Azərbaycan Prezidenti İlham Əliyevin “Bu məsələlərə bu qədər həssas yanaşmağımızın səbəblərindən biri də odur ki, biz özümüz müstəmləkə şəraitində yaşamışıq” fikri Azərbaycanın tarixi keçmişinə və müasir xarici siyasətinin əsas prinsiplərinə işıq salır. Xalqımız uzun illər müstəmləkə idarəçiliyi şəraitində yaşayıb, milli azadlıq, dövlət müstəqilliyi və öz müqəddəratını müəyyən etmək uğrunda böyük mübarizə aparıb. Bu çətin tarixi yol Azərbaycan xalqının azadlığın və müstəqilliyin əsl dəyərini dərindən dərk etməsinə səbəb olub.
Məhz buna görə də Azərbaycan bu gün beynəlxalq münasibətlərdə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə xüsusi həssaslıqla yanaşır. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəmləkəçilikdən əziyyət çəkmiş bir xalq olaraq Azərbaycan heç bir ölkənin başqa dövlət üzərində hökmranlıq etməsini və xalqların hüquqlarının pozulmasını qəbul etmir. Ölkəmiz bütün beynəlxalq platformalarda ədalətin, bərabərliyin və qarşılıqlı hörmətin tərəfdarı kimi çıxış edir.
Azərbaycanın son illərdə qazandığı uğurlar, müstəqil xarici siyasəti və beynəlxalq nüfuzu göstərir ki, xalqımız tarixi sınaqlardan güclənərək çıxıb. Bu gün Azərbaycan müstəqil qərarlar qəbul edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq əməkdaşlığa töhfə verən güclü dövlətdir. Prezident İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, ölkəmizin ədalətli mövqeyinin əsasında xalqımızın yaşadığı tarixi təcrübə, azadlıq uğrunda mübarizəsi və müstəqilliyə verdiyi böyük dəyər dayanır.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi