Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdakı dövr üçün inkişaf perspektivlərini, Azərbaycanın regional siyasətində artan rolunu və həyata keçiriləcək strateji layihələri aydın şəkildə ortaya qoydu. Dövlət başçısının Prezident kimi Naxçıvana 17-ci səfəri çərçivəsində keçirilən tədbirlər göstərdi ki, muxtar respublikanın inkişafı sosial-iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və mədəni irsin qorunması istiqamətlərini əhatə edən kompleks dövlət siyasətinə əsaslanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, görülən və planlaşdırılan işlərin əsas məqsədlərindən biri Naxçıvanın sürətli və hərtərəfli sosial-iqtisadi inkişafının təmin edilməsidir.
Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizliyinə xüsusi yanaşmanı zəruri edir. Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması nəzərə alınaraq ötən illər ərzində muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Əlahiddə Ordu Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olmaqla Naxçıvanın müdafiəsinin təmin edilməsində mühüm rol oynayır. Müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması bu potensialı daha da artırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri bu gün bölgədə söz sahibidir və Naxçıvanın hərbi potensialının gücləndirilməsi bundan sonra da davam etdiriləcək.
Muxtar respublikanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biri sənayeləşmə və yeni iş yerlərinin yaradılmasıdır. Prezident İlham Əliyevin səfəri zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkı müasir istehsal müəssisələrinin yaradılması, investisiyaların cəlb edilməsi və məşğulluğun artırılması üçün yeni imkanlar formalaşdıracaq.
Naxçıvanın inkişaf strategiyasında enerji təhlükəsizliyi və yaşıl enerji potensialından istifadə də mühüm yer tutur. Muxtar respublikada qazlaşmanın artıq 100 faizə çatdırılması, su, Günəş və modul tipli elektrik stansiyalarının yaradılması enerji təminatının dayanıqlığını gücləndirib. Bununla yanaşı, 300 meqavat gücündə yeni istilik elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Hazırda Naxçıvanın təqribən 200 meqavatlıq generasiya gücünə malik olduğu nəzərə alınarsa, təkcə yeni stansiya mövcud potensialı əhəmiyyətli dərəcədə artıracaq.
Naxçıvanın Günəş enerjisi potensialı isə muxtar respublikanın gələcəkdə yalnız öz enerji tələbatını ödəyən deyil, həm də enerji ixrac edən mühüm mərkəzə çevrilməsinə imkan yaradır. Aparılmış təhlillərə əsasən, Azərbaycanda Günəş elektrik enerjisinin istehsalı üçün ən əlverişli məkan məhz Naxçıvandır. Bu məqsədlə 600 hektardan artıq ərazi müəyyənləşdirilib və həmin ərazilərdə yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Layihələrə özəl sektorun maraq göstərməsi Azərbaycanın əlverişli investisiya mühitinin və bərpaolunan enerji sahəsinə dövlət dəstəyinin nəticəsidir.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Zəngəzur dəhlizi və Naxçıvanın beynəlxalq nəqliyyat sistemində yeni mövqeyi oldu. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək uzun illər ölkəmizin strateji hədəflərindən biri olub. Dövlət başçısının bildirdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü məhz Azərbaycana məxsusdur. 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə Görüşündə məsələnin həllini tapması və TRIPP layihəsinin icrasına başlanması bu istiqamətdə mühüm mərhələ təşkil edir.
Azərbaycan öz ərazisində dəhlizin yaradılması istiqamətində zəruri infrastrukturu sürətlə formalaşdırır. Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır, dəmir yolunun tikintisi isə davam etdirilir. Eyni zamanda, Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması nəzərdə tutulur. Yeni texniki-iqtisadi əsaslandırmaya görə, Naxçıvan dəmir yolunun uzunluğu 194 kilometr olacaq. Mövcud 1,5 milyon tonluq yükaşırma qabiliyyətinin gələcəkdə ən azı 15 milyon tona çatdırılması qarşıya məqsəd qoyulub.
Bu layihələrin əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmır. Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qoluna çevrilə bilər. Dəhliz istifadəyə verildikdən sonra Naxçıvan üzərindən Azərbaycandan İrana ikinci dəmir yolu bağlantısının formalaşması, buradan isə Fars körfəzi və daha geniş coğrafiyaya çıxış imkanlarının yaranması nəzərdə tutulur. Nəticədə Naxçıvanın iqtisadi fəallığının artması, yeni iş yerlərinin yaradılması və muxtar respublikanın mühüm beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açılacaq.
Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu layihəsi kimi yanaşılmaması da Azərbaycanın strateji baxışının mühüm xüsusiyyətidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə bu marşrutdan elektrik xətləri, fiber-optik kabel, zərurət yaranacağı halda isə neft və qaz kəmərləri də keçə bilər. Azərbaycanın əsas hissəsindən Naxçıvana elektrik xətlərinin çəkilməsi layihəsinin hazırlanması və Cəbrayıl rayonunda böyük ötürücü yarımstansiyanın inşa edilməsi bu yanaşmanın artıq konkret infrastruktura çevrildiyini göstərir.
Naxçıvanın iqtisadi inkişafı ilə yanaşı, onun tarixi-mədəni irsinin qorunması dövlət siyasətinin mühüm istiqaməti olaraq qalır. Qədim Atabəylər dövlətinin paytaxtı olmuş Naxçıvan zəngin memarlıq və mədəni irsə malikdir. Möminə xatun məqbərəsinin bərpası, digər tarixi-mədəni obyektlərin konservasiyası və qorunması, görkəmli memar Əcəmi Naxçıvaninin şərəfinə abidənin ucaldılması bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Prezident İlham Əliyevin vurğuladığı kimi, sosial-iqtisadi inkişaf və enerji təhlükəsizliyi nə qədər mühüm olsa da, bütün görülən işlərin təməlində milli kimliyimiz, milli ruhumuz, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız və tariximiz dayanır. Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etməsi isə bu qədim diyarın tariximizdəki müstəsna yerini bir daha nümayiş etdirir.
Sosial infrastrukturun müasirləşdirilməsi də həyata keçirilən siyasətin ayrılmaz hissəsidir. DOST Mərkəzinin fəaliyyətə başlaması, “ASAN xidmət” infrastrukturu, uşaq bağçalarının tikintisi və təmiri, yeni elektrik avtobuslarının istifadəyə verilməsi, 217 müasir rayonlararası avtobusun alınmasının nəzərdə tutulması əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bununla yanaşı, 26 yaşayış məntəqəsini əhatə edən təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri planlaşdırılır.
Naxçıvanın zəngin turizm imkanlarının iqtisadi potensiala çevrilməsi də qarşıdakı dövrün prioritetlərindəndir. Tarixi abidələri, təbiəti, təmiz havası və mənzərəli məkanları muxtar respublikanın turizm imkanlarını artırır. Bu sahədə müasir infrastrukturun genişləndirilməsi məqsədilə Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması da turizm sektorunun inkişafına xidmət edən addımlardandır.
Prezident İlham Əliyevin müəyyən etdiyi yanaşmanın mühüm cəhətlərindən biri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası çərçivəsində inkişaf etdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası elan olunması kimi, Naxçıvan da böyük yaşıl enerji potensialına malikdir. Muxtar respublikada ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması ilə bağlı verilən göstəriş bu sistemin daha da müasirləşdirilməsinə xidmət edir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda səmərəliliyini göstərmiş Prezidentin xüsusi nümayəndəliyi idarəetmə modelinin Naxçıvanda tətbiqi üç bölgənin inkişafında vahid və müasir idarəetmə yanaşmasının formalaşdırılmasına imkan verir.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana səfəri və səsləndirdiyi fikirlər muxtar respublikanın qarşısında tamamilə yeni inkişaf perspektivlərinin açıldığını göstərir. Güclü müdafiə sistemi, dayanıqlı və ixracyönümlü enerji infrastrukturu, sənayeləşmə, müasir nəqliyyat şəbəkəsi, sosial rifahın yüksəldilməsi, tarixi-mədəni irsin qorunması və yeni idarəetmə modeli Naxçıvanın gələcək inkişafının əsas sütunlarını təşkil edir. Zəngəzur dəhlizinin reallaşması isə Naxçıvanın strateji mövqeyinə yeni məzmun qazandıraraq onu Azərbaycanı regional və beynəlxalq nəqliyyat, enerji və iqtisadi əməkdaşlıq şəbəkələri ilə birləşdirən mühüm mərkəzlərdən birinə çevirmək potensialına malikdir.
Prezident İlham Əliyevin ifadə etdiyi strateji baxış göstərir ki, qarşıya qoyulan məqsəd yalnız ayrı-ayrı layihələrin həyata keçirilməsi deyil. Əsas hədəf Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla birlikdə Azərbaycanın müasir, təhlükəsiz, yaşıl və dinamik inkişaf edən vahid məkanının mühüm tərkib hissəsinə çevirməkdir. Dövlət başçısının qeyd etdiyi kimi, bunun üçün həm güclü iradə, həm də maliyyə resursları mövcuddur və həyata keçirilən sistemli siyasət Naxçıvanın sürətli və hərtərəfli inkişafının davam edəcəyinə möhkəm zəmin yaradır.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini