PDF Oxu

Siyasət

  • 1 224

Zəngəzur dəhlizinin reallaşmasında Naxçıvan amili

image

Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə Zəngəzur dəhlizi məsələsinə əvvəlki çıxışlardan fərqli olaraq, yalnız nəqliyyat layihəsi kimi deyil, eyni zamanda Naxçıvanın təhlükəsizliyi, iqtisadi inkişafı, enerji ixracı və Azərbaycanın regional logistika strategiyasını birləşdirən çoxkomponentli layihə kimi yanaşmanı ortaya qoyur.

Cənab Prezidentin ifadəsində diqqət çəkən məqam budur ki, dəhlizin siyasi motivasiyası birbaşa Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin bərpası ilə izah edilir. O, Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycanın təşəbbüsü olduğunu və əsas məqsədlərdən birinin Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək olduğunu vurğulayır.
Bu, mühüm siyasi çərçivədir. Yəni Bakı üçün Zəngəzur dəhlizi əvvəlcə geosiyasi tranzit layihəsi yox, Azərbaycanın ərazi hissələri arasında kommunikasiya bağlantısının bərpası, daha sonra isə beynəlxalq nəqliyyat dəhlizinə çevrilmə layihəsidir. Bu baxımdan Naxçıvan “dəhlizin üzərində yerləşən region” deyil, Prezidentin təqdim etdiyi konsepsiyada dəhlizin strateji mərkəzi kimi çıxış edir.
Müsahibənin ən mühüm strateji yeniliklərindən biri də Zəngəzur dəhlizinin multimodal kommunikasiya dəhlizi kimi təqdim edilməsidir. Cənab Prezident qeyd etmişdir ki, ilkin ideyada əsasən nəqliyyat seqmenti nəzərdə tutulsa da, indi layihəyə daha geniş baxılır. Bu, “dəhliz” anlayışının klassik nəqliyyat mənasından daha geniş kommunikasiya və enerji platforması mənasına keçdiyini göstərir.
Ölkə rəhbəri bildirib ki, ilkin mövcud dəmir yolu sisteminin 1,5 milyon ton yükaşırma qabiliyyəti olduğu, lakin strateji hədəfin ən azı 15 milyon ton yük daşımaq olduğu bildirilir. Burada siyasi bəyanatdan infrastruktur strategiyasına keçid açıq görünür. Əvvəlki illərdə əsas sual “dəhliz açılacaqmı?” idisə, indi diqqət “necə, hansı tutumla və hansı iqtisadi model əsasında işləyəcək?” sualına yönəlir.
Ən diqqətçəkən tezislərdən biri Zəngəzur dəhlizinin təkcə Şərq–Qərb marşrutunun bir hissəsi olmayacağı, həm də Şimal–Cənub nəqliyyat dəhlizi ilə də əlaqələnə biləcəyi barədədir. Zəngəzur istiqamətindən Naxçıvana, oradan isə Culfa vasitəsilə İrana çıxış Azərbaycanın İranla ikinci dəmir yolu bağlantısını formalaşdıra bilər. Dövlətimizin başçısı bunu Fars körfəzi istiqamətinə, daha sonra isə Pakistan kimi bazarlara çıxış potensialı ilə əlaqələndirir.
Beləliklə, Azərbaycanın əsas hissəsi - Zəngəzur - Naxçıvan - İran - Fars körfəzi və paralel olaraq Mərkəzi Asiya/Çin - Azərbaycan - Zəngəzur - Naxçıvan - Türkiyə/Avropa xətlərinin formalaşması nəticəsində Naxçıvanın coğrafi mövqeyi əhəmiyyətli dərəcədə dəyişir. Bu iki istiqamətin kəsişməsi Naxçıvanı sadəcə çıxılmaz coğrafi anklav mövqeyindən regional logistika qovşağına çevirmək potensialı yaradır. Prezident də Naxçıvanın gələcəkdə “əvəzolunmaz nəqliyyat mərkəzlərindən biri” ola biləcəyini qeyd edib. Bu kontekstdə Naxçıvan artıq yalnız enerji təminatına ehtiyacı olan region kimi deyil, enerji ixrac edə biləcək region kimi nəzərdən keçirilir.
Bu yanaşmanın digər siyasi məntiqi belədir: dəhliz yalnız Azərbaycanın qazancı kimi təqdim edilməməli, region ölkələrinin də iqtisadi və enerji maraqlarına cavab verməlidir. Bu, əvvəlki “dəhlizin açılması Azərbaycanın haqqıdır” tezisindən daha geniş regional inteqrasiya narratividir.
Müsahibədə 2025-ci il 8 avqust Vaşinqton sammiti Zəngəzur məsələsində dönüş nöqtəsi kimi təqdim edilir və TRIPP layihəsinin icrasına başlanıldığını bildirilir. Cənab İlham Əliyev avqustun 8-də Prezident Donald Trampla söhbətində də layihənin sürətlə həyata keçirilməsi məsələsinin müzakirə olunduğunu demişdir. Burada diqqətçəkən məqam odur ki, Zəngəzur məsələsi artıq yalnız Bakı–İrəvan münasibətlərinin elementi kimi deyil, ABŞ-ın iştirak etdiyi daha geniş regional nəqliyyat-geosiyasi layihə kimi təqdim edilir. Bu isə öz nvbəsində Naxçıvanın əhəmiyyətini artırır.
Müsahibənin ümumi kontekstində Naxçıvanın təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inkişafının paralel şəkildə təqdim edilməsi heç də təsadüfi görünmür. Prezident əvvəlcə Naxçıvanın hərbi təhlükəsizliyinin gücləndirilməsini, sonra enerji təhlükəsizliyini, daha sonra isə nəqliyyat və iqtisadi inteqrasiyanı vurğulayır.
Beləliklə, 11 avqust müsahibəsinin ən mühüm siyasi nəticələrindən biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi Prezidentin təqdim etdiyi strategiyada Naxçıvanın yeni regional rolunun formalaşdırılması üçün əsas vasitələrdən biridir.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər