Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ana dili xüsusi və əvəzolunmaz yer tutur. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşını, mədəni irsini, milli təfəkkürünü, dövlətçilik ənənələrini və mənəvi kimliyini yaşadan əsas amildir. Məhz buna görə də hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə əlamətdar tarix deyil, həm də milli kimliyimizə, dövlətçiliyimizə və mədəni irsimizə hörmətin ifadəsidir. Azərbaycan dili minilliklər boyu xalqımızın milli varlığını qoruyub saxlamış, müxtəlif tarixi sınaqlardan keçərək bu gün müstəqil dövlətimizin rəsmi dili kimi beynəlxalq aləmdə layiqli yerini tutmuşdur. Qloballaşma, rəqəmsallaşma və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə ana dilinin qorunması artıq təkcə mədəni məsələ deyil, həm də milli təhlükəsizlik, dövlətçilik və informasiya suverenliyi məsələsinə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Dil hər bir millətin milliliyinin əsasıdır.” Bu fikir Azərbaycan dövlətinin dil siyasətinin ideoloji əsasını təşkil edir. Ümummilli Lider dəfələrlə vurğulayırdı ki, müxtəlif xalqlar Azərbaycan dilinin ahəngdarlığını, zənginliyini və poetik gözəlliyini yüksək qiymətləndirirlər. Onun “Biz dilimizlə fəxr etməliyik” çağırışı bu gün də aktuallığını qoruyur.
Azərbaycan dilinin dövlət dili kimi formalaşması və inkişafı heç də asan tarixi mərhələlərdən keçməyib. Xüsusilə sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması siyasəti həyata keçirilir, ittifaq respublikalarında rus dilinin üstün mövqeyi daha da gücləndirilirdi. 1970-ci illərin ortalarından etibarən milli dillərin hüquqlarının məhdudlaşdırılması prosesi daha da dərinləşmişdi. Belə mürəkkəb siyasi şəraitdə ana dili uğrunda açıq mübarizə aparmaq böyük siyasi iradə və cəsarət tələb edirdi.
Məhz həmin dövrdə Azərbaycanın rəhbəri Heydər Əliyev tarixi məsuliyyəti öz üzərinə götürərək ana dilinin dövlət dili kimi qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirdi. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı onun təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi milli tariximizin ən mühüm siyasi hadisələrindən biri oldu. Bu qərar SSRİ məkanında milli dillərin hüquqlarının qorunması istiqamətində atılmış ən cəsarətli addımlardan biri kimi qiymətləndirilir.
Əslində həmin qərar sonradan müstəqil Azərbaycanın dövlət dili siyasətinin hüquqi və ideoloji təməlini formalaşdırdı. O dövrdə qəbul edilən bu prinsipial qərar milli özünüdərk prosesinə ciddi təkan verdi və Azərbaycan dilinin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan dili artıq müstəqil dövlətin əsas atributlarından birinə çevrildi. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olduğu təsbit edildi. Bununla da ana dilimizin hüquqi statusu ən yüksək səviyyədə təsdiqləndi.
Bu mərhələdən sonra dövlət dili siyasəti sistemli xarakter aldı. 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsildə, elm və informasiya məkanında geniş tətbiqini təmin edən mühüm sənəd oldu. Həmin Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Azərbaycan dilinin inkişaf tarixində mühüm hadisələrdən biri də Ulu Öndərin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsidir. Bu qərar dövlətin ana dilinə verdiyi yüksək dəyərin hüquqi ifadəsi olmaqla yanaşı, milli özünüdərkin daha da möhkəmləndirilməsinə xidmət etdi.
2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dövlət dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin dövlətçiliyin başlıca atributlarından biri olduğu xüsusi vurğulanır, onun qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edilir.
Müasir dövrdə Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən dil siyasəti Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun uğurla davam etdirilməsinin bariz nümunəsidir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın borcudur.
Cənab Prezidentin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.” Dövlət başçısı haqlı olaraq bildirir ki, dilin yad təsirlərdən qorunması milli kimliyin qorunması deməkdir. Xarici sözlərin lüzumsuz istifadəsi dilimizin zənginliyinə xələl gətirməməli, Azərbaycan dili öz təbii inkişaf xəttini davam etdirməlidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan çoxsaylı fərman və sərəncamlar bu istiqamətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini göstərir. 2004-cü ildə latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi, 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, 2018-ci ildə elektron məkanda Azərbaycan dilinin geniş istifadəsinə dair tədbirlər və dövlət dilinin saflığının qorunması haqqında fərmanlar milli dil siyasətinin ardıcıl inkişafını təmin etmişdir. Xüsusilə rəqəmsal transformasiya dövründə Azərbaycan dilinin internet məkanında, elektron xidmətlərdə, süni intellekt sistemlərində və rəqəmsal platformalarda geniş tətbiqinin təmin olunması artıq strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət dilinin müasir texnologiyalarla uzlaşdırılmasına xidmət edir. 2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə və normativ hüquqi aktlara əməl olunmasına nəzarət funksiyasının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edilməsi də bu sahədə institusional idarəetmənin daha da təkmilləşdirilməsi baxımından mühüm addımdır. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif qitələrində yaşayan on milyonlarla soydaşımızı birləşdirən əsas mənəvi körpüdür. Dövlət başçısının qeyd etdiyi kimi, dünyada 50 milyondan artıq insan Azərbaycan dilində danışır. Bu fakt dilimizin beynəlxalq nüfuzunun və yayılma coğrafiyasının genişləndiyini göstərir. Qloballaşma şəraitində xarici dillərin öyrənilməsi müasir dünyanın tələbi olsa da, ana dilinə üstünlük verilməsi milli kimliyin qorunmasının əsas şərtidir. Ulu Öndər Heydər Əliyevin “Rus dilini də bilin, ingilis dilini də bilin, amma onların hamısından yaxşı Azərbaycan dilini öyrənin” fikri bu gün də öz aktuallığını qoruyur. Xarici dilləri bilmək inkişaf üçün vacibdir, lakin ana dilinə sevgi və hörmət milli mənsubiyyətin ayrılmaz hissəsidir. Azərbaycan dili həm də zəngin ədəbiyyatımızın, musiqimizin, elmi irsimizin və dövlətçilik ənənələrimizin daşıyıcısıdır. Nizami Gəncəvidən Füzuliyə, Mirzə Fətəli Axundzadədən Cəlil Məmmədquluzadəyə, Üzeyir Hacıbəylidən Bəxtiyar Vahabzadəyədək böyük şəxsiyyətlərin yaratdığı zəngin irs Azərbaycan dilinin ifadə imkanlarının nə qədər geniş olduğunu təsdiqləyir.
Müasir dövrdə medianın, təhsil müəssisələrinin, elmi mərkəzlərin, mədəniyyət ocaqlarının, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biri Azərbaycan dilinin normalarına ciddi riayət olunmasını təmin etmək, gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyəsini gücləndirmək və dövlət dilinin nüfuzunu daha da artırmaqdır. Bu baxımdan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə tarixi hadisələrin xatırlanması deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyət hissinin ifadəsidir. Çünki dilini qoruyan xalq öz tarixini, mədəniyyətini, milli kimliyini və dövlətçiliyini qoruyur.
Bu gün Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl dil siyasəti göstərir ki, ana dilimizin qorunması və inkişaf etdirilməsi dövlətin strateji prioritetlərindən biridir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli dil siyasəti nəticəsində Azərbaycan dili müstəqil dövlətimizin gücünü, milli birliyimizi və mənəvi dəyərlərimizi əks etdirən ən mühüm sütunlardan biri kimi inkişafını davam etdirir. Azərbaycan dili keçmişimizin mirası, bu günümüzün qüruru və gələcəyimizin etibarlı təminatıdır. Onun saflığını qorumaq, zənginliyini inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq isə hər bir Azərbaycan vətəndaşının mənəvi borcu, dövlətçilik məsuliyyəti və milli vəzifəsidir.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı