PDF Oxu

Siyasət

  • 1 485

Naxçıvanın yeni əsri - ANALİZ

image

Qorunan dövlətçilikdən qurulan gələcəyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri, burada baş tutan görüşlər, keçirilən tədbirlər, dövlət başçısının çıxışları, bu və ya digər məsələlərə yanaşması, verdiyi tövsiyyələr, qarşıda duran vəzifələrdən irəli gələn tapşırıqlar günümüzün əsas mövzusudur. Hadisələrə Naxçıvanın muxtariyyət statusunun mahiyyəti, blokada şəraitində dövlətçilik iradəsinin qorunması, Heydər Əliyevin 1990–1993-cü illərdəki siyasi xətti və İlham Əliyevin dövründə həmin xəttin yeni geosiyasi, iqtisadi və institusional mərhələyə keçməsi kontekstində yanaşmaq daha doğru olar.
Heydər Əliyev siyasi xəttinin iki mərhələsi və yeni inkişaf strategiyası
Naxçıvanın müasir tarixini yalnız bir muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri ilə izah etmək mümkün deyil. Bu diyarın taleyi Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb mərhələləri ilə sıx bağlıdır. Naxçıvanın muxtariyyəti onun coğrafi mövqeyinin, tarixi-siyasi reallıqların və Azərbaycan dövlətçiliyinin qorunması zərurətinin nəticəsi kimi formalaşıb. Bu baxımdan Naxçıvanın dünənini və bu gününü anlamaq üçün iki əsas mərhələni bir-birindən ayırmaq lazımdır: 1990–1993-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında blokada şəraitində dövlətçilik və yaşamaq mübarizəsi, 2003-cü ildən etibarən İlham Əliyevin rəhbərliyi ilə inkişafın, modernləşmənin və Naxçıvanın regional bağlantılarının yenidən qurulması mərhələsi.Bu iki mərhələnin ortaq cəhəti isə dövlətçilik xəttinin davamlılığıdır. Birinci mərhələdə əsas məsələ Naxçıvanı qorumaq, yaşatmaq və Azərbaycanın ayrılmaz hissəsi kimi gələcəyə çıxarmaq idisə, ikinci mərhələdə məqsəd artıq qorunmuş Naxçıvanı yeni iqtisadi, nəqliyyat və geosiyasi imkanlar üzərində inkişaf etdirməkdir.
Muxtariyyət statusunun arxasında duran siyasi məntiqNaxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. 2026-cı ildə Naxçıvanın Konstitusiyasına edilmiş dəyişikliklər də məhz bu prinsipdən çıxış edir. Yeni redaksiyada Naxçıvanın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsbit edilir və onun Konstitusiyasının əsasını Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında sənədləri və 1995-ci il Konstitusiyası təşkil edir. Eyni zamanda, Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ayrıca icra institutu kimi konstitusion müstəviyə gətirilir.Bu dəyişikliklərə yalnız inzibati-idarəetmə islahatı kimi yanaşmaq kifayət deyil. Burada daha geniş bir məntiq var: muxtariyyət saxlanılır, lakin idarəetmənin Azərbaycan dövlətinin vahid idarəetmə sisteminə inteqrasiyası gücləndirilir. Başqa sözlə, Naxçıvanın muxtar statusu onun Azərbaycandan ayrı siyasi subyekt olması demək deyil. Əksinə, muxtariyyət Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində xüsusi idarəetmə modelidir. 2026-cı ildə həyata keçirilən konstitusion dəyişikliklər də bu münasibətin hüquqi-institusional çərçivəsini yeniləyir.Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki Naxçıvanın tarixində coğrafi təcrid dəfələrlə siyasi və iqtisadi risk yaradıb. Deməli, muxtariyyətin əsas məqsədlərindən biri yalnız statusu qorumaq deyil, həm də bu xüsusi coğrafi vəziyyətdə Azərbaycan dövlətçiliyinin davamlılığını təmin etməkdir.
1990–1993: Naxçıvanın yaşamaq mübarizəsi
1990-cı illərin əvvəllərində Naxçıvan tamamilə fərqli reallıqla üz-üzə idi. Ermənistanla sərhəddə hərbi təhlükə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsilməsi, dəmir yolu və avtomobil bağlantılarının dayanması, enerji və ərzaq problemləri muxtar respublikanı faktiki olaraq ağır blokada şəraitinə salmışdı.Elə həmin dövrdə Heydər Əliyevin Naxçıvana qayıdışı adi siyasi hadisə deyildi. 1990-cı ilin iyulunda Naxçıvana gələn Heydər Əliyev burada yalnız siyasi fəaliyyət göstərmədi, faktiki olaraq böhran içində olan bir regionun siyasi və sosial müqavimət mərkəzinin formalaşmasına rəhbərlik etdi. 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi ilə bu fəaliyyət institusional xarakter aldı.Həmin illərin ən mühüm xüsusiyyətlərindən biri Naxçıvanın milli dövlətçilik ideyasının siyasi laboratoriyasına çevrilməsi idi. Naxçıvanda sovet siyasi sisteminin qalıqlarından uzaqlaşmağa yönəlmiş qərarlar qəbul edilir, milli dövlətçilik atributları önə çıxarılırdı. SSRİ-nin saxlanılması ilə bağlı 1991-ci il referendumunda Naxçıvanın iştirak etməməsi də bu siyasi kursun göstəricilərindən biri idi. Bu baxımdan Heydər Əliyevin Naxçıvan dövrünü yalnız “blokadada rəhbərlik” kimi xarakterizə etmək düzgün olmaz. Daha geniş mənada bu dövr müstəqil Azərbaycan dövlətçiliyinin siyasi ideyalarının sınaqdan keçirildiyi mərhələ idi.
“Ümid körpüsü”: blokadaya qarşı ilk strateji cavab
Heydər Əliyevin Naxçıvan siyasətinin ən mühüm xüsusiyyətlərindən biri onun problemi yalnız daxili resurslarla həll etməyə çalışmaması idi. O, Naxçıvanın coğrafi təcridini regional əməkdaşlıq imkanları ilə kompensasiya etməyə çalışırdı. 1992-ci ildə Türkiyə ilə əlaqələrin inkişaf etdirilməsi bu siyasətin ən mühüm istiqamətlərindən birinə çevrildi. Türkiyənin maliyyə, iqtisadi və texniki dəstəyi, tələbələrin Türkiyədə təhsil alması ilə bağlı razılaşmalar və nəhayət, Sədərək–Dilucu bağlantısının yaradılması Naxçıvanın blokada şəraitində nəfəs almasına imkan verdi.Araz üzərində “Ümid” körpüsünün açılması isə simvolik baxımdan daha böyük məna daşıyırdı. Körpünün təməli 1991-ci ilin oktyabrında qoyulmuş, 1992-ci il mayın 28-də istifadəyə verilmişdi. Bu körpünü yalnız nəqliyyat infrastrukturu kimi qiymətləndirmək yanlış olardı. O, Naxçıvan üçün blokada şəraitində alternativ həyat xətti idi.Bu məqam sonrakı illərdə Prezident İlham Əliyevin çıxışlarında da xüsusi vurğulanıb. 2024-cü ildə İğdır–Naxçıvan qaz kəmərinin açılışı zamanı Prezident qeyd etmişdi ki, həmin dövrdə Ümid körpüsünün tikilməsi Türkiyədən gələn yardımların Naxçıvanın qorunmasına mühüm töhfə verməsinə imkan yaratmışdı.
Deməli, 1990-cı illərin Naxçıvanında əsas strategiya belə idi: təcrid şəraitində mümkün qədər çox alternativ bağlantı yaratmaq. Bu prinsip bu gün də öz aktuallığını saxlayır.
Heydər Əliyevin siyasi irsinin Naxçıvan üçün ikinci mənası
1993-cü ildən sonra Heydər Əliyevin siyasi fəaliyyətinin miqyası Naxçıvandan Azərbaycanın bütöv dövlət idarəçiliyinə keçdi. Lakin Naxçıvan məsələsində onun qoyduğu əsas xətt dəyişmədi: Azərbaycan dövlətinin gücləndirilməsi, regionların inkişafı və Naxçıvanın ölkənin iqtisadi-siyasi sistemində möhkəmləndirilməsi. Bu siyasətin növbəti mərhələsi 2000-ci illərdə özünü göstərməyə başladı.Naxçıvan artıq yalnız “blokadada yaşayan region” kimi deyil, müasir infrastrukturun qurulduğu, enerji təhlükəsizliyinin təmin olunduğu, sosial obyektlərin yeniləndiyi, təhsil və səhiyyə sistemlərinin inkişaf etdirildiyi muxtar respublika kimi formalaşmağa başladı.
İlham Əliyev dövrü: yaşatmaqdan inkişaf etdirməyə
İlham Əliyevin prezidentliyi dövründə Naxçıvana münasibətdə fundamental dəyişiklik baş verdi. Əgər Heydər Əliyevin Naxçıvan dövrünün əsas sualı “bu diyarı necə qoruyaq?” idisə, İlham Əliyev mərhələsində sual “bu diyarı necə daha sürətlə inkişaf etdirək?” məzmunu aldı. 2004-cü ildən etibarən Prezidentin Naxçıvana mütəmadi səfərləri, müxtəlif sahələr üzrə obyektlərin açılışında iştirakı bu siyasətin praktiki göstəricisinə çevrildi. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Xəstəxanasının açılışı zamanı təqdim olunan məlumatlarda 2004-cü ildən sonrakı dövrdə Prezidentin Naxçıvanda elm, təhsil, səhiyyə, idman, sosial təminat, energetika, meliorasiya, yol tikintisi, sahibkarlıq və hərbi quruculuq sahələrində çoxsaylı obyektlərin açılışında iştirak etdiyi qeyd edilirdi.2004-cü ildə Naxçıvan Beynəlxalq Hava Limanının açılması isə bu inkişaf fəlsəfəsinin simvolik nümunələrindən biri idi. Maraqlıdır ki, hava limanının modernləşdirilməsi ideyası hələ Heydər Əliyevin 2002-ci ildə Naxçıvana səfəri zamanı səsləndirilmişdi. Ulu Öndər Naxçıvanın coğrafi mövqeyini nəzərə alaraq hava limanının yalnız Bakı ilə əlaqə deyil, beynəlxalq istiqamətlər üçün də əhəmiyyət daşımasını nəzərdə tuturdu.
Beləliklə, Heydər Əliyevin ideyası ilə İlham Əliyevin icra siyasəti arasında institusional davamlılıq görünür.
Enerji təhlükəsizliyi: blokadadan dayanıqlılığa
Naxçıvanın inkişafında enerji məsələsi ayrıca əhəmiyyət daşıyır. Blokada illərində elektrik enerjisinin fasiləli verilməsi və enerji çatışmazlığı muxtar respublikanın sənaye və sosial həyatına birbaşa təsir göstərirdi. Sonrakı mərhələdə qazlaşdırma, yeni elektrik stansiyalarının yaradılması, su elektrik və günəş enerjisi imkanlarından istifadə Naxçıvanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəldi. 2005-ci ildə Naxçıvana təbii qaz xəttinin çəkilməsi, yeni enerji generasiya imkanlarının yaradılması və alternativ enerjiyə diqqətin artırılması bu prosesin əsas elementlərindən idi.Bu siyasət artıq yeni mərhələyə keçib. 2025-ci ildə Prezident Naxçıvanın paylayıcı elektrik şəbəkəsinin 2026–2030-cu illərdə yenidən qurulmasını nəzərdə tutan tədbirlər planını təsdiqlədi. Məqsəd enerji təchizatının daha etibarlı, təhlükəsiz və səmərəli qurulmasıdır. Yəni enerji sahəsində də mərhələ dəyişib: çatışmazlığı aradan qaldırmaqdan müasir enerji sisteminin qurulmasına keçid baş verib.
İqtisadiyyatın yeni modeli: Naxçıvanın sənaye perspektivi
11 avqust 2026-cı il səfərinin ən diqqətçəkən məqamlarından biri Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimi oldu. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər. Parkın 310 hektar ərazini əhatə etməsi, burada elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal və sosial infrastrukturun yaradılmasının nəzərdə tutulması layihənin sadəcə ayrı-ayrı zavodların yerləşəcəyi ərazi deyil, yeni sənaye-ekosistem kimi nəzərdə tutulduğunu göstərir. Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki Naxçıvanın gələcək iqtisadi modeli yalnız dövlət investisiyaları hesabına qurulan sosial infrastruktura söykənə bilməz. Davamlı inkişaf üçün istehsal, sahibkarlıq, ixrac və özəl investisiya lazımdır. Sənaye Parkı məhz bu baxımdan yeni mərhələnin göstəricisidir.Burada məqsəd Naxçıvanı yalnız istehlak bazarı kimi saxlamaq deyil, onu istehsal və ixrac məkanına çevirməkdir. Bu, 1990-cı illərin blokada iqtisadiyyatından tamamilə fərqli modeldir.Naxçıvanın coğrafi mövqeyi uzun illər onun əsas problemi kimi görünürdü. Azərbaycanla quru bağlantının olmaması Naxçıvanın iqtisadi imkanlarını məhdudlaşdırırdı. İndi isə eyni coğrafiya başqa cür qiymətləndirilə bilər. Naxçıvan Türkiyə ilə birbaşa sərhədə malikdir. İranla sərhədi var. Azərbaycanın əsas hissəsi ilə gələcəkdə Zəngəzur istiqamətində bağlantı perspektivi formalaşır. Bu üç istiqamət birləşdikdə Naxçıvanın coğrafi mövqeyi artıq “kənarda qalan ərazi” yox, regional bağlantı qovşağı xarakteri ala bilər.Prezident İlham Əliyevin 2026-cı ilin əvvəlində verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu baxımdan strateji əhəmiyyət daşıyır. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gələcək bağlantının həm daxili əlaqə, həm də beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olacağını vurğulayıb. Zəngəzur bağlantısının tam reallaşmasından sonra Naxçıvanın Türkiyə–Avropa istiqamətinə, digər tərəfdən isə İran və Fars körfəzi istiqamətinə çıxış imkanlarının genişlənəcəyini qeyd edib. Bu, Naxçıvanın iqtisadi gələcəyi baxımından ən ciddi dəyişikliklərdən biridir.
Zəngəzur bağlantısı
Naxçıvanın tarixində qəribə bir paradoks var. Bir vaxtlar coğrafi parçalanma onun üçün blokada yaratmışdı. İndi isə həmin coğrafi mövqe regional nəqliyyat sisteminin üstünlüyünə çevrilə bilər. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir və avtomobil bağlantısının bərpası yalnız Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqəsini yaxşılaşdırmayacaq. Bu bağlantı Naxçıvanı Orta Dəhliz, Türkiyə və daha geniş Avrasiya logistika sisteminə bağlaya bilər.
Prezident İlham Əliyevin açıqlamalarına görə, Azərbaycan ərazisində Naxçıvana qədər olan infrastrukturun böyük hissəsi artıq mövcuddur və yeni dəmir yolu seqmentləri üzrə işlər aparılır. Prezident bu marşrutun gələcəkdə 15 milyon tona qədər yükötürmə qabiliyyətinə malik ola biləcəyini də bildirib.
Digər tərəfdən, İran istiqamətində Araz üzərində yeni bağlantının yaradılması da Naxçıvanın alternativ çıxışlarını artırır. Beləliklə, Naxçıvan üçün gələcəkdə yalnız bir bağlantı deyil, bir neçə alternativ nəqliyyat xətti formalaşa bilər. Bu, blokada psixologiyasının aradan qalxması baxımından da mühüm dəyişiklikdir.
Səfərin əsas mesajı: yeni Naxçıvan modeli
Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri məhz bu kontekstdə oxunmalıdır. Səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması təsadüfi layihə seçimi deyil. Bu addımın siyasi-iqtisadi mesajı aydındır: Naxçıvanın gələcəyi yalnız dövlət dotasiyaları və sosial xərclərlə deyil, istehsal, investisiya, sənaye və regional bağlantılarla qurulmalıdır. 310 hektarlıq sənaye parkının yaradılması Naxçıvana yeni iqtisadi miqyas gətirə bilər. Park üçün ilkin mərhələdə daxili və xarici infrastrukturun qurulması, sahibkarların cəlb edilməsi və istehsal müəssisələrinin yerləşdirilməsi nəzərdə tutulur. Bu isə Naxçıvanda özəl sektorun iqtisadi çəkisinin artırılması baxımından əhəmiyyətlidir.Burada daha geniş strategiya görünür, yəni infrastruktur - investisiya - istehsal - ixrac - yeni iş yerləri - əhali və kapitalın bölgədə qalması. Bu zəncir qurularsa, Naxçıvanın inkişafı daha dayanıqlı xarakter alacaq.
Dəyişikliklər və idarəetmənin yeni mərhələsi
11 avqust səfərini 2026-cı ildə baş verən institusional dəyişikliklərdən ayrı təsəvvür etmək də mümkün deyil. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklərlə Prezidentin səlahiyyətli nümayəndəliyinin hüquqi statusu müəyyənləşdirilib. Bu institut birbaşa Azərbaycan Prezidentinə tabe olan icra mexanizmi kimi təsbit edilir.Bu modelin iqtisadi inkişaf baxımından əhəmiyyəti ondan ibarətdir ki, regional inkişaf proqramlarının, investisiya layihələrinin, infrastruktur siyasətinin və dövlət idarəçiliyinin koordinasiyası daha vahid şəkildə həyata keçirilə bilər. Naxçıvanın qarşıdakı mərhələdə ehtiyacı yalnız böyük vəsait deyil. Əsas məsələ həmin vəsaitin daha səmərəli idarə olunması, investisiyaya çevrilməsi və iqtisadi nəticə yaratmasıdır.Naxçıvanın inkişafı artıq ayrı-ayrı layihələrin məcmusu kimi deyil, proqramlaşdırılmış siyasət kimi həyata keçirilir. 2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı bunun əsas nümunəsidir. Proqramda nəqliyyat, kommunal infrastruktur, kənd təsərrüfatı, sahibkarlıq və digər istiqamətlər üzrə tədbirlər nəzərdə tutulub və sonrakı illərdə həmin tədbirlər planına dəyişikliklər edilib.Bu yanaşma da Heydər Əliyev dövründəki siyasi fəlsəfənin müasir davamı kimi qiymətləndirilə bilər: dövlət əvvəlcə strateji istiqaməti müəyyənləşdirir, sonra həmin istiqamət üzrə resursları səfərbər edir.
Naxçıvanın gələcəyi və…
Bütün bu proseslər ümumiləşdirildikdə Naxçıvanın gələcək inkişaf modelini üç əsas sütun üzərində təsəvvür etmək olar. Birinci sütun — dövlətçilik və təhlükəsizlik. Naxçıvanın Azərbaycan dövlətinin ayrılmaz hissəsi kimi möhkəm hüquqi və institusional statusu onun inkişafının əsas şərtidir. 1990–1993-cü illərdə bu məsələ hərbi-siyasi müstəvidə həll edilirdi. Bu gün isə daha çox hüquqi, institusional və iqtisadi inteqrasiya müstəvisində həll olunur. İkinci sütun — nəqliyyat və logistika. Zəngəzur bağlantısı, İran istiqamətində Araz bağlantısı, Türkiyə ilə mövcud əlaqələr və hava nəqliyyatı Naxçıvanın gələcəkdə çoxşaxəli nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaradır. Əgər bu layihələr tam reallaşarsa, Naxçıvanın coğrafi təcridi onun iqtisadi üstünlüyünə çevrilə bilər. Üçüncü sütun — istehsal və insan kapitalı. Naxçıvanın gələcəyi yalnız yolların və binaların tikilməsindən asılı deyil. Sənaye parkları, kənd təsərrüfatının modernləşdirilməsi, turizm, xidmət sektoru, rəqəmsal iqtisadiyyat, peşə təhsili və ali təhsil inkişafın əsas istiqamətləri olmalıdır. Sənaye Parkının yaradılması məhz bu üçüncü sütunun formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Heydər Əliyevdən İlham Əliyevə
Bu iki siyasi mərhələni müqayisə etdikdə fərqli tarixi şərait görürük. Heydər Əliyevin Naxçıvan siyasəti qoruma və yaşatma siyasəti idi. İlham Əliyevin Naxçıvan siyasəti isə inkişaf və inteqrasiya siyasətidir. Birinci mərhələdə əsas məqsəd Naxçıvanın işğal olunmasına, siyasi və iqtisadi çöküşə məruz qalmasına imkan verməmək idi. İkinci mərhələdə məqsəd Naxçıvanı müasir Azərbaycan iqtisadiyyatının, türk dünyasının və Avrasiya nəqliyyat sisteminin daha fəal iştirakçısına çevirməkdir. Bu baxımdan 11 avqust 2026-cı il səfərinin rəmzi mənası da böyükdür.Bir vaxtlar Heydər Əliyevin Naxçıvanda əsas qayəsi blokadanın yaratdığı həyati təhlükəni aradan qaldırmaq, Türkiyə ilə “Ümid körpüsü”nü qurmaq və muxtar respublikanı yaşatmaq idi. Bu gün İlham Əliyevin Naxçıvanda sənaye parkının təməlini qoyması tamam başqa mənzərə yaradır: artıq söhbət blokadadan çıxmaq üçün körpü tikməkdən yox, həmin körpülərin gətirəcəyi iqtisadi imkanlardan istifadə etmək üçün sənaye infrastrukturu yaratmaqdan gedir. Bu, iki dövr arasındakı ən böyük fərqdir.
Naxçıvanın yeni tarixi mərhələsi
Naxçıvanın tarixində son 35 ildən artıq dövr bir xətt üzrə oxuna bilər. 1990-cı illərin əvvəllərində Naxçıvanın qarşısında “yaşamaq və qorunmaq” məsələsi dayanırdı. Heydər Əliyevin rəhbərliyi altında bu sınaqdan çıxıldı. Sonrakı mərhələdə enerji, yol, hava nəqliyyatı, səhiyyə, təhsil, sosial infrastruktur və hərbi quruculuq istiqamətlərində genişmiqyaslı layihələr həyata keçirildi.Bu gün isə Naxçıvan üçün yeni mərhələ başlayır: regional bağlantı, sənayeləşmə, investisiya, logistika və beynəlxalq iqtisadi inteqrasiya. Prezident İlham Əliyevin Naxçıvanla bağlı son çıxışlarında vurğuladığı kimi, əsas hissə ilə Naxçıvan arasında yeni nəqliyyat bağlantılarının yaradılması yalnız muxtar respublikanın daxili probleminin həlli deyil. Bu, daha böyük regional nəqliyyat sisteminin formalaşması məsələsidir.Ona görə də Naxçıvanın gələcəyinə yalnız “blokadadan çıxmış muxtar respublika” kimi baxmaq artıq kifayət deyil. Naxçıvan qarşıdakı illərdə Azərbaycanın qərb qapısı, Türkiyə ilə əlaqələrin mühüm platforması, İran istiqamətində alternativ bağlantı məntəqəsi, Orta Dəhlizin potensial seqmenti və yeni sənaye-investisiya məkanı kimi çıxış edə bilər.Bu baxımdan Heydər Əliyevin Naxçıvanda qoyduğu siyasi irsin ən mühüm nəticəsi yalnız həmin illərdə muxtar respublikanın qorunması deyil. Əsas nəticə ondan ibarətdir ki, Naxçıvanın dövlətçilik dayaqları möhkəmləndirildi və gələcək inkişaf üçün siyasi baza yaradıldı. İlham Əliyevin qarşısında duran tarixi vəzifə isə həmin bazanı yeni dövrün reallıqlarına uyğun iqtisadi və geosiyasi üstünlüyə çevirməkdir.
Vəli VƏLİLİ

Digər xəbərlər