Uca dağların döşünə sığınan Lerik şəhər stadionunda Rayon İcra Hakimiyyətinin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Lerik Bələdiyyələri Əlaqələndirmə Şurasının birgə təşkilatçılığı sayəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş idarə, müəssisə və təşkilat komandaları arasında baş tutan futbol üzrə rayon turniri sakinlər tərəfindən böyük maraqla qarşılanıb, həyəcan dolu final qarşılaşması ilə tarixə düşüb.
Məlumat üçün bildirim ki, təşkilində əsas məqsəd idarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və qurumlar arası əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi olan turnirdə 10 komanda iki qrup üzrə qələbə uğrunda mübarizə aparıb. Yarış boyu əzmkarlıq göstərib, məzmunlu oyun nümayiş edən Qosmaliyan bələdiyyəsinin “Zirvə” komandası və Blaband bələdiyyəsinin “Vətən” komandası finala çıxıb.
Azarkeşlərin böyük maraqla izlədiyi və gərgin mübarizə şəraitində keçən final oyunu "Vətən" komandasının 3 - 1 hesablı inamlı qələbəsi ilə başa çatıb. Nəticədə "Vətən" komandası turnirin çempionu adını qazanıb. İkinci yeri Qosmalian bələdiyyəsinin “Zirvə” komandası, üçüncü yeri isə Lerik bələdiyyəsinin “Qartal” komandası tutub.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan turnirin təltif olunma mərasimində Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Lerik rayon prokuroru Şahin Şükürov, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İcra başçısı Əkbər Abbasov tərəfindən Lerik bələdiyyəsinin "Qartal" komandasına xüsusi forma hədiyyə olunub. Bu əlamətdar hədiyyəni Lerik Bələdiyyələrinin Əlaqələndirmə şurasının sədri Ceyhun Zahidov təqdim edib. Bağışlanan formanın üzərində Lerik rayon İcra Hakimiyyətinin başçısı cənab Əkbər Abbasovun soyadı həkk olunub.
Gərgin və maraqlı mübarizə ilə yadda qalan turnirin yekununda idmançılara layiq olduqları qiymət verilib. Belə ki, qalib futbolçulara kuboklar, medallar və diplomlar təqdim edilib.
Tədbirdə o da qeyd olunub ki, rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin bu cür tədbirlərdə şəxsən iştirakı gənclərin idmana olan marağını daha da artırır və sağlam həyat tərzinin təbliğinə böyük töhfə verir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü