Bəhruz Quliyev,
"Səs" qəzetinin Baş redaktoru
Prezident İlham Əliyevin Naxçıvana bugünkü səfəri qədim diyarın yeni inkişaf mərhələsinin siyasi və iqtisadi manifestidir
Naxçıvan...
Bu adın özündə Azərbaycanın minillik dövlətçilik tarixinin, milli yaddaşının, mübarizəsinin və əzminin böyük bir hissəsi yaşayır. Naxçıvanı yalnız xəritədə Azərbaycanın əsas hissəsindən ayrı düşmüş bir ərazi kimi təsəvvür etmək olmaz. Naxçıvan Azərbaycan dövlətçiliyinin ən mühüm siyasi dayaqlarından biridir. Bu qədim torpağın taleyi hər zaman Azərbaycanın taleyi ilə eyni müstəvidə olub.
Bu gün - 11 avqust 2026-cı ildə Prezident İlham Əliyevin Naxçıvana səfəri isə məhz bu baxımdan sıradan bir səfər deyil. Bu səfərin siyasi, iqtisadi və geostrateji yükü olduqca böyükdür. Dövlət başçısının Naxçıvana gəlişi, ilk növbədə, bir mesajdır: Naxçıvan Azərbaycanın diqqət mərkəzindədir və onun qarşısında yeni inkişaf mərhələsi açılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu gün Naxçıvan şəhərinin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməsi isə səfərin simvolik mahiyyətini daha da gücləndirir. Dövlət başçısı və birinci xanım abidənin önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Bu mənzərədə böyük bir tarixi bağlılıq var. Heydər Əliyevin qoruduğu Naxçıvanı İlham Əliyev yeni tarixi mərhələyə aparır.

O Naxçıvan ki...
1990-cı illərin əvvəllərini xatırlayaq. Naxçıvan ağır blokada şəraitində idi. Azərbaycanın əsas hissəsi ilə quru əlaqələri kəsilmişdi. Ermənistanın hərbi təcavüzü təhlükəsi qarşısında Naxçıvan son dərəcə mürəkkəb geosiyasi şəraitdə yaşayırdı. Enerji, ərzaq və digər təminat məsələləri ciddi problemlər yaradırdı. Amma həmin Naxçıvanın bir üstünlüyü var idi: Heydər Əliyev!
Ulu Öndərin 1990-cı ildə Naxçıvana qayıdışı və 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri seçilməsi bu qədim diyarın tarixində dönüş yaratdı. Naxçıvan həmin illərdə Azərbaycanın müstəqillik mübarizəsinin ön cəbhəsinə çevrildi. Üçrəngli bayrağın Naxçıvanda dövlət bayrağı kimi qəbul edilməsi, "sovet" və "sosialist" sözlərinin muxtar respublikanın adından çıxarılması kimi tarixi qərarlar məhz həmin dövrdə qəbul edildi. Bu, sadəcə Naxçıvan tarixinin deyil, Azərbaycan dövlətçilik tarixinin ən mühüm səhifələridir.
Naxçıvan blokadada idi, amma milli iradə blokadada deyildi. Naxçıvanın yolları bağlanmışdı, amma onun gələcəyə gedən yolu bağlanmamışdı.

Bu günün Naxçıvanı başqa Naxçıvandır. İndi isə 2026-cı ilin Naxçıvanına baxaq. Aradan üç onillikdən artıq zaman keçib. Bu gün Naxçıvan artıq yalnız blokadanın ağır nəticələrini aradan qaldırmağa çalışan region deyil. Bu gün Naxçıvanın qarşısında daha böyük məqsədlər dayanır.
İqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı, enerji imkanlarının genişləndirilməsi, nəqliyyat bağlantılarının bərpası, regional və beynəlxalq ticarət imkanlarının artırılması və bütün bunların üzərində bir böyük hədəf - Naxçıvanı Azərbaycanın və bütövlükdə regionun mühüm iqtisadi-logistika mərkəzlərindən birinə çevirmək. Prezident İlham Əliyevin bugünkü səfərində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Naxçıvan Sənaye Parkı – Yeni iqtisadi modelin başlanğıcı
Bu gün Naxçıvan Sənaye Parkının təməli qoyuldu. 310 hektar ərazini əhatə edəcək sənaye parkı Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda yerləşəcək. Burada elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat və digər infrastrukturun yaradılması nəzərdə tutulur. Bunun nə demək olduğunu təsəvvür etmək çətin deyil.
Naxçıvan artıq yalnız istehlak bazarı olmayacaq. Naxçıvan istehsal edən, ixrac edən, yeni texnologiyalar cəlb edən iqtisadi məkana çevrilə bilər. Sənaye parkının yaradılması Naxçıvanın iqtisadi potensialının tamamilə yeni mərhələyə çıxarılması deməkdir. Burada əsas məsələ təkcə zavodların tikilməsi deyil. Əsas məsələ yeni iqtisadi ekosistemin yaradılmasıdır.
Sənaye, logistika, ixrac, anbar, nəqliyyat, enerji, xidmət - bütün bunlar bir-biri ilə əlaqəli şəkildə inkişaf etməlidir və Naxçıvanın qarşısında belə bir imkan yaranır.

Enerji mərkəzinə çevrilən Naxçıvan
Bugünkü səfərin digər mühüm məqamı Naxçıvanda "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanışlıqdır. Bu stansiyaların ümumi gücü 50 MVt təşkil edir. Bu da təsadüfi deyil. Çünki gələcəyin iqtisadiyyatında nəqliyyat qədər enerji də mühüm amildir. Naxçıvanın günəş enerjisi potensialından istifadə edilməsi həm muxtar respublikanın enerji təminatının gücləndirilməsi, həm də yeni sənaye müəssisələrinin enerji tələbatının qarşılanması baxımından strateji əhəmiyyət daşıyır.

Deməli, bugünkü səfərdə bir-birini tamamlayan iki istiqamət görünür: sənaye və enerji. Bunların üzərinə sabah nəqliyyat və logistika da əlavə olunacaq. Beləliklə, Naxçıvanın yeni iqtisadi modeli formalaşır.

Əsas dönüş nəqliyyatda olacaq
Lakin Naxçıvanın qarşısında duran ən böyük strateji məsələ, şübhəsiz ki, nəqliyyat bağlantılarının bərpasıdır. Çünki Naxçıvanın iqtisadi potensialının tam açılması üçün onun Azərbaycanla, Türkiyə ilə, regionla və daha geniş Avrasiya məkanı ilə fasiləsiz bağlantıları lazımdır. Bu baxımdan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni bağlantının yaradılması Naxçıvanı faktiki olaraq regional nəqliyyat sisteminin mərkəzi elementlərindən birinə çevirə bilər. Bu, Naxçıvan üçün sadəcə yol məsələsi deyil. Bu, tarixi coğrafiyanın iqtisadi üstünlüyə çevrilməsi məsələsidir.

TRIPP nəyi dəyişəcək?
Bu gün regionda yeni nəqliyyat xəritəsi formalaşır. Azərbaycan artıq Şərq-Qərb nəqliyyat bağlantısında mühüm rol oynayır. Xəzər üzərindən Mərkəzi Asiya ilə əlaqələr genişlənir. Türkiyə vasitəsilə Avropa istiqamətində yeni imkanlar yaranır. İndi bu xəritəyə Naxçıvanın daha aktiv şəkildə daxil olması gözlənilir.
Azərbaycanın əsas hissəsi - Naxçıvan - Türkiyə - Avropa. Bu xəttin qarşısında isə daha böyük coğrafiya dayanır: Mərkəzi Asiya - Xəzər - Azərbaycan - Naxçıvan - Türkiyə - Avropa. Belə bir marşrutun reallaşması Naxçıvanın geosiyasi əhəmiyyətini dəfələrlə artıra bilər. Çünki Naxçıvan artıq xəritənin kənarında olmayacaq. Naxçıvan xəritənin kəsişmə nöqtəsinə çevriləcək.

Tarixi İpək Yolu yenidən Naxçıvandan keçə bilər
Naxçıvan tarixən böyük ticarət yollarının üzərində yerləşib. Şərqdən Qərbə gedən karvanlar bu ərazilərdən keçib. İndi isə karvanların yerini konteyner qatarları, yük avtomobilləri, logistika mərkəzləri və müasir nəqliyyat sistemləri tutur. Tarixin ironiyası da budur: Bir vaxtlar Naxçıvanın coğrafi mövqeyi onun təcridinə səbəb olmuşdu. İndi həmin coğrafi mövqe onun ən böyük üstünlüyünə çevrilə bilər: Türkiyə ilə sərhəd, İranla sərhəd, Azərbaycanın əsas hissəsi ilə gələcək birbaşa bağlantı, Ermənistan üzərindən yeni kommunikasiya imkanları. Bu, Naxçıvanın qarşısında böyük iqtisadi coğrafiya açır.
Naxçıvan sadəcə transit ərazi olmamalıdır
Burada çox mühüm bir məsələ var. Naxçıvanın gələcəyi yalnız yük maşınlarının və qatarların ərazidən keçməsi ilə məhdudlaşmamalıdır. Naxçıvan tranzitdən daha çox şey qazanmalıdır. Yük burada dayanmalıdır, anbarlar yaradılmalıdır, logistika mərkəzləri qurulmalıdır, məhsullar emal olunmalıdır, sənaye inkişaf etməlidir, ixrac genişlənməlidir, turizm canlanmalıdır, yeni iş yerləri yaranmalıdır. Yəni Naxçıvan tranzit yolundan iqtisadi dəyər yaradan regional mərkəzə çevrilməlidir.
Bu baxımdan bu gün təməli qoyulan Sənaye Parkının əhəmiyyəti daha da aydın görünür. Nəqliyyat gələcək, enerji güclənəcək, sənaye genişlənəcək, logistika inkişaf edəcək. Bütün bunlar bir-birini tamamlayacaq.

Blokadadan çıxışın ən böyük forması
Naxçıvan üçün blokadadan çıxmaq yalnız yolların açılması demək deyil. Əsl blokadadan çıxış iqtisadi müstəqilliyin və regional inteqrasiyanın təmin olunmasıdır. Naxçıvan elə inkişaf etməlidir ki, burada istehsal olunan məhsul dünya bazarına çıxa bilsin. Buraya investor gəlsin, turist gəlsin, yük gəlsin, yeni texnologiya gəlsin, insanların rifahı artsın. Bu, blokadadan çıxışın ən böyük formasıdır.

Heydər Əliyevin qoruduğu, İlham Əliyevin inkişaf etdirdiyi Naxçıvan
Bu gün Ulu Öndər Heydər Əliyevin abidəsi önündə dayanaraq onun xatirəsini yad edən Prezident İlham Əliyevin Naxçıvan səfərinin simvolik mənası da məhz buradadır. Heydər Əliyev Naxçıvanın ən ağır dövründə burada idi. O, Naxçıvanın siyasi iradəsini qorudu. Azərbaycanın müstəqillik yolunun mühüm siyasi qərarları burada qəbul edildi. İlham Əliyev isə bu tarixi irsi yeni mərhələyə daşıyır. Bu gün artıq Naxçıvanın qarşısında başqa vəzifələr dayanır. İnkişaf etmək, iqtisadi gücə çevrilmək, nəqliyyat qovşağı olmaq, regional ticarət mərkəzinə çevrilmək, Azərbaycanın geoiqtisadi imkanlarını genişləndirmək.
Bu mənada iki liderin Naxçıvan tarixindəki missiyası bir-birini tamamlayır. Heydər Əliyev Naxçıvanı qorudu. İlham Əliyev Naxçıvanı yeni inkişaf mərhələsinə aparır.

Yeni Naxçıvan, yeni Azərbaycan
Bu gün Naxçıvanda baş verənlərə yalnız muxtar respublikanın sosial-iqtisadi inkişafı kontekstində baxmaq düzgün olmaz. Çünki Naxçıvanın gələcəyi Azərbaycanın regional gələcəyidir. Naxçıvanın nəqliyyat bağlantısı Azərbaycanın tranzit imkanlarıdır. Naxçıvanın sənayesi Azərbaycanın ixrac imkanlarıdır. Naxçıvanın enerji potensialı Azərbaycanın enerji təhlükəsizliyinin bir hissəsidir. Naxçıvanın Türkiyə ilə bağlantısı türk dünyasının iqtisadi inteqrasiyası üçün əlavə imkanlardır. Naxçıvanın regiona açılması isə Cənubi Qafqazın yeni iqtisadi xəritəsidir.
Ona görə də bu gün Prezident İlham Əliyevin Naxçıvana səfərini bir cümlə ilə ifadə etmək lazım gəlsə, belə demək olar, bu, keçmişin Naxçıvanına deyil, gələcəyin Naxçıvanına səfərdir.
Bir vaxtlar Naxçıvanın qarşısında blokada vardı. İndi qarşısında yollar var. Bir vaxtlar əsas məsələ yaşamaq və qorunmaq idi. İndi əsas məsələ böyümək və regional liderliyə yüksəlməkdir. Bir vaxtlar Naxçıvan yolların kənarında qalmışdı. İndi isə yeni yolların qovşağına çevrilmək ərəfəsindədir. Və bu proses yalnız Naxçıvanın deyil, Azərbaycanın bütövlükdə yeni geosiyasi və geoiqtisadi mərhələyə keçidinin göstəricisidir.
Naxçıvanın yeni dirçəliş dövrü başlayır. Bu dəfə Naxçıvanı yalnız tarix yaşatmayacaq. Onu yollar, dəhlizlər, sənaye, enerji, logistika və yeni iqtisadi imkanlar yaşadacaq. Tarixin böyük ticarət yollarının üzərində dayanan Naxçıvan yenidən öz tarixi missiyasına qayıdır. Və qarşıdakı illərdə bu qədim diyarı artıq yalnız "blokadadan çıxmış Naxçıvan" kimi deyil, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu mühüm Avrasiya qovşaqlarından biri kimi görmək mümkündür. Bu isə Naxçıvanın yeni tarixinin başlanğıcıdır.