Azərbaycan xalqının milli-mənəvi dəyərləri sırasında ana dilimiz xüsusi və əvəzolunmaz yer tutur. Dil hər bir xalqın tarixini, milli yaddaşını, mədəniyyətini, dünyagörüşünü və mənəvi sərvətlərini yaşadan ən mühüm vasitələrdən biridir. Azərbaycan dili də əsrlər boyu xalqımızın keçdiyi mürəkkəb və şərəfli tarixi yolun canlı şahidi olmaqla yanaşı, milli varlığımızın qorunub saxlanılmasında mühüm rol oynayıb.
1 avqustun Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunması ana dilimizin ictimai və siyasi həyatımızdakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əlamətdar gün Azərbaycan dilinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunub və dövlətimizin Azərbaycan dilinin inkişafını təmin etdiyi müəyyənləşdirilib. Bu konstitusion norma ana dilimizin dövlətçilik sistemindəki mövqeyini və hüquqi statusunu aydın şəkildə ortaya qoyur.
Azərbaycan dilinin dövlət dili statusunun möhkəmləndirilməsi müstəqilliyimizin ən mühüm nəticələrindən biridir. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan dilinin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində geniş tətbiqi üçün əlverişli hüquqi və institusional imkanlar yaradılıb. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət xüsusi əhəmiyyət daşıyır.
Heydər Əliyev Azərbaycan dilinə xalqımızın milli sərvəti kimi yanaşırdı. Onun rəhbərliyi dövründə dövlət dilinin tətbiqinin təkmilləşdirilməsi, dilimizin hüquqi statusunun möhkəmləndirilməsi və ədəbi dil normalarının qorunması istiqamətində mühüm qərarlar qəbul edildi.
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dil siyasətinin hüquqi əsasını daha da möhkəmləndirdi. Sonrakı illərdə qəbul edilən mühüm normativ-hüquqi sənədlər isə dövlət dilinin tətbiqi imkanlarının genişləndirilməsinə xidmət etdi.
Azərbaycan əlifbasının müasir latın qrafikasına keçirilməsi də milli dövlətçilik tariximizin mühüm hadisələrindən biridir. 1991-ci il dekabrın 25-də latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında qanun qəbul edildi. Bu qərar milli yazı mədəniyyətimizin inkişafı baxımından tarixi əhəmiyyət daşıyırdı.Müstəqilliyin ilk illərində latın qrafikalı əlifbaya keçid prosesi mərhələli şəkildə həyata keçirildi. 2001-ci ilin avqust ayında bu keçid bütövlükdə təmin edildi. Məhz həmin tarixi mərhələnin əhəmiyyəti nəzərə alınaraq 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili Günü elan edildi.Bu qərar yalnız təqvimdə yeni əlamətdar günün müəyyənləşdirilməsi deyildi. Əslində, bu, Azərbaycan dilinə və milli əlifbaya dövlət qayğısının ifadəsi idi. Eyni zamanda, xalqımızın milli özünüdərkinin və müstəqil dövlətçilik düşüncəsinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi-mənəvi addım idi.
Dil və əlifba bir-birindən ayrılmaz anlayışlardır. Əlifba dilin yazılı şəkildə yaşamasını, inkişaf etməsini və gələcək nəsillərə ötürülməsini təmin edən əsas vasitədir. Bu baxımdan milli əlifbanın formalaşması və qorunması xalqın mədəni müstəqilliyinin mühüm göstəricilərindən biri hesab olunur.
Azərbaycan əlifbasının latın qrafikasına keçirilməsi ölkəmizin dünya informasiya və kommunikasiya məkanına daha sıx inteqrasiyası üçün də mühüm imkanlar yaratdı. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal platformaların genişlənməsi və beynəlxalq əlaqələrin artması dilimizin elektron mühitdə daha geniş istifadəsini zəruri edir.
Azərbaycan dili bu gün yalnız gündəlik ünsiyyət vasitəsi deyil. O, dövlət idarəçiliyinin, təhsilin, elmin, mədəniyyətin, kütləvi informasiya vasitələrinin, diplomatiyanın və ictimai həyatın əsas kommunikasiya vasitəsidir. Müstəqil Azərbaycan dövlətinin uğurlu inkişafı dilimizin də imkanlarının genişlənməsinə şərait yaradıb. Azərbaycan dili dövlət qurumlarında, parlamentdə, diplomatik münasibətlərdə, təhsil müəssisələrində, media sahəsində və digər ictimai platformalarda geniş istifadə olunur.
Dövlət dilinin qorunması yalnız dövlət qurumlarının və dilçi alimlərin vəzifəsi deyil. Bu məsələ cəmiyyətin hər bir üzvünün üzərinə məsuliyyət qoyur. Çünki dilin yaşaması və inkişafı ilk növbədə onun gündəlik həyatda düzgün, səlis və fəal istifadəsindən asılıdır.Ana dilinə hörmət insanın milli-mənəvi dəyərlərə münasibətinin göstəricisidir. Azərbaycan dilində düzgün danışmaq, yazmaq və fikir ifadə etmək hər bir vətəndaşın öz milli kimliyinə göstərdiyi ehtiramın ifadəsidir.
Müasir dünyada qloballaşma prosesləri xalqlar arasında əlaqələri daha da genişləndirir. Xarici dilləri öyrənmək, beynəlxalq informasiya məkanına inteqrasiya etmək və müxtəlif mədəniyyətlərlə əlaqələr qurmaq müasir dövrün zəruri tələblərindəndir. Lakin bütün bunlarla yanaşı, ana dilinə bağlılıq milli kimliyin əsas şərtlərindən biri olaraq qalır.
