PDF Oxu

Siyasət

  • 975

Milli jurnalistikanın tarixi irsi və müasir inkişaf mərhələsi - ŞƏRH

image

22 İyul – Milli Mətbuat Günü Azərbaycan xalqının maarifçilik salnaməsində, milli özünüdərk tarixində və dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm yer tutan əlamətdar günlərdən biridir. Bu tarix milli jurnalistikamızın yaranmasının ildönümü olmaqla yanaşı, söz azadlığının, ictimai fikrin və milli ideyaların inkişaf yolunu əks etdirən əhəmiyyətli bir mərhələni ifadə edir.

Azərbaycan dilində ilk milli qəzet olan "Əkinçi" 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü ilə işıq üzü gördü. Bu nəşrin meydana çıxması təkcə mətbuat tarixində yeni səhifənin açılması deyildi. "Əkinçi" cəmiyyətin maariflənməsinə, milli şüurun formalaşmasına, ana dilinin qorunmasına və ictimai düşüncənin inkişafına xidmət edən böyük ideoloji məktəbin əsasını qoydu.
Ümummilli Lider Heydər Əliyevin də vurğuladığı kimi, Azərbaycan mətbuatının keçdiyi yol xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin ayrılmaz tərkib hissəsidir. Həqiqətən də, milli mətbuat müxtəlif tarixi mərhələlərdə xalqın milli maraqlarının müdafiəsində, ictimai həmrəyliyin gücləndirilməsində və milli kimliyin qorunmasında mühüm missiya yerinə yetirib.
"Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərsə də, onun yaratdığı maarifçilik ənənəsi sonrakı dövrlərdə nəşr olunan çoxsaylı qəzet və jurnallar vasitəsilə davam etdirildi. "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "İrşad", "Açıq söz" kimi mətbu orqanlar Azərbaycan ədəbi dilinin zənginləşməsinə, milli ideyaların yayılmasına, ziyalı nəslinin yetişməsinə və istiqlal düşüncəsinin möhkəmlənməsinə mühüm töhfələr verdi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra media sahəsində yeni inkişaf mərhələsi başlandı. Xüsusilə 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl islahatlar söz və mətbuat azadlığının təmin edilməsinə, hüquqi bazanın təkmilləşdirilməsinə və medianın müstəqil fəaliyyətinin genişləndirilməsinə əlverişli şərait yaratdı. 1998-ci ilin avqustunda dövlət senzurasının ləğv edilməsi ölkənin demokratik inkişaf tarixində mühüm dönüş nöqtəsi oldu və peşəkar jurnalistikanın inkişafına geniş imkanlar açdı.
Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə informasiya siyasətinin təkmilləşdirilməsi, media qanunvericiliyinin yenilənməsi, jurnalistikanın iqtisadi dayanıqlığının gücləndirilməsi və müasir media mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Bu siyasətin mühüm nəticələrindən biri 2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyinin yaradılması, həmin ilin dekabrında isə "Media haqqında" Qanunun qəbul olunmasıdır. Media Reyestrinin təsis edilməsi, peşə standartlarının müəyyənləşdirilməsi, media subyektlərinə vergi güzəştlərinin tətbiqi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi milli media sisteminin daha müasir və dayanıqlı əsaslar üzərində inkişafına xidmət edir.
Rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya istehsalının xarakterini də dəyişdirib. Ənənəvi media ilə yanaşı, internet platformaları, sosial şəbəkələr və süni intellekt jurnalistikanın ayrılmaz hissəsinə çevrilib. Belə bir şəraitdə operativliklə yanaşı, məlumatın dəqiqliyi, obyektivliyi və peşə etikası daha böyük əhəmiyyət kəsb edir. Saxta xəbərlərin, dezinformasiyanın və informasiya manipulyasiyalarının qarşısının alınması müasir medianın əsas vəzifələrindən biri kimi ön plana çıxır.
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan mediası cəmiyyətin maariflənməsində, milli həmrəyliyin möhkəmləndirilməsində, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunub təbliğində və demokratik proseslərin dəstəklənməsində mühüm rol oynayır. Dövlət başçısı jurnalistikanın peşəkarlıq, obyektivlik, milli maraqlara sadiqlik və vətənpərvərlik prinsiplərinə əsaslanmasının vacibliyini daim diqqətə çatdırır.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirdi. Jurnalistlər həm cəbhə bölgəsindən operativ məlumatlar çatdırdılar, həm də beynəlxalq informasiya məkanında ölkəmizin haqlı mövqeyinin müdafiəsinə mühüm töhfə verdilər. İnformasiya cəbhəsində əldə olunan uğurlar Azərbaycanın hərbi və siyasi nailiyyətlərini tamamlayan vacib amillərdən biri kimi tarixə düşdü. Müharibədən sonrakı mərhələdə isə media azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, Böyük Qayıdış Proqramını və regionda yaranan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq missiyasını davam etdirir.
Azərbaycan mediasının beynəlxalq əlaqələri də son illərdə yeni mərhələyə qədəm qoyub. Azərbaycan-Türkiyə Birgə Media Platformasının yaradılması, müxtəlif ölkələrin media qurumları ilə əməkdaşlığın genişləndirilməsi və beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsi informasiya diplomatiyasının güclənməsinə mühüm töhfə verir.
Dövlət tərəfindən milli mətbuatın yubileylərinin yüksək səviyyədə qeyd olunması, Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalının təsis edilməsi, jurnalistlərin dövlət təltifləri və fəxri adlarla mükafatlandırılması media nümayəndələrinə göstərilən diqqət və qayğının bariz ifadəsidir.
Media sahəsində aparılan institusional islahatlar da bu inkişafın davamlı xarakter daşıdığını göstərir. 2026-cı ilin iyul ayında Media və Yayım Şurasının yaradılması ilə bağlı qanunvericilik təşəbbüsünün qəbul edilməsi informasiya siyasətinin daha səmərəli idarə olunmasına, müxtəlif media platformaları arasında koordinasiyanın gücləndirilməsinə və dezinformasiyaya qarşı mübarizənin daha effektiv təşkilinə xidmət edir.
Şuşada keçirilən Qlobal Media Forumları artıq beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformaya çevrilib. 2026-cı ilin 13–14 iyul tarixlərində təşkil edilən IV Şuşa Qlobal Media Forumunda "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu ətrafında aparılan müzakirələr Azərbaycanın qlobal informasiya dialoqunun mühüm iştirakçısı olduğunu bir daha nümayiş etdirdi.
Bu gün Azərbaycan mediası yalnız xəbərləri ictimaiyyətə çatdıran informasiya vasitəsi deyil. O, dövlət quruculuğu proseslərinin, vətəndaş cəmiyyətinin inkişafının, milli maraqların müdafiəsinin və ictimai həmrəyliyin vacib iştirakçılarından biridir. Qarşıdakı dövrdə rəqəmsal transformasiya, süni intellekt texnologiyalarından səmərəli istifadə, media savadlılığının artırılması və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi milli medianın əsas fəaliyyət istiqamətləri sırasında olacaq.
151 illik zəngin tarixə malik Azərbaycan milli mətbuatı böyük sınaqlardan keçərək möhkəm ənənələr formalaşdırıb. Həsən bəy Zərdabinin yaratdığı maarifçilik məktəbi bu gün müasir rəqəmsal jurnalistika ilə yeni məzmun qazanır. Dəyişməyən əsas prinsip isə cəmiyyətə doğru, obyektiv və operativ informasiya çatdırmaq, milli maraqları qorumaq, dövlətçilik dəyərlərini möhkəmləndirmək və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Zəngin tarixi irsinə söykənən milli mətbuatın bundan sonra da müasir çağırışlara uyğun inkişaf edərək ölkəmizin tərəqqisinə mühüm töhfələr verəcəyinə heç bir şübhə yoxdur.

Gülnar Abbasova
YAP Babək rayon təşkilatının fəalı

Digər xəbərlər