PDF Oxu

Siyasət

  • 1 125

Milli mətbuatımız xalqın maariflənməsinə əvəzsiz töhfələr vermişdir - ŞƏRH

image

22 iyul tarixi Azərbaycan xalqı üçün yalnız peşə bayramı deyil, həm də milli maarifçilik hərəkatının, ictimai fikrin formalaşmasının və milli dövlətçilik düşüncəsinin inkişafını əks etdirən mühüm tarixi hadisədir. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümü qeyd olunur. 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən bir əsrdən artıq müddətdə xalqın maariflənməsinə, milli kimliyinin möhkəmlənməsinə və dövlətçilik ideyalarının təşəkkülünə əvəzsiz töhfələr vermişdir.

"Əkinçi" qəzeti sadəcə ilk Azərbaycan dilli qəzet deyildi. O, cəmiyyətin inkişafını təmin edən elm, təhsil və maarif ideyalarının carçısı kimi fəaliyyət göstərərək insanların dünyagörüşünün genişlənməsinə xidmət edirdi. Həsən bəy Zərdabi yaxşı bilirdi ki, xalqın tərəqqisi yalnız savadlı və milli dəyərlərinə bağlı nəslin yetişməsi ilə mümkündür. Bu baxımdan "Əkinçi" cəhalətə və xurafata qarşı mübarizənin ön sıralarında dayanaraq milli oyanış prosesinin əsas ideoloji dayaqlarından birinə çevrildi.
Milli mətbuatın inkişafı sonrakı illərdə də ardıcıl şəkildə davam etdi. "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin" və "Açıq söz" kimi nəşrlər Azərbaycan cəmiyyətində azad fikir mühitinin formalaşmasına, ana dilinin inkişafına, milli-mədəni irsin qorunmasına və istiqlal düşüncəsinin güclənməsinə mühüm təsir göstərdi. Bu mətbuat orqanları xalqın ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, milli özünüdərk prosesinin də aparıcı qüvvəsinə çevrildi.
Müstəqillik dövründə Azərbaycan mediasının inkişafı yeni mərhələyə qədəm qoydu. Xüsusilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar mətbuatın fəaliyyət imkanlarını xeyli genişləndirdi. Söz və məlumat azadlığının təmin edilməsi istiqamətində qəbul olunan qərarlar, media üçün müasir hüquqi bazanın yaradılması və 1998-ci ildə senzuranın ləğv edilməsi ölkədə azad medianın inkişafında dönüş nöqtəsi oldu.
Bu gün həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi media siyasəti peşəkar jurnalistikanın gücləndirilməsini, informasiya təhlükəsizliyinin təmin olunmasını və rəqəmsal medianın inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Müasir informasiya mühitinin tələblərinə uyğun islahatlar Azərbaycan mediasının rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Azərbaycan mediası 44 günlük Vətən müharibəsi zamanı da üzərinə düşən məsuliyyəti yüksək peşəkarlıqla yerinə yetirdi. Cəbhə bölgəsindən operativ xəbərlərin hazırlanması, beynəlxalq auditoriyanın düzgün məlumatlandırılması və ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının ifşa olunması informasiya cəbhəsində qazanılan mühüm uğurlar sırasında yer aldı. Jurnalistlərin bu fəaliyyəti Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynadı.
Son illər media sahəsində həyata keçirilən institusional islahatlar da diqqətəlayiqdir. Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul edilməsi, Media Reyestrinin tətbiqi, media subyektlərinə vergi güzəştlərinin verilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi bu istiqamətdə görülən işlərin mühüm tərkib hissəsidir. Bütün bunlar ölkədə peşəkar və məsuliyyətli medianın inkişafına əlverişli şərait formalaşdırır.
Azərbaycan mediasının beynəlxalq əlaqələrinin genişləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə Birgə Media Platformasının fəaliyyəti, müxtəlif ölkələrin media qurumları ilə qurulan tərəfdaşlıqlar və beynəlxalq media tədbirlərində fəal iştirak milli informasiya resurslarının imkanlarını daha da artırır və Azərbaycanın beynəlxalq informasiya məkanındakı mövqeyini möhkəmləndirir.
Artıq ənənəvi xarakter alan Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının mühüm platformalarından biri kimi tanınır. 2026-cı il 13–14 iyul tarixlərində keçirilən IV Şuşa Qlobal Media Forumunda sülhün təşviqində medianın rolu, dezinformasiyaya qarşı birgə mübarizə, süni intellekt dövründə jurnalistikanın inkişaf perspektivləri və rəqəmsal informasiya təhlükəsizliyi kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu tədbir Azərbaycanın qlobal media gündəliyinin formalaşmasında fəal iştirakını bir daha nümayiş etdirdi.
Rəqəmsal texnologiyaların sürətli inkişafı medianın fəaliyyət prinsiplərinə də ciddi təsir göstərir. İnternet resursları, sosial şəbəkələr və süni intellekt texnologiyaları informasiyanın hazırlanması və yayılması üçün yeni imkanlar yaratsa da, eyni zamanda saxta xəbərlər, dezinformasiya və informasiya manipulyasiyası kimi riskləri də artırır. Belə bir şəraitdə peşəkar jurnalistikanın əhəmiyyəti daha da yüksəlir. Faktlara söykənmək, obyektivlik, operativlik, etik davranış qaydalarına sadiqlik və milli maraqların qorunması müasir medianın əsas fəaliyyət prinsipləri olaraq qalır.
Azərbaycan mediası bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələrini, Böyük Qayıdış Proqramının icrasını, ölkəmizin beynəlxalq təşəbbüslərini və sosial-iqtisadi inkişafını mütəmadi şəkildə ictimaiyyətə çatdırır. Eyni zamanda dövlətin informasiya təhlükəsizliyinin qorunması və cəmiyyətin operativ, dəqiq məlumatlandırılması media qarşısında duran əsas vəzifələrdən biridir.
Milli mətbuatın yubileylərinin dövlət səviyyəsində qeyd olunması da bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalının təsis edilməsi, jurnalistlərin dövlət təltiflərinə layiq görülməsi, fəxri adlarla mükafatlandırılması, sosial müdafiə mexanizmlərinin genişləndirilməsi və güzəştli ipoteka imkanlarının yaradılması media nümayəndələrinə göstərilən yüksək qayğının ifadəsidir.
151 illik inkişaf yolu göstərir ki, Azərbaycan milli mətbuatı zəngin ənənələr üzərində formalaşaraq müasir dövrün tələblərinə uyğun yenilənməyi bacarmışdır. Qarşıdakı dövrdə əsas hədəflər rəqəmsal transformasiyanın imkanlarından daha səmərəli istifadə etmək, süni intellekt texnologiyalarını peşəkar jurnalistika ilə uzlaşdırmaq, media savadlılığını artırmaq, dezinformasiyaya qarşı mübarizəni gücləndirmək və Azərbaycanın həqiqətlərini beynəlxalq informasiya məkanında daha geniş auditoriyaya çatdırmaqdan ibarətdir.
Bir əsr yarımdan artıq tarixə malik Azərbaycan milli mətbuatı hər zaman xalqın mənafeyini, dövlətin maraqlarını və milli dəyərləri əsas tutaraq fəaliyyət göstərmişdir. Həsən bəy Zərdabinin "Əkinçi" ilə başlatdığı maarifçilik missiyası bu gün də davam edir. Peşəkarlıq, obyektivlik, vətənpərvərlik və milli məsuliyyət prinsiplərinə sadiq qalan Azərbaycan mediası bundan sonra da ölkənin inkişafına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və cəmiyyətin düzgün məlumatlandırılmasına mühüm töhfələr verməyə davam edəcəkdir.

İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər