Hər il 22 iyul tarixində qeyd olunan Milli Mətbuat Günü Azərbaycan jurnalistikasının yaranma tarixini, keçdiyi inkişaf mərhələlərini və cəmiyyət qarşısındakı mühüm missiyasını bir daha diqqət mərkəzinə gətirir. Bu əlamətdar günün əsasında 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti dayanır. Məhz həmin qəzet milli mətbuatımızın təməlini qoymaqla yanaşı, xalqın milli özünüdərkinin, maarifçilik ideyalarının və dövlətçilik düşüncəsinin formalaşmasına mühüm təsir göstərmişdir.
XIX əsrin ikinci yarısında Azərbaycanda cəmiyyətin inkişafı yeni informasiya vasitəsinə ehtiyac yaratmışdı. Belə bir dövrdə Həsən bəy Zərdabi ana dilində nəşr olunan qəzet vasitəsilə insanların maariflənməsinə, elm və təhsilə marağın artırılmasına, ictimai fikrin inkişafına xidmət edən mühüm bir təşəbbüs həyata keçirdi. Cəmi 56 nömrə nəşr olunmasına baxmayaraq, “Əkinçi” milli jurnalistikanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsl məktəb rolunu oynadı.
Sonrakı illərdə fəaliyyət göstərən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər qəzet-jurnallar bu ənənəni uğurla davam etdirdilər. Həmin nəşrlər cəmiyyətdə milli şüurun möhkəmlənməsinə, ana dilinin inkişafına, maarifçilik ideyalarının geniş yayılmasına və istiqlal ruhunun güclənməsinə mühüm töhfələr verdilər. Azərbaycan mətbuatı tədricən ictimai fikrin formalaşmasında aparıcı institutlardan birinə çevrildi.
Müstəqilliyin bərpasından sonra media sahəsinin inkişafı yeni mərhələyə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar söz və mətbuat azadlığının möhkəmləndirilməsinə, medianın hüquqi bazasının təkmilləşdirilməsinə və iqtisadi müstəqilliyinin təmin olunmasına geniş imkan yaratdı. Bu baxımdan 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycan jurnalistikasının inkişaf tarixində dönüş nöqtəsi hesab olunur. Həmin qərar mətbuatın daha sərbəst fəaliyyət göstərməsi üçün əlverişli şərait formalaşdırdı.
Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Son illərdə media sahəsində həyata keçirilən ardıcıl islahatlar qanunvericiliyin yenilənməsinə, informasiya məkanının müasir standartlara uyğunlaşdırılmasına və media subyektlərinin dayanıqlı fəaliyyətinin təmin edilməsinə xidmət edir.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediası üzərinə düşən məsuliyyəti yüksək peşəkarlıqla yerinə yetirdi. Yerli jurnalistlər informasiya cəbhəsində operativ və etibarlı məlumatlar təqdim etməklə ölkəmizin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdılar, düşmənin yaydığı dezinformasiyalara qarşı faktlara əsaslanan məlumatlarla cavab verdilər. Müharibədən sonrakı mərhələdə isə media azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini, Böyük Qayıdış proqramını və regionda formalaşan yeni geosiyasi reallıqları mütəmadi olaraq işıqlandırır.
Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlaması, “Media haqqında” Qanunun qəbul edilməsi, jurnalistlər üçün tətbiq olunan sosial dəstək mexanizmləri və vergi güzəştləri dövlətin media siyasətinin mühüm istiqamətlərindən biridir. Bu addımlar informasiya sektorunun daha peşəkar və dayanıqlı inkişafını təmin etməyə yönəlib.
Müasir dünyada informasiya təhlükəsizliyi dövlət təhlükəsizliyinin əsas komponentlərindən biri hesab edilir. Dezinformasiyanın, saxta xəbərlərin və informasiya manipulyasiyalarının sürətlə yayıldığı indiki şəraitdə peşəkar jurnalistikanın məsuliyyəti daha da artır. Azərbaycan mediası yalnız cəmiyyəti operativ məlumatlandırmaqla kifayətlənmir, eyni zamanda milli maraqların qorunması və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynayır. Bu baxımdan 2026-cı ildə Media və Yayım Şurasının yaradılması istiqamətində həyata keçirilən tədbirlər media idarəçiliyinin daha müasir prinsiplər əsasında qurulmasına xidmət edir. Yeni model çap, rəqəmsal və audiovizual medianın vahid informasiya siyasəti çərçivəsində koordinasiyasını, innovativ texnologiyaların tətbiqini və dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsini hədəfləyir.
Azərbaycan mediasının beynəlxalq mövqeyi də son illərdə əhəmiyyətli dərəcədə möhkəmlənib. Şuşada keçirilən Qlobal Media Forumları artıq müxtəlif ölkələrdən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların iştirak etdiyi nüfuzlu platformaya çevrilib. 2026-cı il 13–14 iyul tarixlərində təşkil olunan IV Şuşa Qlobal Media Forumunda jurnalistikanın süni intellekt dövründə inkişaf perspektivləri, həqiqətin qorunması, ictimai etimadın möhkəmləndirilməsi, sülhün təşviqi və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq kimi aktual mövzular geniş müzakirə edildi. Bu forum Azərbaycanın qlobal media dialoqunda artan rolunu bir daha nümayiş etdirdi.
Milli mətbuatın inkişafı dövlət tərəfindən daim yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə jurnalistlərin peşə fəaliyyətinin stimullaşdırılması, yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi və media nümayəndələrinin dövlət mükafatları ilə təltif olunması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsi də milli jurnalistikanın tarixi xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir.
Rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi indiki mərhələdə medianın qarşısında yeni vəzifələr dayanır. Müasir jurnalistika təkcə xəbərləri çatdırmaq funksiyasını yerinə yetirmir, eyni zamanda media savadlılığının inkişafına, sağlam ictimai rəyin formalaşdırılmasına, milli-mənəvi dəyərlərin qorunmasına və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Bu gün Azərbaycan milli mətbuatı zəngin tarixi irsini müasir texnologiyalarla uğurla uzlaşdıraraq inkişafını davam etdirir. Çap mediasından rəqəmsal platformalara, ənənəvi jurnalistikadan süni intellekt əsaslı informasiya sistemlərinə qədər keçilən inkişaf yolu göstərir ki, milli media dəyişən dövrün çağırışlarına çevik uyğunlaşmaq və daim yenilənmək potensialına malikdir.
Peşəkar media güclü dövlətçilik ənənələrinin, milli maraqlara sadiqliyin, obyektivliyin və yüksək məsuliyyət hissinin vəhdəti əsasında formalaşır. Azərbaycan jurnalistikası bu gün də həmin dəyərlərə sadiq qalaraq ölkənin inkişafına, cəmiyyətin düzgün məlumatlandırılmasına və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına mühüm töhfə verməyə davam edir.
Gülnaz Rüstəmova
YAP Babək rayon təşkilatının əməkdaşı