Xarici dilləri bilmək dünyaya açılan pəncərədirsə, ana dilini qorumaq milli mənsubiyyətimizi qorumaqdır. Bu iki istiqamət bir-birinə zidd deyil. Əksinə, öz ana dilini yaxşı bilən və milli mədəniyyətini dərindən mənimsəyən insan başqa dilləri və mədəniyyətləri də daha düzgün anlayır.
Azərbaycan dilinin qorunması məsələsində ədəbi dil normalarına riayət edilməsi xüsusi əhəmiyyət daşıyır. Dilimizin saflığının qorunması, yad və lazımsız sözlərin həddindən artıq işlədilməsinin qarşısının alınması, düzgün yazı və nitq mədəniyyətinin formalaşdırılması bu sahədə qarşıda duran əsas vəzifələrdəndir.
Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi istiqamətində 2018-ci ildə qəbul olunmuş Prezident Fərmanı da bu siyasətin davamlı xarakter daşıdığını göstərir. Sənəddə Azərbaycan dilinin dövlət dili kimi inkişafı, qorunması və tətbiqi ilə bağlı mühüm məsələlərə diqqət yetirilir.
Dil siyasətinin mühüm istiqamətlərindən biri də gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə edilməsidir. Gənclər bilməlidirlər ki, Azərbaycan dili yalnız keçmişdən miras qalmış mənəvi sərvət deyil, həm də gələcəyimizi formalaşdıran mühüm milli dəyərdir.Məktəblərdə Azərbaycan dilinin tədrisinin keyfiyyətinin artırılması, şagirdlərin mütaliəyə marağının gücləndirilməsi, Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələrinin öyrənilməsi dilə bağlılığın möhkəmləndirilməsinə mühüm töhfə verir.
Bu baxımdan Azərbaycan ədəbiyyatının rolu xüsusilə böyükdür. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Səməd Vurğun və digər böyük sənətkarların yaradıcılığı Azərbaycan dilinin zənginliyini və ifadə imkanlarını nümayiş etdirir.Azərbaycan dilinin inkişafında müasir ədəbiyyatın, jurnalistikanın, televiziya və radionun, internet resurslarının da rolu böyükdür. Bu sahələrdə çalışan hər bir şəxs dilin ictimai nüfuzunun qorunmasına məsuliyyətlə yanaşmalıdır.Xüsusilə sosial şəbəkələrin geniş yayıldığı müasir dövrdə dil mədəniyyətinə diqqətin artırılması vacibdir. Rəqəmsal platformalarda yazılan hər bir mətn geniş auditoriyaya çatır və müəyyən mənada dil istifadəsinin nümunəsinə çevrilir.
Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi istiqamətində də dövlət səviyyəsində mühüm addımlar atılıb. Elektron resursların, rəqəmsal lüğətlərin və müasir texnologiyaların dilimizin inkişafına xidmət etməsi günümüzün mühüm tələblərindəndir.
Bu gün Azərbaycan dili müstəqil dövlətimizin gücünü və xalqımızın milli iradəsini ifadə edən mühüm amillərdən biridir. Azərbaycan dilinin dövlət dili kimi qorunması milli dövlətçilik ideyasının ayrılmaz hissəsidir.
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Günü hər bir Azərbaycan vətəndaşına öz ana dilinə münasibətini bir daha düşünmək üçün mühüm fürsət yaradır. Bu gün dilimizin keçmişini xatırlamaqla yanaşı, onun gələcəyinə dair məsuliyyətimizi də müəyyənləşdirir. Ana dilimizi qorumaq yalnız onu danışmaq demək deyil. Ana dilini qorumaq onun qaydalarına riayət etmək, zəngin söz xəzinəsindən düzgün istifadə etmək, onu yad və lazımsız təsirlərdən qorumaq, yeni nəsillərə sevdirərək ötürmək deməkdir.
Bu baxımdan hər bir ailənin, məktəbin, universitetin, media qurumunun və dövlət təşkilatının üzərinə mühüm vəzifələr düşür. Dilə qayğı cəmiyyətin ümumi mədəniyyətinin yüksəlməsinə xidmət edir.Azərbaycan dili xalqımızın milli yaddaşıdır. Bu dildə tariximiz yazılıb, ədəbiyyatımız formalaşıb, dövlətçilik düşüncəmiz ifadə olunub və milli-mənəvi dəyərlərimiz nəsildən-nəslə ötürülüb.
Bu gün müstəqil Azərbaycan öz dilinə sahib çıxan, onu dövlət səviyyəsində qoruyan və inkişaf etdirən ölkə kimi böyük yol keçib. Qarşıdakı əsas vəzifə isə bu zəngin irsi müasir dövrün tələblərinə uyğun şəkildə daha da inkişaf etdirməkdir.1 avqust Azərbaycan xalqına bir daha xatırladır ki, milli kimliyimizin ən mühüm sütunlarından biri ana dilimizdir. Azərbaycan dilinə hörmət, əslində, Azərbaycan xalqına, onun tarixinə, mədəniyyətinə və dövlətçiliyinə hörmətdir.
Ana dilimiz var olduqca milli yaddaşımız yaşayacaq, milli yaddaşımız yaşadıqca Azərbaycançılıq ideyası daha da möhkəmlənəcək. Bu baxımdan Azərbaycan əlifbası və Azərbaycan dili Günü milli həmrəyliyimizin, dövlətçilik düşüncəmizin və mənəvi bütövlüyümüzün mühüm rəmzlərindən biridir.
Elnur Qəhrəmanov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı