Azərbaycan və Qırğızıstanı tarix, dil, mədəniyyət, milli-mənəvi dəyərlər və ortaq köklər birləşdirir. Türk dünyasının ayrılmaz hissəsi olan hər iki dövlət müstəqillik qazandıqdan sonra münasibətlərini qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında inkişaf etdiriblər. Son illərdə dövlət başçıları arasında qarşılıqlı səfərlərin intensiv xarakter alması, imzalanan mühüm sənədlər, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər bir daha sübut etdi ki, Bakı ilə Bişkek arasında əlaqələr sadəcə dostluq münasibətləri ilə məhdudlaşmır. Artıq əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə yüksələrək regional və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyə əsaslanan etibarlı tərəfdaşlığa çevrilmişdir. Dövlət başçısının “biz bu məsuliyyətə hazırıq” ifadəsi Azərbaycanın öz müttəfiqlik öhdəliklərinə sadiqliyini və etibarlı tərəfdaş olduğunu təsdiqləyən mühüm siyasi mesajdır. Görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: “Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.
Prezident çıxışında Mərkəzi Asiya ölkələrinə, o cümlədən Qırğızıstana dövlət səfərinin əhəmiyyəti barədə fikirlərini bildirib. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Bu regionda daha çox türk dövlətləri yerləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır.
Qırğızıstan Prezidenti Sadır Japarov da Azərbaycan–Qırğızıstan əməkdaşlığının yeni mərhələsini tarixi hadisə adlandırıb. Vurğulayıb ki, son illərdə dövlət başçıları arasında formalaşan qarşılıqlı etimad və müntəzəm siyasi dialoq belə mühüm qərarın qəbulunu mümkün edib.
Prezident İlham Əliyev isə müttəfiqliyin yalnız yeni status deyil, həm də böyük məsuliyyət olduğunu bildirərək deyib: "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm iqtisadi-ticari sahədə, həm də təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik".
Bu bəyanat iki ölkənin gələcəyini ortaq strateji maraqlar əsasında birlikdə qurmaq əzmini açıq şəkildə ortaya qoyur. Səfər iqtisadi sahədə də mühüm nəticələrlə yadda qalıb. Azərbaycan–Qırğız İnvestisiya Fondunun vəsaitinin iki dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılması iqtisadi əməkdaşlığa verilən yüksək siyasi dəstəyin göstəricisidir. Artıq Fond çərçivəsində üç birgə layihə uğurla həyata keçirilib, səkkiz yeni layihənin icrasına başlanılıb. Bu təşəbbüslər sənaye, kənd təsərrüfatı, logistika və digər sahələrdə yeni imkanlar açmaqla yanaşı, hər iki ölkədə məşğulluğun və qarşılıqlı investisiyaların artmasına xidmət edəcək. Danışıqlarda Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və enerji əməkdaşlığının dərinləşdirilməsi xüsusi yer tutub. Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən etibarlı nəqliyyat və enerji körpüsü kimi rolu bir daha təsdiqlənib.
Azərbaycan və Qırğızıstan arasındakı münasibətlərin ən böyük üstünlüyü onların yalnız siyasi maraqlara deyil, ortaq mənəvi dəyərlərə söykənməsidir. İssık-Kul gölünün sahilində Azərbaycanın maliyyə dəstəyi ilə inşa edilən beşulduzlu "Bakı" hotelinin açılışı bunun ən parlaq nümunələrindən biri oldu. Bu layihə iqtisadi əhəmiyyətindən daha çox xalqlar arasında dostluğun və etimadın rəmzi kimi diqqət çəkir. Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Qarabağın bərpasına verdiyi qardaş dəstəyini yüksək qiymətləndirərək Ağdamda tikilən "Manas" məktəbini iki xalqın sarsılmaz birliyinin simvolu adlandırıb. Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldılması və adını daşıyan parkın salınması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluğu Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi də bu mənəvi bağların daha da möhkəmləndiyini nümayiş etdirir.
Nazim Eyvazov,
YAP Şərur rayon təşkilatının Tənənəm kənd Ərazi Partiya təşkilatının sədri