PDF Oxu

Siyasət

  • 563

Vətən qeyrətli şəhid Seymur

image

10 avqust Zəfər şəhidi Seymur Abbasovun doğum günüdür
1999-cu il avqustun 10-da Cəlilabad rayonun Buravar kəndində anadan olmuş Seymur Adil oğlu Abbasov xalqımızın tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalıb. 30 il yağıya əsir düşən torpağı qanı bahasına Vətən edən, ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan Seymur qəhrəmanlıq simvoluna dönərək ürəklərə köçüb. İndi bütün Azərbaycan xalqı Vətən sevdalısının adını fəxrlə çəkir, onu özünə qürur mənbəyi bilir. O da var ki, zaman keçdikcə bu saf sevgi daha da möhtəşəm olar.
Seymur Abbasov orta məktəbi bitirəndə öz ağıllı hərəkətləri, vətənpərvərliyi ilə el-obada yaxşı tanınıb. Hamı onun Vətəninə, xalqına layiqli övlad olmasına ürəkdən inanıb. 2017-ci ildə düşməndən qisas almaq məqsədilə ordu sıralarına həvəslə yola düşüb. Və məqamı gələndə yağı tərəfindən işğal olunmuş Vətən torpaqların hər qarışı uğrunda son damla qanına qədər döyüşəcəyini deyib.
Cəlilabad elinin mərd, cəsur oğlu Tərtər rayonunda əlinə silah alıb canından artıq sevdiyi Azərbaycanın keşiyində durub. Xidmət zamanı nizam-intizamı, təlimlərdə döyüş fəallığı əsgərlərə nümunə göstərilib. Əsl vətəndaş, mənəvi cəhətdən zəngin insan, Vətəni həqiqi məhəbbətlə sevən əsgər olduğunu əməlləri ilə sübut edib. Hansı tapşırığa gedibsə, bacarığı sayəsində yalnız uğur qazanıb. Həmçinin Vətən, millət yolunda hər an canından keçməyə hazır olub. Məhz buna görə hərbi hissədə zabitlərin, əsgərlərin sevimlisinə çevrilib, dəfələrlə təşəkkürnaməyə layiq görülüb. Əsgər Seymurun qəlbi döyüşən cəbhəyə gedib Qarabağımızın azadlığı uğrunda düşmənlə vuruşmaq arzusu ilə döyünüb. Və bu müqəddəs yolda ölməyi özünə şərəf bilib. Əsgər yoldaşlarına da deyib ki, erməni dığasına uduzmaq xalqımıza yaraşmır. Əsir düşən Qarabağımızı azad etmək, Vətəni öz qanımızla, canımızla alınmaz qayaya döndərmək bizim müqəddəs borcumuzdur. Sən demə Vətən qeyrəti , torpaq sevgisi Seymuru şəhidlik zirvəsinə çəkir...
Əsgərlik həyatının hər səhifəsi fədakarlıqla, mərdliklə, eyni zamanda qürur və heyrət doğuran məqamlarla arxada qalan Seymur bir müddət mülki şəxs olaraq halal zəhmətdən yapışıb. Xeyirxah işlər görməklə özünə yaxşı gün-güzəran qurub. Yaratmaq, yaşatmaq eşqi onu insanların gözündə ucaldıb. Canına yağı dadanmış yurdunu da unutmayıb. Odur ki, 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan kimi qəlbində düşmənə nifrət bir başa odun-alovun içinə, səngərə, vuruşa gedib.
Köksündə əsl qəhrəman ürəyi döyünən Seymur ilk dəfə Cəbrayılda yağıya od qoyub. Burada gedən ölüm-dirim savaşında çoxlu sayda erməni dığasını məhv edib. Hər döyüşdən zəfərlə çıxan qəhrəman Vətən sevdalısı Cəbrayılın, Füzulinin azadlığı uğrunda böyük şücaət göstərib. Sinəsini Vətən üçün sipər edən Seymur oktyabrın 29-da Qubadlı döyüşləri zamanı şəhadətə yetib. Şəhidin torpağa axıtdığı qan üç rəngli qələbə bayrağına dönüb.
Əbədiyyət dünyasına qovuşan 21 yaşlı Seymur Abbasov ölümündən sonra dövlət tərəfindən "Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə, "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər