Prezident İlham Əliyev: “Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir”
Genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısına çevrilib. Güclü dövlət və qazandığımız uğurlar bizə Zəfərimizi yaşatdı. 30 ilə yaxın işğalda olan torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olundu. Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi dövlətimizin gücünün göstəricisidir. Bütün dünya Ordumuzun gücünü, işğalçı Ermənistanın məğlubiyyətini gördü. Azərbaycan xalqı başda olmaqla, bütün türk dünyası bu tarixi Zəfəri yaşadı. Qarabağ Zəfəri sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyət təkcə region dövlətlərinə deyil, bütün Avrasiya məkanında sülh və inkişafa yol açır. Bugünki günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, işğaldan azad olunan ərazilərə etdiyi səfərlər zamanı həmin yerlərdən verdiyi mesajlar, açılışı olan obyektlər, yaradılan infrastruktur layihələri deməyə əsas verir ki, böyük quruculuq işləri nəticəsində bu ərazilərdə artıq yeni həyat başlanıb. Artıq doğma Vətənə, doğma şəhərlərə əzəli sakinlər qayıdırlar. “Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır”. Bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə deyib. “İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın”, - deyə dövlətimizin başçısı əlavə edib.
“BİZ ÖZ HƏQİQƏTLƏRİMİZİ ONLARA QƏBUL ETDİRMİŞİK”
“Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq.” Bu fikirləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərinə köçən sakinlərlə görüşündə səsləndirib. “Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik”, - deyə dövlətimizin başçısı əlavə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçına səfəri zamanı “Həkəriçay” su anbarının təməlini qoyub. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarı yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. “Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur. “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq. Həmin gün Prezident Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.
Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq “Ağbulaq-2” Su Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilib.
“SON 5-6 İL ƏRZİNDƏ XALQIMIZ QÜRUR HİSSİ İLƏ YAŞAYIR, HAQLI OLARAQ”
Bu gün Şuşada görülən işlərin miqyası çoxdur. Hər daşı, hər abidəsi yenidən qurulur. Zəfər qazanan xalq hər qarış torpağına, məhz ruhuna uyğun olaraq nəfəs verir. Axı bu günü illərdir ki, gözləyirdik. Gözləyirdik ki, bizim yolumuzu gözləyən torpaqlarımıza nəfəs qataq. Əlimizlə, zəhmətimizlə, səsimizlə, addımlarımızla. Bu gün bizlərə nəsib oldu. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub. Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib. Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir. Qeyd edək ki, layihə həm də Azərbaycanda dövlət-özəl tərəfdaşlığının yüksək səviyyədə qurulduğunu aydın şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyev Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub. “Yasəmən” hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Orijinal görkəminə uyğun üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev Fondu həmin binada layihələndirmə işləri aparıb və 2023-cü ildən - bərpa işlərindən sonra binada fəaliyyət göstərən hotelin iki korpusu artıq qonaqları qəbul edir. Hazırda isə “Yasəmən” hotelinin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri görülüb. Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılıb. Butik konseptli yeni korpuslarda, həmçinin aynabənd və terras zonalar yaradılıb. Bərpadanəvvəlki arxiv fotoşəkillərinə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib. Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb. Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar. Bir il sonra dövlətimizin başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.
Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir. Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır. Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb. “Xankəndi” hotelinin açılışı da görülən işlərın davamıdır. Dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək. Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.
Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir. “Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq”, - deyə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik”.
Zümrüd BAYRAMOVA