyəcək: “Yəni, burada çox şey dəyişməyəcək. Bəlkə bundan daha yaxşı olacaq. Biz toqquşmaya getmək istəmirik. Azərbaycana qərəzlə yanaşırlar, onların iddiaları əsassızdır. Bu, bizim seçimimiz deyil. Biz təşkilata 2001-ci ildə könüllü olaraq qoşulmuşuq. O vaxt çox şey fərqli idi. Biz böyük istəklə, ümidlə daxil olduq ki, onlar bizə əsas istəyimizi, yəni Qarabağ münaqişəsinin həllində kömək edəcəklər”.
Azərbaycan 30 illik erməni işğalına son qoyub, ərazilərini separatçı və terrorçu ünsürlərdən təmizlədikdən sonra Avropa Parlamenti Azəbaycanla bağlı 14 qətnamə qəbul edib. Hər bir qətnamə ədalətsiz, qərəzli və erməni maraqlarına xidmət üzərində qəbul edilən qətnamələr olub. Dağıdıcı müxalif ünsür AŞPA, Avropa Parlamenti kimi rüşvətə və korrupsiya girdabında əzilən qurumların Azərbaycanla bağlı qəbul etdikləri separatçı qətnamələrə haqq qazandırdılar. Milli Şura, AXCP, Müsavat liderləri və xaricdəki antimilli ünsürlər davamlı şəkildə doğulub boya-başa çatdıqları, suyunu içib, çörəyini yedikləri Azərbaycanı aşağılamağa, atributlarını təhqir etməyə çalışırlar. Hansı ki, İsa Qəmbər, Cəmil Həsənli, Arif Hacılı və digərləri açıq şəkildə Azərbaycan qanunverciyini pozmaq siyasəti aparırlar. Düzdür, onların sırasında olub, qatı cinayət əməli törədən AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd Rahim, onların işlərini koordinasiya etmiş Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirov və digərləri həbs olunublar. Onlar məhkəmə qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar. AŞPA, Avropa İttifaqı kimi qurumlara gəlincə isə onlarla əməkdaşlığa son qoyulur. Yaxın vaxtlarda isə Azərbaycan tam şəkildə AŞPA ilə vidalaşmalı olacaq. Uduzan, böyük itkilərə məruz qalan isə AŞPA olacaq, bundan sonra Avropa Parlamentinin “Euronest”dakı nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski kimi Azərbaycandan üzürxahlıq nəticə verməyəcək.
İ.ƏLİYEV