Hər il 1 Avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin əsas daşıyıcısı olan ana dilimizin əhəmiyyətini bir daha xatırladır. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də tariximizi, mədəniyyətimizi, milli yaddaşımızı və mənəvi irsimizi yaşadan ən qiymətli sərvətlərimizdən biridir.
Mən hesab edirəm ki, hər bir xalqı tanıdan ən mühüm amillərdən biri onun dilidir. Çünki xalqın düşüncə tərzi, adət-ənənələri, ədəbiyyatı və mənəvi dəyərləri məhz ana dili vasitəsilə qorunur və gələcək nəsillərə ötürülür. Azərbaycan dili əsrlər boyu formalaşaraq zənginləşmiş, bu gün isə müstəqil dövlətimizin əsas rəmzlərindən birinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunmasına və inkişafına hər zaman xüsusi diqqət yetirmişdir. Onun “Dil hər bir millətin milliliyinin əsasıdır” fikri bu gün də öz aktuallığını qoruyur. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili kimi mövqeyi daha da möhkəmlənmiş, latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırılmış və dilimizin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayır ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın məsuliyyətidir. Xüsusilə qloballaşan dünyada xarici sözlərin həddindən artıq işlədilməsi ana dilimizin zənginliyinə kölgə sala bilər. Buna görə də hər birimiz gündəlik həyatımızda Azərbaycan dilindən düzgün və səlis istifadə etməyə çalışmalı, onun saflığını qorumalıyıq.
Düşünürəm ki, bu məsuliyyət xüsusilə gənclərin üzərinə düşür. Çünki gələcəyin ziyalıları, alimləri, müəllimləri, jurnalistləri və dövlət xadimləri bu günün gəncləridir. Ana dilini mükəmməl bilən, ona hörmətlə yanaşan gənclər milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına da böyük töhfə vermiş olurlar. Sosial şəbəkələrdə, mediada və gündəlik ünsiyyətdə Azərbaycan dilinin normalarına əməl etmək hər birimizin vətəndaşlıq məsuliyyətidir.
Azərbaycan dili bizi bir millət kimi birləşdirən ən güclü dəyərlərdəndir. Bu dili sevmək, qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq yalnız dilçilərin və ya elm adamlarının deyil, hər bir Azərbaycan vətəndaşının borcudur. Ana dilimizə göstərilən hörmət milli kimliyimizə, tariximizə və dövlətçiliyimizə göstərilən hörmətin ifadəsidir.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili Günü münasibətilə hər birimizi ana dilimizin zənginliyini qorumağa, onun saflığını yaşatmağa və gələcək nəsillərə sevdirərək ötürməyə çağırıram. Çünki ana dilimizi qorumaq, əslində milli kimliyimizi, tariximizi və mənəvi dəyərlərimizi qorumaq deməkdir.
Şəfiqə Qədirova
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının gənc fəalı